"Putinin ittifaqı" çökür: Ağ Evin zərbəsi

Fərrux Məmmədov: “Demokratiyanın yeni dalğası gəlir-Rusiyadan asılılığa son qoymaq”

ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar iki və çoxtərəfli hərbi müqavilələrə də təsir göstərməyə başlayıb.  Bir sıra ölkələr bundan sonra Rusiya ilə hərbi-sənaye kompleksi  ilə əməkdaşlığı dayandırmaq məcburyyətindədir. Əks-təqdirdə, həmin dövlətlər özləri ABŞ-ın sanksiyalarına məruz qala bilər. Siyasi müşahidəçilərin fikrincə, Rusiyanın hərbi-sənaye kompleksinin fəaliyyətinin gəlir mənbələrindən məhrum edilməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində  rəsmi Moskvanın təsir imkanlarını azalda bilər. Bu isə öz növbəsində, KTMT-nin bir qurum kimi zəifləməsinə gətirib çıxaracaq. Çünki silah alışı və müdafiə sahəsində Rusiya ilə əməkdaşlığı dayandırmalı olan dövlətlər yeni strateji tərəfdaş axtarmalı olacaq. Bura yalnız KTMT-yə daxil olan Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan deyil, həmçinin Rusiyanın silah bazarının əsas müştərilərindən sayılan digər MDB ölkələri, Çin, Hindistan, İran və ərəb dövlətləri də daxildir. Belə olan halda həmin ölkələrin üz tutacağı alternativ silah bazarları əsasən Çin, İsrail və NATO sistemidir. Amma bu üç siyasi-hərbi  güc mərkəzi sırasında digər ölkələrin təhlükəsizlik sistemini təmin edə biləcək yeganə qüvvə NATO-dur. Yəni NATO bazarına daxil olmaq istəyən dövlətlər  Rusiyadan və KTMT-dən uzaqlaşaraq Qərbyönümlü siyasi kursu seçməlidir. Bu da Rusiyanın MDB məkanında və Yaxın Şərqdə geosiyasi  təsirlərinin azalmasına səbəb ola bilər. Analoji prosesin Cənubi Qafqazda baş verməsi Azərbaycanın və Ermənistanın xarici siyasət kursuna, eləcə də Dağlıq Qarabağ probleminin  nizamlanması ilə bağlı vəziyyətə təsir göstərə bilər. 

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri  Fərrux Məmmədov hesab edir ki, Rusiyanın hərbi-sənaye kompleksinin  əhatə dairəsinin və gəlir mənbələrinin məhdudlaşdırılması dünyada demokratik proseslərin genişləndirilməsi istiqamətində ABŞ-ın planlı siyasətidir. Birinci mərhələ Barak Obamanın prezidentliyi dövründə “Ərəb baharı” inqilablarının baş verməsi ilə müşahidə olunur. Son dövrlər isə demokratiyanın yayılmasının ikinci  dalğası başlanıb. Bu dövr diktatura rejimlərinin çökdürülməsi  iqtisadi və hərbi dayaqlarının çökdürülməsi yolu ilə həyata keçirilir:

