İranın özündənrazı hakimiyyəti üçün CİDDİ XƏBƏRDARLIQ

İranın özündənrazı hakimiyyəti üçün CİDDİ XƏBƏRDARLIQ


İranda Məşhəd, Kərəc və Şiraz şəhərlərində ölkədəki iqitsadi vəziyyətə etiraz olaraq dağınıq və icazəsiz mitinqlər keçirilir.

Yerli media orqanlarının məlumatına əsasən, nümayişlərin bəziləri polis qüvvələrinin müşayiəti ilə bitir. Kütləvi olmasa da, artıq azərbaycanlı milli fəalların ərazilər üzrə polis idarələrinə çağırıldığı deyilir. Məlumatlara görə, Fars vilayətinin paytaxtı Şirazda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar olub. Çəkilmiş həvəskar videolarda onlarla etirazçının “Qiymət artımı, inflyasiya istəmirik” şüarları səsləndirdiyi görülür. Məşhəd şəhərində 100-dən çox etirazçının “iqtisadi korrupsionerlərə” qarşı tədbirlər tələbilə oxşar yürüş keçirdiyi xəbər verilir. Bildirilir ki, İslam İnqilab Keşikçiləri Korpusunun komandiri Yaqubəli Nəzəri etirazçılarla görüşüb və bu, polis müdaxiləsi ilə başa çatıb.

İranın mərkəzindəki İsfahan şəhərində isə etirazçıların polis qüvvələrinə daş atdığını göstərən videogörüntülər də yayılıb. Polis əməkdaşları kütləni dağıtmaqdan ötrü gözyaşardıcı qazdan istifadə ediblər. Gələn xəbərlər sırasında İsfahandan şimalda yerləşən Şahinşəhrdə onlarla kişi və qadın əllərini bir-birinə vurur, digərlərini də onlara qoşulmağa çağırışların olduğu da deyilir. Avqustun 1-də iranlı deputatlar prezident Həsən Ruhaniyə bir ay vaxt veriblər ki, parlamentdə onların iqtisadi durumla bağlı suallarını cavablandırsın. Prezidentə göndərilən məktubda 200-dək deputat hökumətdə “maksimum silkələnmə”yə çağırır. İndiyə qədər pərakəndə keçirilən bu aksiyalar sistemləşə və İran hakimiyyətinə qarşı ciddi, təşkilatlanmış dirənişə çevrilə bilərmi?

“Bunu edam həddinə də gətirirlər”

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə deyib ki, 40 ilə yaxındır İranda inqilablar olsa da, bu müddət ərzində ölkədə elə də ciddi islahatlar aparılmayıb:“Özəlləşdirmə, ölkənin iqtisadi-siyasi və sosial, eləcə də mədəni sahələrində heç bir islahat aparılmayıb. Konstitusiyanın tələbləri yerinə yetirilməyib. İnqilabın şüarları gerçəkləşməyib, əksinə vəziyyət daha da gərginləşib. Bu isə İranda yeni böyük inqilabın yarana biləcəyini aktuallaşdırır. İranda bu sayaq etiraz aksiyalarının olmasını, həmişə inqilabla nəticələnəcəyi düşünülüb. Hazırkı aksiyalar hakimiyyətə qarşı deyil, hökumətə qarşıdır. Bəzən İranda hökumətlə dövlət anlayışı qarışdırılır.

Hökumətin başında Həsən Ruhani, dövlətin başında isə Ayətullah Seyid Əli Xamneyi durur. Ona görə indiki proseslər Həsən Ruhani hökumətinə qarşıdır. Bu hökumətdən iqtisadi, maliyyə sahəsinə nəzarət edən rəhbərlərin dəyişdirilməsi tələb olunur. İlkin addım olaraq Həsən Ruhani ötən həftə İran Mərkəzi Bankının rəhbərini dəyişdi. Amma bu əvəzləmə ölkənin milli valyutasının devalvasiyasının qarşısını almağa heç bir təsir göstərməyib. Məlum məsələdir ki, İranda “qara bazar”da dolların dəyişdirilməsinə qarşı ciddi mübarizə aparılması ilə bağlı qərar qəbul olundu.

Bu işlə məşğul olanları az qala 15 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Bir sıra hallarda bunu dövlət əleyhinə təxribat adlandırıb edam etmək həddinə gətirirlər. Amma valyutanın məzənnəsinin aşağı düşməsinin qarşısını zorla almaq olmaz”.

Özündənrazı hökumət üçün çox pis vəziyyət

Ekspert hesab edir ki, proseslər İranın daxilində başlasa da, əsas səbəb xarici amillərdən asılıdır:“İranda dünyanın əsas dönərli valyutası olan dollar qıtlığı var. Nəzərə alsaq ki, İran iqtisadiyyatının əsasını neft-qaz təşkil edir və rəsmi Tehran öz neftini həmin dollar parçasına sata bilmir. Çünki İran neft və qazına dünyanın ən böyük neft alıcısı olan ABŞ tərəfindən sanksiya tətbiq olunub. Bu da dolayı yolla İrana dollar axınının qarşısını alır. Belə olan halda ölkənin milli valyutası qiymətdən düşür. Son 7 ayda İran rialı 3.5 dəfə dəyər itirib.

