Qərbdə yeni “dözümlü müsəlman” projesi

Qərbdə yeni “dözümlü müsəlman” projesi Son illərdə Avropada “liberal”, “mavilər” üçün məscidlərin yaradılması arxasında yatan səbəblər

Kanadanın baş nazirinin homoseksualların yürüşündə geydiyi corab qalmaqala səbəb olub. “Faktxəbər” saytının məlumatına görə, Castin Tryudonun homoseksualların yürüşündə iştirak zamanı geyindiyi corabda “Eid Mubarek” (Ramazan bayramınız mübarək olsun) sözləri yazılıb.



Geyindiyi corablarla daima KİV-lərin diqqətini çəkən Castin Tryudo bu dəfə homoseksualların azğın yürüşündə ictimaiyyətə belə bir mesaj verib. “The İndependent” qəzetinin yaydığı şəkildə corabın üzərində LGBT simvolu olan rənglərlə birgə aypara və ulduz rəmzi, o cümlədən ərəb dilində “Eid Mubarek” sözləri yazıldığı görünür.


Aydın məsələdir ki, daima fərqli dini, etnik və digər qruplara jestləri ilə dünyanın diqqətində olan Kanada baş nazirinin bu addımı təsadüf və ya yanlışlıq deyil. Baş nazir hansısa mesajı vermək istəyir. Amma bu mesaj nədən ibarətdir?


Yeri gəlmişkən, oxşar bir tendensiya bu ayın əvvəli Almaniyanın paytaxtında “liberal müsəlmanlar üçün məscid” açılıb. “İbn Rüşd-Höte” adı verilən məscidin digər məscidlərdən fərqi Seyran Ateş adlı qadının imam (!?) olduğu məsciddə qadın və kişilərin birgə namaz qılmasıdır. Məlumdur ki, bu, hazırda bütün İslam cərəyanları tərəfindən qadağan olunan bir haldır. Çünki şəriətə əsasən qadınlar imam-camaat ola bilməz, kişilərlə bir yerdə namaz qılmaları yasaqdır. Üstəlik, yeni Berlin məscidində qadınların baş örtüyü tələbi də yoxdur, başıaçıq namaz qılmaq olar.


Yeri gəlmişkən, 5 il əvvəl də Parisdə “cinsi azlıqlar üçün məscid” açılmışdı. ABŞ, Kanada və daha bir neçə ölkədə də bu cür “məscidlər” açılıb. Göründüyü kimi, bu fəaliyyətlərin bir ortaq tərəfi var: Müsəlmanlar üçün tabu olan, kəskin yasaq hesab olunan işlər leqallaşdırılır. Dünyanın bir tərəfində qatı şəriətçilər cinsi azlıqları hündür yerdən aşağı atır, bir başqa yerində isə onlar üçün məscid tikilir, üstəlik, baş nazir LGBT ilə İslamı corabında “bir araya gətirir”.


Həm bu hadisə, həm Berlindəki məscid müsəlmanların bu günə qədər formalaşmış tabularını yıxmağa hesablanıb. Əcəba, burda məqsəd nədir? İlk növbədə Avropada son illərdə artan müsəlman əhalinin sayına baxmaq lazımdır. Xüsusən sonda Yaxın Şərqdə son illərdə baş verən olaylardan sonra Avropaya yüz minlərlə müsəlman mühacirət edib. 2015-ci ildə Almaniya Federal Köçkün və Qaçqınlar İdarəsinin açıqlamasına görə, bu ölkəyə 1 milyon 87 min nəfərdən çox insan mühacirət edib. Oxşar vəziyyət say fərqi ilə digər Avropa ölkələrində də var. Qaçqın axınından öncə Avropada müsəlman əhalinin sayı ümumi əhalinin 6 faizi qədər idi. İndi isə daha da artıb. Maraqlıdır ki, bu layihələr də məhz qaçqın axınından sonranın “məhsuludur”. Qaçqınlar arasında dinini dəyişərək xristianlığı qəbul edənlərin sayının artması, ardınca bu cür “rəngli” fəaliyyətlər Qərbdə yeni müsəlman “projelərindən” xəbər verir.


Görünən odur ki, Avropa artan müsəlman qaçqınların sayı, eləcə də dini radikalizmin Avropaya daşınmasının qarşısını almaq üçün yollar axtarışındadır. Bunun bir variantı da məhz “yumşaq İslam” formalaşdırmaqdır. Müsəlmanların cinsi azlıq mövzularında daha loyal baxışını təmin etmək, ibadətdə qadın-kişi fərqliliyi kimi məsələləri aradan qaldırmağa yönəlmiş projelərin son hədəfi məhz budur. Məsələ ondadır ki, Qərbdə İslamın içərisində daha yumşaq, İslamda oturuşmuş fikirləri inkar edən cərəyan yaradılması ötən əsrin ortalarında meydana çıxıb. Hətta Vatikanın da qarışdığı bu layihəyə bir müddət “mülayim İslam” layihəsi adı verilib.


İndi isə məhz bu cür “dözümlü müsəlmanlar” nümunələri yaradılmağa çalışılır. Bu layihənin nə qədər uğurlu olub-olmayacağını indidən demək çətindir. Ancaq hazırda başı daha çox “daxili məsələlərə” qarışmış müsəlman aləmindən etirazlar olacağı, hətta tərs effekt verməsi, əksinə, müsəlmanlar arasında radikalizmi daha da körükləməsi mümkündür.


Kənan RÖVŞƏNOĞLU
Tarix: 30-06-2017, 08:28
Xəbəri paylaş





Xəbər lenti