Almaniya-Türkiyə münasibətlərində SON PƏRDƏ

Almaniya-Türkiyə münasibətlərində SON PƏRDƏ Qarşıdurmanı başladan “soyqırım” qərarı

Natiq Miri: “Almaniya bölgədə güclü Türkiyə istəmir”

Son illər Almaniya-Türkiyə arasında yaşanan problemlər getdikcə daha da gərginləşən xətt üzrə inkişaf edir.Belə ki, Türkiyə hakimiyyəti Almaniya təyyarələrinin “İncirlik” hərbi bazasını tərk etməsi haqqında qərar qəbul edib.Qərara əsasən, əvvəlcə yanacaqdoldurma təyyarələri, sonra isə "Tornado" kəşfiyyatçı-bombardmançılar İordaniyaya göndəriləcək.Bundan başqa, təxminən 260 alman hərbçisi bazanı tərk edəcək.


Qeyd edək ki, Ankara tərəfindən "İncirlik" aviabazasına giriş qadağası iyunun 2-də Bundestaqın 1912-1915-ci illərdə Osmanlı imperiyasında "erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul etməsindən sonra qoyulub. Türkiyə hökuməti buna cavab olaraq Bundestaq nümayəndə heyətinin bazaya girişini qadağan edib.Alman təyyarələrinin "İncirlik"dən çıxarılması haqqında qərar təkrar qadağadan sonra qəbul edilib.

Bütün bunlar onu deməyə əsas verir ki, Almaniya-Türkiyə münasibətləri getdikcə daha da dərinləşəcək.Artıq qarşıdurma həddinə çatan münasibətlər, hər iki dövlətin öz maraqları çərçivəsində güzəştə getmək istəməməsi, G20 sammitindən kansler Angela Merkelin iki ölkə arasında fikir ayrılıqlarının daha da dərinə enməsi barədə açıqlaması vəziyyəti daha da gərginləşməsindən xəbər verir.

Almaniya-Türkiyə qarşıdurmasının kökündə hansı amillər dayanır?



Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında Almaiya -Türkiyə münasibətlərində gərginlik yaradan bir sıra amillərə diqqət çəkib. N.Mirinin fikrincə, Almaniya- Türkiyə qarşıdurmasının kökündə duran əsas məsələlərdən biri məhz Bundestaqın qondarma erməni soyqırımını tanımasıdır:

“Baxmayaraq ki, heç bir hüquqi araşdırma aparmadan Bundestaq belə bir qərar verdi. Bu da birbaşa olaraq Türkiyə siyasi hakimiyyətinə qarşı bir təzyiq vasitəsi kimi qəbul olundu.Nəzərə almaq lazımdır ki, Almaniya digər ölkələrə nisbətən daha fərqli bir mövqe ortalığa qoymalı idi.Əsrlər boyu Almaniya Türkiyənin hərbi müttəfiqi olaraq bütün dünya savaşlarında iştirak edib.Almaniyanın ən çətin anlarında Türkiyə bir dövlət olaraq Almaniyanın yanında olub.Qondarma erməni soyqırımında Almaniya bir dövlət olaraq iştirakçı olub.Düşünürəm ki, bu proseslərin necə baş verdiyini Almaniyadan daha yaxşı bilən bir dövlət yoxdur.Buna rəğmən, Budestaqın belə bir qərar qəbul etməsi təbii ki, Almaniyanın geosiyasi maraqlarından irəli gəlirdi.Bunu da Türkiyə hakimiyyəti heç bir vəclə qəbul edə bilməzdi”.

Almaniyanın PKK-ya dəstək verməsinə toxunan Natiq Miri hesab edir ki, bu da iki ölkənin münasibətlərində yaranan problemlərin əsas konturlarıdır:

“İyulun 15-də Türkiyədə dövlət çevrilişinə qarşı cəhd oldu ki, bu məsələdə də Almaniya Türkiyənin legitim hakimiyyətini birmənalı şəkildə dəstəkləmədi. Ayrıca, bu hərbi çevrilişdə iştirak edən hərbçilər sonradan Almaniyaya qaçdılar.Əslində Almaniya hökuməti həmin hərbçiləri Türkiyəyə verməli idi, ancaq çox təəssüf ki, rəsmi Berlin bunu etmədi.Türkiyədən qaçmış bir sıra PKK terrorçuları hələ də Almaniyada sığınacaq alırlar.PKK üzvləri nəinki sığınacaq, həm də Almaniya hökumətindən siyasi dəstək alır.PKK-nın fəaliyyəti üçün Almaniyadan “yaşıl işıq” yandırılır.Ancaq bunu müqabilində nəinki Türkiyə hakimiyyətinə dəstək vermək, hətta bir sıra türkiyəli nazirə Almaniyada yaşayan türk toplumu ilə görüşünə konkret qadağalar qoyuldu”.

Politoloqun sözlərinə görə, Türkiyənin güclənməsi Almaniyanın maraqlarına uyğun deyil. Natiq Miri hesab edir ki, Almaniyanın əsas problemi də məhz Türkiyənin güclənməsidir:

“Almaniya bu gün Türkiyənin daxilində hakimiyyətə qarşı çıxış edən bir sıra terrorçulara dəstək verir. Almaniya təkcə siyasi dəstəklə kifayətlənmir.Eyni zamanda, terrorçulara Almaniya istehsalı olan silahlar verilir.Həmin terrorçular da zərərsizləşdirilərkən onların üzərindən çıxan silahların alman istehsalı olduğu sübut olunub.Türkiyə hökuməti də buna cavab olaraq adekvat addımlar atır.Təbii ki, Türkiyənin bu addımları Almaniya hakimiyyətinin xoşuna gəlmir.Çünki dünənə qədər Almaniya ortada asanlıqla idarə olunan bir Türkiyəyə vərdiş etmişdi.Ancaq Türkiyə gücləndikcə müstəqil siyasət yürütməyə başlayıb ki, bu da Türkiyəni həm regional, həm də dünya səviyyəsində lider dövlətlər sırasına çıxarıb.Bu da Almaniyanın maraqları çərçivəsində deyil. Ona görə də Almaniya qarşısında ənənəvi Türkiyəni deyil, güclənmiş bir dövləti gördükcə, münasibətlərdə gərginliklər yaranır. Bu da əslində Türkiyənin deyil, Almaniyanın problemidir”.

Vilayət Muxtar
Tarix: 12-07-2017, 00:43
Xəbəri paylaş





Xəbər lenti