KTMT-də erməni generalları ilə bağlı böhran yaranıb


Yuri Xaçaturovun dəyişdirilməsində israr edən rəsmi İrəvan onun yerinə Vaqarşak Arutunyanı təyin etmək istəyir

Ermənistan mətbuatı rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) indiki baş katibi Yuri Xaçaturovun yerinə keçmiş müdafiə naziri Vaqarşak Arutunyanı gətirmək istədiyini yazıb. Paşinyan hökuməti indinin özündə də Y.Xaçaturovu qurum rəhbərliyindən uzaqlaşdırmaq fikrindən vaz keçmək istəmir.

Rusiyanın diplomatik mənbələrindən “Kommersant” qəzetinə verilən məlumata görə, erməni diplomatları indi məhz Arutunyanın adını Moskvada daha çox hallandırırlar. Qəzet V.Arutunyanın hələ Xaçaturov təyin olunmazdan öncə də baş katib postuna əsas namizədlərdən biri olduğunu xatırladıb.

Qeyd edək ki, Yuri Xaçaturov KTMT Baş katibliyinin əlifba sırası ilə üzv ölkələrə keçməsindən sonra bu vəzifəyə təyin oluna bilib. 2017-ci ilin mayına qədər isə həmin post Rusiyanın nümayəndəsi, daha doğrusu, general Yuri Bordyuja tərəfindən dəyişməz surətdə tutulmuşdu.

Qəzet Yuri Xaçaturovun min bir əziyyətlə bu vəzifəyə keçdiyini də (Belarus və Qazaxıstan uzun müddət Ermənistanın baş katibliyinə qarşı çıxıb) qeyd edərək, indi Kremlin erməni general haqqında öz vətənində 2008-ci ilin mart hadisələrinə görə cinayət işinin qaldırılmasını olduqca ağrılı qarşıladığını bildirir.

xacchaturov.jpg (60 KB)

Həmin vaxt İrəvan qarnizonuna rəhbərlik edən Xaçaturov nümayişlərin amansızlıqla yatırılması zamanı ordu hissələrinə komandanlıq etməkdə günahlandırılır. Yuri Xaçaturov Ermənistan Cinayət Məcəlləsinin “hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiyanı pozmaqla dövlət hakimiyyətinin zorla qəsb olunması və saxlanması”nı nəzərdə tutan 300.1-ci maddəsi ilə ittiham olunur. Bəhs edilən dövrdə ölkəyə rəhbərlik edən Robert Köçəryandan fərqli olaraq Y.Xaçaturov həbs edilməyib və istintaqın çağırışlarına gəlmək şərti ilə girov müqabilində azadlığa buraxılıb.

Moskvanın özündə isə KTMT baş katibinə qarşı qaldırılan cinayət işi Rusiya tərəfindən qurulan hərbi-siyasi bloka edilən hörmətsizlik kimi başa düşülür. Rusiya mətbuatı Vaqarşak Arutunyanın namizədliyini irəli sürməklə baş nazir Nikol Paşinyanın hiyləgər gediş edə biləcəyini düşünür. Belə ki, V.Arutunyan Ermənistanda ən qatı rusiyapərəst generallardan sayılır və keçən əsrin 90-cı illərindən bu yana MDB strukturlarında yüksək postları tutub.

ARUTUNYAN.jpg (88 KB)

“Vaqarşak Arutunyanın namizədlyi olduqca məntiqlidir. O, kadr hərbçisidir. Arutunyan Bakı dəniz məktəbinin kursantlığından Ermənistanın müdafiə nazirliyinə qədər yol keçib. Rusiyada aldığı akademik hərbi təhsil və MDB strukturlarındakı iş təcrübəsi ona KTMT rəhbərliyi üçün olduqca kömək edə bilər”, - İrəvanda fəaliyyət göstərən “Siyasi və hüquqi araşdırmalar mərkəzi”nin direktoru, Coni Məlikyan “Kommersant”a bildirib. Erməni politoloq Mikael Zolyan da V.Arutunyanın Ermənistanda açıq rusiyapərəst mövqeyi ilə seçilən adam kimi tanındığını söyləyib.

Lakin məsələnin digər tərəfi də var. Arutunyan 2000-ci ildə müdafiə naziri postundan uzaqlaşdırıldıqdan sonra Köçəryan və Sərkisyan iqtidarlarına da qatı müxalifətçilik edib. Yəni Paşinyan həm Vaqarşak Arutunyanı təyin etməklə Rusiyanı sakitləşdirmək, digər yandan isə keçmiş hakimiyyətə düşmən olan bir adamı təyin etməklə özünü sığortalamaq istəyir. Ermənistanın keçmiş müdafiə naziri isə özü haqqında söylənilən baş katiblik iddiaları barəsində şərh verməkdən boyun qaçırıb.

Musavat.com

Tarix: 5-08-2018, 13:21
Xəbəri paylaş





Xəbər lenti