Rusiyanı silkələyəcək qanun: Millətlər ayağa qalxa bilər


Rusiyada qeyri-rus xalqlarının ana dili mübarizəsi davam edir. Xatırladaq ki, ötən il Rusiyada yaşayan etnik xalqların və muxtar respublikaların orta və ali məktəblərdə öz dillərində oxumasını qadağan edən layihə təqdim etmişdi. Bu layihə Rusiyada yaşayan etniklərin ciddi etirazına səbəb olmuşdu. Proses böyük aksiyaları ilə müşahidə olunurdu. Ana dili qadağasına ilk və kütləvi etiraz aksiyası isə 2017-ci ilin sentyabrında Başqırdıstanda baş tutmuşdu.

Bu günlərdə isə Rusiya Dövlət Duması məktəblərdə qeyri-rus dillərinin tədrisini nəzərdə tutan qanun layihəsini son oxunuşda qəbul edib. İyulun 25-də qəbul olunmuş layihədə Rusiyanın etnik region və respublikalarında, qeyri-rus qrupların yaşadıqları bölgələrdə yerli dillərin məcburi tədrisinin ləğvi nəzərdə tutulur.

Prezident Vladimir Putin ötən il həmin regionlardakı etnik rusların şikayətlərinə cavab olaraq bildirmişdi ki, şagirdlər doğma dili olmayan dilləri öyrənməyə məcbur edilməməlidir. Bundan sonra həmin regionlarda məcburi dil fənləri ləğv olundu və bu da Rusiyanın Şimali Qafqaz, Volqa regionlarında, Sibirdə, Uzaq Şərqdə etirazlara səbəb oldu. Qeyd edək ki, sözügedən bölgələrdə rus dili ilə yanaşı, yerli dillər də rəsmi statusa malik idi.

Qeyd edək ki, prosedur qaydalarına uyğun olaraq 25 iyulda Rusiya Dövlət Dumasının qəbul etdiyi ana dili haqqında qanun layihəsi Federasiya Şurasında səsə qoyulacaq, daha sonra imzalanmaq üçün prezident Vladimir Putinə göndəriləcək.

Nəzərə alsaq ki, bu layihə hələ ilk təklif olunan zaman etnik region və respublikaların ciddi etirazına səbəb oldu. Qanun qəbul olunandan sonra bu qanun Rusiyanı silkələyə bilərmi? Etnik qrupların kütləvi etirazı ola bilərmi və bu Rusiyada nə kimi effekt verə bilər?

Politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə şərhində bu qanunun ağır fəsadları olacağını deyib. Politoloq hesab edir ki, bu mürtəce qanundur: “Rusiya çoxmillətli dövlətdi. Federasiya tərkibində olan millətlərin özlərinin respublikaları və milli muxtariyyətləri var. Hər bir subyektdə millətin öz ana dili məcburi şəkildə tədris olunur. Bu da federasiyada yaşayan xalqların milli kimliyinin qorunmasında mühüm amildir. 

Putin hakmiyyətə gələndən sonra milli respublikalara münasibət fərqli istiqamətdə aparıldı. Respublikaların daxili siyasətində müstəqilliklər ləğv edildi. Subyektlər zəiflədildi, mərkəzi hakmiyyətə tabe edildi. Yerli millətlərin dilinin məcburi tədrisinin ləğv edilməsi Rusiya ərazisində perspektivdə parçalanmanın və milli kimliyin formalaşmasının qarşısını almaq məqsədi güdür. Bu siyasətin Tatarıstan, Başqırdıstan, Çuvaşıya kimi milli dil uğrunda mübarizə aparan subyektlərdə narazılıq doğuracağı şübhəsizdir. Bu qanun qəbulu ölkədə milli etnik qarşıdurmanı dərinləşdirə və millətlərin öz hüquqları uğrunda mübarizə aparmaq üçün birləşməsinə səbəb ola bilər. Dünyada demokratiyanın və milli azadlıq hərəkatılarının dirçəldiyi bir vaxtda Rusiyanın bu mürtəce qanunu yerli xalqların assimilyasiyasına yönəlib. Hesab edirəm ki, bu qanunun fəsadları bir müddətdən sonra ortaya çıxacaq. Rusiya kimi çoxmillətli dövlətdə bunu etmək yolverilməzdi”.

Vilayət Muxtar

Cebhe.info

Tarix: 28-07-2018, 12:08
Xəbəri paylaş





Xəbər lenti