Baydenin demokratiya sammiti ətrafında qalmaqal



ABŞ prezidenti Cozef Baydenin təşəbbüsü ilə dekabrın 9-da və 10-da keçirilən (videokonfrans formatında) qlobal demokratiya sammiti ətrafında qalmaqallara yeniləri də əlavə edilib. virtualaz.org xəbər verir ki, Asiya-Sakit Okean hövzəsi ölkələrindən (ASEAN) sammitə dəvət edilən üç ölkədən biri olan Malayziya tədbiri boykot edib və ona qatılmayıb.
Qeyd edək ki, sammitə ASEAN ölkələri qrupundan cəmi üç ölkə dəvət edilmişdi - Malayziya, İndoneziya və Filippin. Lakin Malayziya sammitdə iştirakdan imtina edib və bu qərarını izah etməyib. İndoneziya Coko Cokovi və Filippin prezidenti Rodriqe Duterte isə sammitə qatılıblar.

Malayziyanın sammitdə iştirakdan imtinası ABŞ dövlət katibi Entoni Blinkenin bu ölkəyə gözlənilən səfəri ərəfəsinə təsadüf edib və beynəlxalq dairələrdə, o cümlədən Vaşinqtonda təəccüb  və suallar doğurub. Malayziyanın hökumət rəsmiləri sammitdə iştirakdan imtinanın səbəbini açıqlamasalar da yerli ekspertlər və müxalif siyasətçilər burada Çinin rolunun olduğunu qeyd edirlər. Belə ki, Baydenin demokratiya sammitinin əslində dünyada demokratiyanın dəstəklənməsinə deyil,  qlobal miqyasda Çinə qarşı demokratiya pərdəsi altında yeni ittifaqın formalaşmasına yönəldiyinə dair güclü qənaət formalaşmışdı.
Sammitə dəvət aldığı haqda onu boykot edən daha bir ölkə isə xəbər verildiyi kimi, Pakistandır. Hərçənd sammitə bir neçə gün qalmışa qədər rəsmi İslamabadın iştirakla bağlı mövqeyi  Pakistanın strateji müttəfiqi Çinin qəzəbinə səbəb olmamaq, nəticədə bu ölkənin Pakistan iqtisadiyyatına qoyduğu 60 milyard dollarlıq investisiyanı riskə atmamaq  baxımından qeyri-müəyyən idi. Xarici KİV-lər yazır ki, Pakistanın baş naziri İmran Xan sammitdə iştirak dəvətinin rədd olunduğunu rəsmən elan etməyib, amma bunun Pekinin təzyiqləri ilə baş verdiyi bildirilir.
Məlumatlara görə, Çin sammitə iki həftə qalmış Pakistan hakimiyyəti ilə əlaqə saxlayıb və sammitdə iştirakın arzuolunan olmadığını nəzərə çatdırıb. Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşinin çinli həmkarı Van İ ilə gecəyarısı apardığı həmin telefon danışığından bir neçə gün sonra İslamabad rəsmən sammitdə iştirakdan imtina edib.

Ötən həftə baş nazir İmran Xan ABŞ-ın demokratiya sammiti təşəbbüsünü “soyuq müharibə dövrünün yanaşması” adlandırmışdı və bildirmişdi ki, Pakistan regionda hansısa siyasi blokun bir hissəsi olmaq istəmir, əvəzində ABŞ-la Çin arasında uçurumun dəf edilməsində rol oynamağa çalışır.
Pakistanın sammitdə iştirak etməməsini dəstəkləyən ilk ölkə isə Çin olub. ÇİN Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Litszyan Çjao Tvitter-də yazıb: “Pakistan demokratiya sammitində iştirakdan imtina etdi. Əsl dəmir qardaşdır!”

Qeyd edək ki, Bayden administrasiyası sammitə Tayvanı dəvət etməklə Pekini daha da qəzəbləndirmişdi. Pakistan Senatının “Nawaz” müsəlman liqasından üzvü Muhaşid Hüseyn Sayed “Asia Times”ə açıqlamasında deyib ki, hökumət sammitə qatılmamaqla düzgün hərəkət edib. Onun sözlərinə görə, Bayden administrasiyasının Pakistana münasibəti soyuqdur və ya düşmənçilik xarakteri daşıyır, daha çox alçaldıcıdır. Hansı ki, ABŞ dövlət katibinin müavini Vendi Şerman oktyabr ayında Hindistana səfər etsə də İslamabada səfər etməmişdi. Muşahid hesab edir ki, sammit demokratiyanın dəstəklənməsinə yox, Çini və Rusiyanı təcrid etmək üçün demokratiya kartının oynanılmasına həsr edilmişdi.
Vaşinqton sammitə Cənubi Asiya ölkələrindən ancaq Pakistan, Hindistan, Maldiv və Nepalı dəvət etmişdi. Senator qeyd edir ki, ABŞ demokratiyanın qüsurlu olduğu Hindistan və Braziliya kimi ölkələri dəvət edib Türkiyə və Şri Lanka kimi demokratik ölkələri kənarda saxlamaqla bu ölkələri müstəqil siyasət yürütdüklərinə görə cəzalandırmaq istəyib.
Tarix: 14-12-2021, 23:00
Xəbəri paylaş





Xəbər lenti