Ukrayna və Suriya məsələsində pərdəarxası razılaşma: - ABŞ və Rusiyanın maraqları hansı nöqtədə kəsişir?

Ukrayna və Suriya məsələsində pərdəarxası razılaşma: - ABŞ və Rusiyanın maraqları hansı nöqtədə kəsişir? Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında ikitərəfli görüş olub.
Avropa.info xəbər verir ki, danışıqlar 2 saat 15 dəqiqə davam edib. Bu, iki dövlət başçısı arasında keçirilən ilk görüş olub. Mətbuata qapalı şəraitdə keçirilən görüşdə ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edib. Görüşdən sonra jurnalistlərə açılama verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya və ABŞ iyulun 9-u, Dəməşq vaxtı ilə saat 12:00-dan etibarən Suriyanın cənubunda atəşkəs rejiminə dair razılığa gəliblər. Deraa və əl-Kuneytra zonalarında yerli vaxtla saat 12:00-dan etibarən atəşkəs rejimi tətbiq ediləcək. ABŞ orada olan qruplaşmalar tərəfindən atəşkəs rejiminə əməl edilməsinin öhdəliyini öz üzərinə götürüb”, deyə S.Lavrov bildirib.
Adıçəkilən razılaşmaya baxmayaraq, görüş gözlənilən nəticəni verməyib. Vaşinqton siyasi istiblişmentinin əksəriyyətinin hələ ki, Rusiayaya qarşı təzyiqlərin davam etdirilməsi, Moskva ilə yalnız Reyqan dövründə olduğu kimi güc mövqeyindən danışmağın düzgün olacağı fikirini bölüşdüyü müşahidə olunur. Kremlin də Tramp administrasiyası ilə anlaşmaq səyləri nəzərdən qaçmır.
Amma güman edirəm ki, hələ Trampın vurğuladığı kimi, “böyük sövdələşmə” üçün zəmin yoxdur. Əksinə, Konqres Rusiyaya qarşı sanksiyaların sərtləşməsinə səy göstərir. Rusiya isə İranla birgə Qətərə dəstək verir. Bununla belə Rusiya və ABŞ-ın terrorizmə qarşı mübarizə ilə bağlı bu və ya digər formada razılıq əldə edəcəyini, Ukrayna və Suriya ilə bağlı müəyyən ortaq qənaətlərə gələcəyi istisna olunmur.
Unutmaq lazım deyil ki, son 9 ildə Rusiya – ABŞ münasibətləri demək olar ki, kəskin rəqabət və böhran xarakterli olub. Tərəflər arasında çox böyük etimadsızlıq var. Bunların bir görüşlə aradan qalxacağını isə təbii ki, gözlətmək lazım deyil. Buna baxmayaraq, Rusiya ilə ABŞ arasında ciddi konfrontasiya da mövcud deyil. Rusiya və ABŞ-ın Suriyada açıq əməkdaşlığı var. Ukrayna, Suriya və müəyyən qədər də Türkiyə məsələsi Rusiyanın daxili stabilliyini təmin etmək baxımdan əhəmiyyətlidir. Rusiya uzun illərdir ki, dərin böhran yaşayır və bu, faktiki olaraq daxildə narahatlıq və qeyri-stabillik yarada bilərdi. Buna görə də xarici amillər işə salınıb ki, onlardan biri də Ukrayna məsələsidir. Ukrayna məsələsi də ikibaşlıdır.
Ukrayna məsələsi bir tərəfdən Rusiya daxili ictimai fikrini yayındırmaq məqsədi güdürsə, ikincisi, Ukraynanın Avropa Birliyinə doğru getməsini sürətləndirir. Kiyevə bir tərəfdən Rusiya təzyiq edir, digər tərəfdən də Qərb. Rusların təzyiqi səbəbindən Ukrayna Avropaya üz tutur, ikincisi, Qərb təzyiq edir ki, islahatlar aparmasan, ortada tək qalacaqsan. Hər iki təzyiq mexanizmi Ukraynanı sürətlə Qərbə doğru dartır. Bu mənada ziddiyyətlər olsa da, Ukrayna və Suriya məsələsində pərdəarxası razılaşma da mövcuddur. Əslində, ABŞ və başqa ölkələrin Türkiyəyə də dəstəyi mövcuddur. Sadəcə, Putin xarici faktorlardan istifadə edir. Nəzərə alın ki, daxili faktor yalnız bir istiqamətlidir – iqtisadiyyatın inkişafını və artımını təmin etmək. Bu da hələlik çətindir.
Görünən budur ki, böyük qüvvələr arasında razılaşma var, həmişə də olub. Hamburq görüşü bəlkə də yeni addımların, planların təsdiqi məsələsidir. Nəzərə almaq lazımdır ki, ABŞ Qətər Əmirliyinə müraciətində bildirdi ki, danışıqlar vasitəsilə problemin həlli yollarını tapmaq lazımdır. Bu o deməkdir ki, orada hansısa qərarlar, razılaşma və kompromislər var.
Əks halda, Vaşinqton Qətərə belə müraciət etməzdi. ABŞ Avropa ölkələrinə təhlükəsizlik məsələlərinə vəsait ayırmağı təklif edir. Bəzi ölkələr də hesab edir ki, bu vəsaitin ayrılması onlara sərf etmir və buna ehtiyac da yoxdur. Bunun ardınca Ukrayna böhranı yaranır, rus qırıcıları Qara dəniz üzərində təhlükəli uçuşlar həyata keçirir. Sanki bəlli olur ki, ciddi təhlükə var. Dərhal Latviya, Litvada NATO-nun hərbi hissələrinin yerləşdirilməsi məsələsi ortaya çıxır və s. Yəni bu formada proses gedir və Avropadan bu istiqamətdə ciddi iştirakçılıq tələb edilir. Əslində isə orada ciddi problem yoxdur. Rusiyanın da öz maraqları var, Kreml maraqlarını qoruyur…
Avropa.info-nun ekspert qrupu
Tarix: 10-07-2017, 20:46
Xəbəri paylaş





Xəbər lenti