Bu, özündənrazı olan bir hökumət üçün çox pis vəziyyətdir. 80-88-ci illərdə İran-İraq müharibəsi zamanı ölkədəki qıtlığı, iqtisadi vəziyyətin ağırlığını müharibənin belinə yıxırdılar. Son 5-6 ildə ölkədəki vəziyyəti quruculuq illərinin üzərinə atdılar. Bəs indi ölkədəki böhranlı vəziyyətin yaranmasına səbəb nədir? İranda iqtisadiyyatın inkişafına kim mane olur? İranda iqtisadiyyatın, cəmiyyətin mədəni sahədə inkişafa mane olan yeganə qüvvə hakimiyyətin özüdür. Hakimiyyət cəmiyyətin inkişafının qarşısını alır, onun üçün iqtisadi və maliyyə problemləri yaradır. Sosial və mədəni məsələlərin həlli ilə bağlı bir sıra qərəzli iddialar irəli sürür. Bunun qarşısını islam adı altında almağa cəhd göstərir. Bütün bunların hamısı cəfəng məsələdir. İranda 40 il bundan öncə başlamış proses yenidən davam edəcək. Nə qədər ki, ölkədə açıq sistemə keçilməyib, dünya dövlətləri ilə münasibətləri normal deyil, İranda bu vəziyyət düzəlməyəcək”.

Sədrəddin Soltanın qənaətincə, İranın bu vəziyyətə düşməsinin xarici amillərə bağlı başqa bir səbəbi də var: “Bütövlükdə rejim Ayətullah Seyid Əli Xamneyinin islam inqilabı doktrinasının ixracı ilə məşğuldur. Bu ixrac üçün də külli miqdarda maliyyə vəsaiti sərf olunur. Məsələn, Suriyadakı, Fələstindəki, Yəməndəki, Bəhreyindəki, Səudiyyə Ərəbistanındakı, Küveytdəki, o cümlədən, bütün ərəb dövlətlərindəki proseslərdə İranın adı çəkilir. Həmin ərəb dövlətlərinin bir çoxu İranı ölkələrini qarışdırmaqda ittiham edirlər. Bütün bunlar da maliyyə vəsaiti hesabına baş verir. Böhranı yaradan səbəblərdən biri ABŞ-ın sanksiyasıdırsa, digəri İranın mənasız və boş yerə inqilab ixrac edilməsinə xərclənilən maliyyə vəsaitləridir.

Bütün bunların heç birisinin cəmiyyətə xeyri yoxdur. Niyə İran vətəndaşının pulu Fələstindəki Həmas təşkilatına, Bəşər Əsədin hakimiyyətdə qalmasına, İraqdakı ayrı-ayrı təşkilatlara xərclənməlidir? Niyə İran vətəndaşının pulu Yəməndə Mursi qiyamçılarına xərclənməlidir? və.s. Xərclənən vəsaitlərdə İran vətəndaşının rəyi, yaşayış şəraiti nəzərə alınmır və buna görə də əhali mövcud vəziyyətə etiraz edir. İş o yerə çatıb ki, İranın keçmiş prezidenti Mahmud Əhməd Nejat da ölkədəki mövcud vəziyyətə etiraz olaraq aksiya keçirtmək istəyir.

O, hətta ötən gün belə bir aksiyanın keçirilməsi ilə bağlı İranın Daxili İşlər Nazirliyinə də müraciət edib. Mahmud Əhməd Nejat İran hakimiyyətinin təmsilçilərindən olub, rejimin iç adamıdır. Deməli, hətta rejimin içərisində belə mövcud vəziyyətə etirazlar var və bunun qarşısının alınmasına cəhdlər olub. İnanmıram ki, proseslər tezliklə dayana. Əgər İrandakı hakimiyyət məsələnin həlli ilə bağlı Qərbin şərtlərini qəbul edib siyasi iradə nümayiş etdirməzsə, vəziyyətin asanlıqla yumşalacağı, gərginliyin aradan qalxacağı inandırıcı deyil”.

“Nazirlər Kabineti istefaya gedə bilər...”

Sədrəddin Soltan etiraz aksiyalarının bir müddət sonra ölkənin digər əyalətlərinə sıçraya biləcəyi ehtimalını da vurğulayıb: “Sistan, Bəlucistan, Xuzistan əyalətləri İran əhalisinin ən kasıb yaşadığı yerlərdir. Xuzistan ərəblərin yaşadığı neftlə zəngin ərazidir. Amma həmin bölgənin əhalisi çox kasıb vəziyyətdə yaşayır. Bəlucistanda yaşayan əhali isə dil, təriqət və mədəniyyət baxımdan İran hakimiyyətinin diskriminasiyasına məruz qalırlar. Bu baxımdan bu bölgələrdə də etiraz aksiyaları başlaya bilər.

Yaxın vaxtlarda birinci mərhələ kimi hökumət böhranı yaranması ehtimalı var. Bütün günahlar hökumətin boynuna qoyula bilər və Nazirlər Kabineti istefaya gedə bilər. Təbii ki, yeni kabinet formalaşana qədər bir az vaxt udarlar. Artıq İran hakimiyyəti ölkəni əvvəlki kimi idarə edə bilmir. İnqilab o zaman baş verir ki, yuxarıdakılar ölkəni əvvəlki kimi idarə edə bilmir, əhali də əvvəlki kimi yaşaya bilmir. Bu zaman iki qüvvə arasında ciddi uçurum yaranır. Bu isə artıq İranda baş verməkdədir”.(Cebhe.info)


Tarix: 5-08-2018, 23:46
Xəbəri paylaş





Xəbər lenti