Daha bir ölkədə hakimiyyət savaşı: Ağ Evdən KOMANDA


Qırğızıstan siyasi elitasında baş verən hadisələr hazırkı prezident Sooronbai Jeenbekov və sabiq dövlət başçısı Almazbek Atambayev arasında soyuq müharibənin getdiyini göstərir.

Belə ki, hazırkı prezident Atambayevin ən yaxın silahdaşlarını hakimiyyətdən uzaqlaşdırmağa başlayıb. Son olaraq Qırğızıstan paytaxtı olan Bişkekin meri məzuniyyətdə ikən işdən çıxarılıb. Şəhər şurasının üzvləri iyulun 13-də etimadsızlıq səsverməsi ilə Albek Ibraimovun vəzifədən kənarlaşdırılmasına səs veriblər.

Bir həftə öncə onun müavini Renat Makenov hakimiyyətdən sui-istifadə ittihamıyla həbs olunub. İbramov 2016-cı ildən Bişkekin meri olub və keçmiş prezident Almazbek Atambayevin ən yaxın müttəfiqlərindən hesab olunurdu. Atambayev dövründə baş nazir vəzifəsində çalışmış Jantoro Satybaldiyev və Sapar İsakov ötən ay korrupsiya ittihamı çərçivəsində həbs olunublar. Apreldə isə prezident Sooronbai Jeenbekov Atambayevin rəhbər vəzifədə olan bir neçə müttəfiqini işdən çıxarıb. Bu, indiki prezidentlə sələfi arasında uçurumun dərinləşdiyini göstərir. Qeyd edək ki, keçmiş baş nazir olan Jeenbekov ötənilki prezident seçkisində Atambayev tərəfindən dəstəklənirdi.

Maraqlıdır, indiki və keçmiş prezident arasında gedən savaş nə ilə nəticələnəcək? 

Politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə şərhində deyib ki, Qırğızıstanda Atanbayevin neytrallaşdırılması prosesi gedir. Onun sözlərinə görə, hazırkı prezident bu prosesi ABŞ-ın dəstəyi ilə aparır: “Mərkəzi Asiyanın yeganə demokratik ölkəsi olan Qırğızıstanda siyasi proseslər daim gərgin məcrada olub. Burada baş verən inqilablar ölkədə müəyyən dərəcədə demokratik mühit yaratsa da, hakimiyyət daxilində və siyasi partiyalar arasında konfiliktlər ölkədə siyasi böhrana yol açıb. Almazbek Atambayevin seçkilərdə namizəd olmaması və yaxın dostu baş nazir Soorenbek Geenbekovu dəstəkləməsi bu ölkədə müəyyən siyasi sabitliyin olacağına ümid yaradırdı. Prezident Jeenbekovun ölkədə korrupsiya əleyhinə başlatdığı mübarizədə ölkənin keçmiş baş nazirinin həbsi və digər nazirlərin də rüşvətdə ittiham olunması yenidən siyasi gündəmin dəyişməsinə gətirib çıxarır. Qırğızstanda Rusiyanın təsiri böyükdür. Baxmayaraq ki, ABŞ-da burada maraqlı ölkədir. Əfqanıstana hərbi yüklərin daşınmasında Qırğızıstanda “Manas” aeroportu ABŞ üçün önəm kəsb edib.

Məhz bu ölkədə inqilablar ABŞ tərəfindən həyata keçirilib. Demokratik seçkilər bu ölkədə hələ də normal siyasi sistemin oturuşmasına səbəb olmur. Almazbek Atambayev Moskvanın adamıdır. Məhz Atambayev Jeenbekovun namizədliyini ona görə dəstəklədi ki, özünün siyasi varlığını qoruyub saxlaya bilsin. Hazırda prezidentin öz müttəfqinin adamlarını hakimiyyətdən uzaqlaşdırması iki dost arasında siyasi anlaşmazlıqdan irəli gəlir. Hesab edirəm ki, ABŞ çalışır ki, yenidən Qırğızıstanda fəal olsun və burada Rusiyanın təsirini zəiflətsin. Görünür, Jeenbekova ABŞ tərəfindən ciddi dəstək verilir. Atambayevi neytrallaşdırmasa, sabah inqilab yolu ilə prezident devrilə bilər. Görünür, prezident daha da müstəqil siyasət aparmaq üçün Atambayevi oyundan kənarlaşdırır. Eks-prezidentin buna reaksiyasını biz növbəti aylarda görə bilərik. Təbii ki, Atambayev revanş götürə bilər. Kifayət qədər nüfuzlu şəxsdi və prezidentə qarşı etirazlar təşkil edə bilər. Amma proseslər sakit məcrada keçərsə, Atambayevin neytrallaşdırlması davam edəcək”.

Vilayət Muxtar

Cebhe.info

Tarix: 19-07-2018, 00:25
Xəbəri paylaş





Xəbər lenti