Türkiyə-ABŞ gərginliyi pik həddə


“Hazırkı problemlər daha mürəkkəb və həlli daha çətin görünür. İki ölkə arasında çoxsaylı problemlər var” - politoloq

Türkiyədə həbsdə olan amerikalı rahib Endryü Bransonla bağlı  Vaşinqtonla Ankara arasında gərginlik pik həddə çatıb.

Xatırladaq ki, amerikalı yevangelist pastor E. Branson Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra İzmirdə həbs olunub. O, hərbi və siyasi casusluqda, terror təşkilatının maraqları naminə cinayət törətməkdə ittiham edilir.

Pastorun həbsi Türkiyə-ABŞ münasibətlərində gərginlik yaradan amillərdən biridir. ABŞ rəhbərliyi - şəxsən prezident D. Tramp və vitse-prezident M. Pens Türkiyə rəhbərliyindən onun sərbəst buraxılmasını istəyiblər. Senatorlar bu məsələ ilə əlaqədar bir neçə dəfə Türkiyəyə səfər edib. Son olaraq ABŞ Konqresi həm A. Bransonun həbsdə saxlanılmasına, həm də Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri satın almaq istəməsinə görə, Türkiyə Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuş 5-ci nəsil yeni “F-35" hərbi təyyarələrinin bu ölkəyə göndərilməsinə qadağa qoyan müddəanı hərbi büdcə barədə qanun layihəsinə daxil edib.

Bir neçə gün əvvəl isə respublikaçı və demokratlardan ibarət 6 senator Türkiyəyə qarşı yönəlmiş “Türkiyə Beynəlxalq Maliyyə Təsisatları Aktı”nı irəli sürüblər. Senatın Xarici əlaqələr komitəsinin yaydığı açıqlamadan aydın olur ki, sənəddə Beynəlxalq Maliyyə Korporasiyası və Avropa Yenidənqurma və İnkişaf Bankının ABŞ-dan olan rəhbərlərinə  humanitar yardım məqsədləri istisna olmaqla, Türkiyəyə kredit ayrılmasına qarşı çıxmaları tapşırılır. Bunun “Türkiyənin ABŞ vətəndaşlarını həbs etməyə son qoyanadək” davam etdirilməsi istənilir. Bu qadağanın icrasına nəzarət ABŞ maliyyə naziri Stiven Minuçiyə tapşırılır.

Qeyd edək ki, Dünya Bankı qrupunun üzvü Beynəlxalq Maliyyə Korporasiyası 2017-ci ildə  Türkiyədə 12 layihəyə 3,9 milyard dolların ayrılmasına razılıq verib. Bunlar arasında Suriyadan gələn qaçqınlara və Türkiyədə institusional infrastrukturun gücləndirilməsinə yardım da vardı.

Avropa Yenidənqurma və İnkişaf Bankı isə ötən il Türkiyədə  51 layihəyə 1,8 milyard avro kredit ayırıb. Bu layihələr bərpa olunan enerji istehsalının təşkili, kiçik və orta sahibkarlığın rəqabət gücünün artırılması, infrastruktur və maliyə bazarlarının tənzimlənməsi kimi sahələri əhatə edirdi.

Bu qanun layihəsi hazırlandıqdan sonra iyulun 26-da E.Bronson haqqında həbs tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Türkiyə xəbər agentliklərinin məlumatına görə, İzmir 2-ci Ağır Cəza Məhkəməsi E. Bransonun işi ilə bağlı toplaşaraq yeni qərar qəbul edib. Məhkəmə A. Branson barəsində həbs tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə qərar verib.

Lakin bu qərar Vaşinqtonu qane etməyib. ABŞ-ın vitse-prezidenti Mayk Pens E.Bransonun tam azad olunmasını tələb edib. M. Pens din xadiminin azad edilməyəcəyi təqdirdə, Türkiyəyə sanksiya tətbiq olunacağını bildirib.

Eyni fikri prezident D.Tramp da səsləndirib. O qeyd edib ki, rahib tamamilə azad olunmasa, Türkiyəyə qarşı “genişmiqyaslı” sanksiyalar tətbiq ediləcək.