“Rusiyanı ayaq üstə saxlayan iki mənbə var. Birinci enerji, digəri isə hərbi sənayedir. Neft-qaz sənayesi, Krımın ilhaqından sonra, 3-4 ildir ki, Qərbin ağır sanksiyaları ilə üzləşdi. Lakin Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil  olan ölkələri və MDB-nin digər üzvlərini şantaj etməklə Azərbaycan kimi ölkələrə silah satışı ilə məşğul idi. Qərb bunu bilir. Çünki Rusiyanın satdığı silahların hər birinə dair məlumatlar Amerikada var.  Lakin həmin  proses bununla yekunlaşmayacaq və 2018-ci ilin yay aylarında ikinci mərhələyə keçəcək.  Bu, Rusiyanın  Ukraynada, Suriyada, Qarabağda apardığı siyasətin beynəlxalq qaydalara uyğun olmadığını  bir daha təsdiq edir. Ona görə də BMT-dəki müttəfiq dövlətlər  Rusiyaya qarşı ikinci həmləni  işə saldılar. Azərbaycan kimi ölkələrə sanksiyalara düşəcəyi barədə xəbərdarlıq ediblər. Rusiya qadağalardan çıxa bilər. Amma Azərbaycaın çıxışı mümkün deyil.  Mən  əminəm ki, Azərbaycana prezident seçkilərindən sonra Rusiyadan hərbi asılılığını minimuma endirəcək. Çünki Azərbaycanın  İsrail, Türkiyə kimi alternativ hərbi bazarları var. Artıq Ukrayna silah bazarı Azərbaycanın üzünə açılır. ABŞ Ukraynaya silah yardımı göstərməklə yanaşı, bu ölkədə müdafiə sənayesini də inkişaf etdirir. Bu ABŞ hərbi texnologiyası əsasında silahların istehsalı imkanlarını artıracaq. Bütün bunlar ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın 1981-ci ildə hakimiyyətə gəldikdən sonra formalaşdırdığı  müdafiə taktikasından hücum taktikasına keçdi. ABŞ bu gün “İkinci Reyqan əməliyyatı”nı işə salır. Yəni ABŞ Rusiyaya qarşı hərtərəfli hücuma keçir. Bir müddət sonra Rusiya SSRİ dönəmindəki kimi qapalı ölkə adlandırıla bilən hala gətiriləcək. Yəni Rusiyaya sərmayə axınını və investisiya layihələrini tamamilə dondurula biləcək bir hala gətirəcəklər. KTMT-yə daxil olan ölkələr də bunu nəzərə alır. Bu, Rusiyanın təklənməsi deməkdir. Lakin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tezliklə dağılacağını zənn etmirəm. Ona görə ki, həmin quruma daxil olan ölkələr üzvlükdən çıxarsa, Rusiya həmin dövlətlərin ərazisini işğal etməklə təhdid edə bilər. Ancaq KTMT-nin əhəmiyyəti xeyli azalacaq və siyasi və hərbi nüfuzu zərbə altına düşəcək. ABŞ-da çalışır ki, donmuş münaqişələri aradan qaldırmaqla və ərazidə sülh yaratmağa nail olsun. Bu sülhə mane olan əsas təhlükə isə Rusiya və İrandlır. İran Şimali Koreyadan da ciddi təhlükədir.  Bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putinin qlobal miqyaslı hədəfləri vura biləcək silahları əslində seçkiqabağı daxili ictimai rəyə hesablanıb. Əslində, Rusiyanın belə silahları yoxdur. ABŞ bu sahədə hələ ki, inhisarçıdlr. Rusiyanın hərbi bazarı da artıq güvənilməli deyil. Artıq Rusiyadan silah alınsa belə, ona etibar qalmayacaq. Nəticədə, Rusiya hərbi-sənaye kompleksindən hər il əldə etdiyi 300-500 milyard dollar gəlirdən məhrum ola bilər. Qərbin hədəfi Rusiyanı defolt etmək idisə, artıq buna yaxınlaşıblar. Rusiya yalnız Donbası Ukraynaya qaytarmaq, Krım münaqişəsinin həlli ilə  bağlı danışıqlar masasına əyləşdikdən, orada ukraynalılar məsələsini müzakirə etdikdən və Suriya məsələsi ilə bağlı danışıqlara getdikdən sonra sanksiyalar ləğv edilə bilər. Amma Putin hakimiyyətdə qaldıqca bu deyilənlərin baş verməsi real  görünmür. Yalnız Putindən sonra siyasi dönəmdə belə bir addım atıla bilər. Rusiya indi böyük və ağır bir yola çıxıb. Bu yolun sonunda savaş da gözlənilir, inqilab da, iqtisadi fəlakət də”.

Politoloq bildirdi ki, “İkinci Reyqan planı”na Azərbaycanla ABŞ arasında birbaşa danışıqların bərpa olunması, Dağlıq Qarabağ planının həlli istiqamətində mühüm addımların atılması da daxildir:

“2018-ci ilin yayından başlanan proseslərdə ABŞ Azərbaycanla ayrıca  müzakirələrə başlaya bilər. Bu zaman Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana müəyyən siyasi dividentlər vəd edilə bilər. Eyni zamanda, Azərbaycanın regiondakı nüfuzunun ön plana çəkilməsi, demokratiya və insan haqları məsələsinin arxa plana keçirilməsi, hakimiyyətin  nüfuzunun qaldırılması şərti ilə Rusiyadan asılılığının azaldılması təmin edilməyə çalışılacaq. Bu siyasət digər post-sovet ölkələri ilə danışıqlarda tətbiq edilə bilər. Demokratiyanın belə modeli həmin ölkələrin ilk növbədə, Rusiyadan asılılığını azaltmağı nəzərdə tutur. Həmin proses Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də həyata keçirilə bilər. Yaxud ABŞ Avropa Birliyinin iştirakı olmadan ayrılıqda və birbaşa müzakirələrə başlaya bilər. Planın necə həyata keçiriləcəyini yaxın gələcəkdə daha dəqiq söyləmək mümkün olacaq. Ancaq Rusiya Yaxın Şərqdən Yaponiyaya qədər btün coğrafiyada təklənəcək. Rusiyanı yalnız qoyacaq ilk ölkə Çindir. Çünki Çin iqtisadi inkişafa hesablanmış bir dövlətdir və batan gəmi ilə eyni siyasi kursu həyata keçirməz. Hətta Rusiya Çinə yeni silahların satılmasına baxmayaraq, rəsmi Pekin bu müqavilələri saxlayaraq 2020-2021-ci ilə  qədər təxirə salıb. Bu isə Rusiyaya böyük bir zərbədir. Rusiya hələlik yalnız Ermənistana verə bilər. Onu da satmaq adı ilə deyil, Gümrüdəki hərbi bazaya çatdırılma adı ilə Ermənistana sata bilər. Lakin Ermənistan Rusiya üçün bazar deyil. Ona görə də 2018-ci ildə yəqin ki, bizi maraqlı hadisələrə gözləyir. Azərbaycan prezidenti İlham Əliyevin bu məsələdə strateji mövqeyi çox önəmlidir. Azərbaycandakı prezident seçkilərinin niyə məhz aprel ayına çəkilməsi indi məlum olur. Görünür, ABŞ seçkilərinin vaxtının dəyişidirilməsini məsləhət görüb. Bu da seçkilərdən sonra proseslərin daha da qızğın olacağına işarə edir”. (Cebhe.info)



Tarix: 3-03-2018, 09:15
Xəbəri paylaş





Xəbər lenti