"Özlərini aparıcı güc hesab edən dövlətlər “demokratiya” adı altında manipulyasiya ilə məşğuldurlar” - RƏY



“ABŞ-ın “demokratiya sammiti” ciddi reaksiyalara səbəb olub, çünki qloballaşan dünyada həlli vacib olan digər məsələlər kifayət qədər çoxdur. Hazırda dünya ictimaiyyətinin COVID-19 pandemiyasının törətdiyi bir sıra çətinliklərlə üz-üzə olduğu bir vaxtda ABŞ və digər maraqlı dairələrin qlobal problemə qarşı səyləri birləşdirmək üçün təşəbbüslərlə çıxış etməsi daha məqsədəuyğun olardı. Müasir çağırışlar və internet imkanlarının bu qədər geniş olduğu dövrdə müxtəlif dövlətləri “demokratiya çətiri” altında qütblərə bölmək arzuolunmazdır. Təəssüf ki, bu gün ABŞ başda olmaqla özlərini qlobal müstəvidə aparıcı güc hesab edənlər məhz “demokratiya” adı altında manipulyasiya ilə məşğuldurlar”.

Bunu Pravda.az-a açıqlamasında Milli məclisin deputatı Cavid Osmanov deyib.

Parlament üzvü bildirib ki, ABŞ zəifləməkdə olan mövqeyini yeni oyunlar və hədəfi məlum olmayan istiqamətlərlə bərpa etməyə çalışır: ““Demokratiya sammiti”nə ABŞ Prezidenti Co Baydenin dəvət etdiyi ölkələrin siyahısına nəzər salmaq bu platformanın mahiyyətini anlamaq üçün kifayətdir. İraqın və Ermənistanın demokratiya dəyərlərinə “sadiqliyini” dünya ictimaiyyəti artıq yaxşı bilir. Ötən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğalda saxlayan, bir milyon azərbaycanlını fundamental hüquqlarından məhrum edən bir ölkəni “demokratiya məclisinə” dəvət etmək absurddur. Eyni zamanda, İraqla bağlı mənzərə də göz önündədir. Fikrimcə, bu, ABŞ-ın yeni bir hədəfidir, çünki o, özü üçün bəlli rəqiblər müəyyənləşdirib və ona görə də öz maraqlarını ifadə edən dövlətləri “masasında” görmək istəyir. Mahiyyətinə gəlincə isə, bu “sammit”də demokratiya adına heç bir gözlənti ola bilməz”.
Tarix: 11-12-2021, 16:01
Xəbəri paylaş





Xəbər lenti