Türkiyə üçün hansı yaxşıdır – prezident, ya parlament sistemi

Ərdoğan və partiyası status kvonu saxlamağa çalışır, prezidentliyin Türkiyə üçün daha yaxşı seçim olduğunu deyirlər
Türkiyədə son rəy sorğuları hakim AKP-nin və Prezident Receb Tayyib Ərdoğanın populyarlığının azadlığını göstərir. Müxalifət liderləri isə vəd edirlər ki, 2023-cü ildə yeni prezident seçilsə, onlar ölkəni 2017-ci ilədək mövcud olmuş parlamentarizmə qaytaracaqlar.
“Foreign Policy” dərgisində Stiven Kuk Türkiyə üçün ovaxtkı hibrid parlament-prezident, yaxud indiki prezident sisteminin yaxşı olmasını təhlil edir.
Konstitusiyaya dəyişikliklər
Ərdoğan və partiyası status kvonu saxlamağa çalışır, prezidentliyin Türkiyə üçün daha yaxşı seçim olduğunu deyirlər. Müəllif bu fikirlərin düzgün olmadığını qeyd edir. Ona görə yox ki, Türkiyə idarəolunmazdır, ona görə ki, davamlı demokratiya heç bir sistemə xas deyil və heç biri yaxşı idarəçiliyə səbəb olmayıb.
2017-ci ildə konstitusiyaya düzəlişlər Ərdoğana prezident kimi icraedici səlahiyyət verdi. O vaxtadək Türkiyə prezidenti daha çox protokol vəzifəsi idi, qanun, fərman imzalamaq, hökuməti formalaşdırmaq üçün siyasi liderlər seçmək səlahiyyəti vardı.
Konstitusiyaya dəyişikliklərlə baş nazir postu ləğv olundu, prezidentə parlamentlə məsləhətləşmədən hakimləri, aparatın aparıcı üzvlərini təyin etmək səlahiyyəti verildi. Nəticədə Ərdoğan ədliyyə və bürokratik sistemə tərəfdarlarını cəlb etdi. Prezident həm də silahlı qüvvələrə daha böyük nəzarət qazandı.
Problemlər prezidentliklə başlamayıb
Müəllif Türkiyədə problemlərin çoxunun prezident sistemindən öncə başladığını, amma bu sistemdə daha da dərinləşdiyini yazır. Ölkədə korrupsiya kök salır, valyuta illərdir devalvasiya edir, prezidentin yaxın ətrafı yaltaqlar və ailə üzvləri ilə doludur.
Ölkədə insan haqlarının durumu ürəkaçan deyil, dünyada jurnalistlərin həbsində görə öncül yerləri tutur, 2016-cı ilin dövlət çevrilişi cəhdindən sonra minlərlə insan təqibə məruz qalıb, saxlanıb, yaxud ölkəni tərk etməli olub.
Məqalədə bəzi jurnalistlərin, təhlilçilərin Türkiyəni “qüsurlu demokratiya” adlandırmasına toxunulur. Onlar 2019-cu ilin bələdiyyə seçkisinə istinad edirlər. Onda AKP keçmiş baş nazir Binali Yıldırım uduzduğu seçkini təkrar keçirdi və CHP-dən Əkrəm İmamoğlu qalib gəldi.
“Amma bu, Türkiyə siyasətinin keyfiyyəti haqda çox şey demir. Ərdoğan 2019-cu ildəki səhvin parlamentdə təkrarlanmayacağına çalışacaq. O artıq daha bir qələbənin təməlini qoymağa başlayıb, prokurorlar Cümhuriyyət Xalq Partiyasını (CHP) bağlamağı hədəfləyən iş açıblar. Belə olarsa, AKP parlament çoxluğunu təmin edə bilər”, – məqalədə deyilir.
Parlament üsul-idarəsi tərəfdarları
Ərdoğanın opponentləri isə parlament sistemini təbliğ edir, bu halda hökumətə daha çox nəzarət olunduğunu, Ərdoğan erasının sultansayaq davranışlarına qarşı qoruyacağını bildirir. Ancaq müəllif 1991-2002-ci illərdə Türkiyəni idarə edən yeddi fərqli koalisiyanın korrupsiya, zəif iqtisadi siyasətlə ad çıxardığını yada salır. 2000-2001-ci illərdə ölkədə yaranmış maliyyə böhranı isə 2002-ci ilin noyabrında AKP-nin seçkidə ilk qələbəsi ilə sonuclandı.
Müəllif prezident sistemində qalıcı demokratiya, yaxşı idarəçilik naminə liderlərin təməl demokratik norma və prinsiplərə əməl etməli olduğunu qeyd edir. “İyi Partidən Meral Akşener, Ankaranın meri Mansur Yavaş, yaxud onun İstanbuldan həmkarı İmamoğlu belə edərdi. Bu halda əhalisinin hansı sistemi seçməsindən asılı olmayaraq, Türkiyənin işi yaxşı gedəcək”, – məqalədə vurğulanır.
Türkiyədə lirənin son aylar dollara qarşı rekord həddə ucuzlaşması iqtisadi durumu çətinləşdirib. Ölkədə inflyasiya yüksəlir və əhalinin gəlirləri azalır.
Azadlıq radiosu
Tarix: 14-12-2021, 22:28
Xəbəri paylaş





Xəbər lenti