ABŞ-Türkiyə münasibətlərindəki gərginlik nə qədər davamlı ola bilər? Bu gərginliyin hansı həddə qədər inkişaf etməsi mümkündür?

Politoloq Åahin CÉfÉrli ile ilgili görsel sonucu

Politoloq Şahin Cəfərlinin fikrincə, Türkiyə-ABŞ münasibətləri təhlükəli həddə yaxınlaşıb və artıq qopmanın baş verib-verməyəcəyi hər iki tərəfin siyasi və ekspert çevrələrində ciddi şəkildə müzakirə olunmağa başlayıb: “İki ölkə arasında əvvəllər də problemlər müşahidə olunub. Məsələn, 1974-cü ildə Türkiyə Kıbrıs türklərini müdafiə məqsədilə ABŞ-ın iradəsinə zidd olaraq adaya hərbi müdaxilə edəndə Vaşinqton Türkiyəyə silah embarqosu tətbiq etmişdi. Türkiyə isə buna cavab olaraq 1975-ci ildə ABŞ-ın ölkə ərazisindəki 21 hərbi bazasının fəaliyyətini dayandırmışdı (yeri gəlmişkən, bu fakt Ədalət və İnkişaf Partiyasının iqtidar dönəmindən əvvəl Türkiyənin guya ABŞ-ın bütün tələblərini və istəklərini əmr kimi qəbul edən sözəbaxan, iradəsiz ölkə olduğu barədə son illər yayılmış fikirlərin əsassız olduğunu sübut edir). Lakin hazırkı problemlər daha mürəkkəb və həlli daha çətin görünür, çünki bir problemdən deyil, çoxsaylı problemlər yumağından söhbət gedir. Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra FETÖ ittihamı ilə ölkədəki ABŞ diplomatik nümayəndəliklərinin Türkiyə vətəndaşı olan bəzi əməkdaşlarına qarşı cinayət təqibi başladı, İstanbul Baş Konsulluğunun əməkdaşı Metin Topuz həbs olundu. Bunlar ABŞ tərəfindən etirazla qarşılandı və münasibətlərin soyumasına səbəb oldu. İzmirdə yaşayan amerikalı din adamı Endryü Bransonun 2016-cı ilin dekabrında həbsi isə Vaşinqtonu qeyzləndirdi”.

Politoloq deyir ki, rahiblə bağlı məsələdə ABŞ rəhbərliyi şəxsən maraqlıdır: “Branson yevangelist rahibdir, ABŞ-ın yevangelist icmaları isə hazırkı ölkə rəhbərliyi və şəxsən prezident Tramp üzərində çox böyük təsir imkanlarına malikdir. Vitse-prezident Mayk Pens Bransonla eyni kilsəyə etiqad edir. Bu səbəblə, ABŞ-ın Branson məsələsinə reaksiyası təkcə xaricdə dara düşmüş ölkə vətəndaşını xilas etməklə bağlı ənənəvi dövlət siyasətindən irəli gəlmir, həm də hazırkı rəhbərliyin siyasi maraqlarından, dini təəssübkeşlik hissindən qaynaqlanır.

FETà vÉ PKK ile ilgili görsel sonucu

Əslində FETÖ və PKK ilə əlaqədə olmaq kimi ağır cinayətlərdə ittiham edilən pastor haqqında həbs qətimkan tədbirinin 3 gün əvvəl ev dustaqlığı ilə əvəzlənməsi Türkiyə tərəfindən atılan xoşniyyətli addım kimi görünürdü. Güman edilirdi ki, bu, din adamının tam azad olunması istiqamətində ilk addımdır və Ankara Vaşinqtonla münasibətlərin yaxşılaşmasında maraqlı olduğu üçün bir müddət sonra E. Bransonu ABŞ hökumətinin istəyinə uyğun olaraq ölkəsinə göndərəcək. Lakin gözlənilmədən ev dustaqlığı qərarına Vaşinqtondan çox sərt reaksiyalar gəldi. Prezident Tramp və vitse-prezident Pens bildirdilər ki, rahib tam azad edilməyəcəyi təqdirdə, Türkiyəyə qarşı sanksiyalar tətbiq olunacaq".

Turkey sanctions ile ilgili görsel sonucu

Ş.Cəfərli hesab edir ki, bu aqressiv reaksiyalar Bransonun tam azad olunaraq ABŞ-a göndəriləcəyi barədə gözləntilərin özünü doğrultmamasından əlavə, həm də Türkiyənin ABŞ-ın İrana qarşı tətbiq etməyə hazırlaşdığı yeni sanksiyalara qoşulmamaq istəməməsi ilə bağlıdır: “Hazırda ABŞ Konqresində və hökumətində Türkiyəyə qarşı bir neçə sanksiya tədbirləri nəzərdən keçirilir. Onlardan biri də ABŞ vətəndaşları və diplomatik xidmət personalının Türkiyədə təqib olunması ilə əlaqədar bu ölkəyə beynəlxalq maliyyə qurumları tərəfindən kredit ayrılmasının məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsidir. Müəlliflərindən biri Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Korker olan bu layihə artıq komitədən keçib. Layihəyə əsasən Dünya Bankının, onun strukturuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankının idarə heyətlərindəki amerikalı üzvlər humanitar məqsədlər xaricində Türkiyəyə kredit ayrılmasına mane olmalıdır.

Əgər bu layihə qanunlaşarsa, Türkiyə üçün neqativ təsirləri olacaq. Məsələn, Türkiyə 2017-ci ildə Beynəlxalq Maliyyə Korporasiyasından 3,6 milyard dollar kredit cəlb edib və bankın müştəriləri arasında bu baxımdan 2-ci sıradadır. Avropa Yenidənqurma və İnkişaf Bankı isə Türkiyənin mühüm kreditorlarından biridir və 2017-ci ildə ölkədə həyata keçirilən müxtəlif layihələrə 1,8 milyard dollar kredit ayırıb".

Turkey sanctions ile ilgili görsel sonucu

Müsahibimiz onu da qeyd edir ki, qanunun və ümumiyyətlə, ABŞ-Türkiyə münasibətlərinin bu həddə çatmasının başqa neqativ təsirləri də ola bilər: “Məsələn, Qərb kapitalının Türkiyədən çıxması, yeni sərmayələrin gəlməməsi, Qərb maliyyə institutlarının qapılarının Türkiyənin üzünə bağlanması və s... Bütün bunların baş verməsi olduqca kövrək və dayanıqsız olan Türkiyə iqtisadiyyatını sarsıda bilər. Sözügedən qanun layihəsindən başqa, növbəti maliyyə ili üçün büdcə qanununda Türkiyəyə 5-ci nəsil ən yeni ”F-35" hərbi təyyarələrinin göndərilməsinə qadağa qoyulması barədə müddəa əksini tapıb. Bu qadağa təklifi həm Branson məsələsi, həm də Türkiyə ilə Rusiya arasındakı S-400 sövdələşməsi ilə əlaqədardır. Bundan əlavə, 2017-ci ildə Konqresdə qəbul olunmuş sanksiya qanununa (CAATSA) əsasən Rusiya ilə iri məbləğlərdə silah anlaşmaları əldə edən üçüncü ölkələrə qarşı sanksiyaların tətbiqi nəzərdə tutulur. ABŞ hökuməti istədiyi təqdirdə, Türkiyəyə qarşı bu qanunu da işə sala bilər. Başqa bir problem Rza Zərrab məsələsidir. ABŞ hökuməti bu iş üzrə “Halkbank” başda olmaqla, bəzi Türkiyə banklarına qarşı İran əleyhinə sanksiyaları pozduqları iddiası əsasında yüz milyonlarla, hətta milyardlarla dollar miqdarında cərimələr kəsə bilər. Türkiyə iqtisadiyyatının hazırkı durumunu nəzərə alsaq, bu tip cərimələr Türkiyə bank sistemi və bütövlükdə ölkə iqtisadiyyatı üçün ağır nəticələrə səbəb olar".

(“Yeni Müsavat”)


Tarix: 28-07-2018, 10:21
Xəbəri paylaş





Xəbər lenti