Rusiyaya qarşı “əzələ nümayişi”: “Ukrayna müharibəyə hazırlaşır”


Rusiyaya qarşı “əzələ nümayişi”: “Ukrayna müharibəyə hazırlaşır”

Ukrayna Silahlı Qüvvələri Krımla sərhəd yaxınlığında hərbi təlimlər keçirir.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb:
“Bir neçə bölmə eyni vaxtda cənub istiqamətində bir-biri ilə sıx əməkdaşlıq edərək təlim tapşırıqlarını həyata keçirir”.
Bildirilib ki, manevrlərdə Krımla sərhəddə yerləşən tank əleyhinə artilleriya və mühəndis bölmələri iştirak edir.
Qeyd edək ki, son zamanlarda Rusiyanın yanvar ayının sonunda Ukraynaya hücum edəcəyi ilə bağlı iddialar sürətlə yayılır.
Tərəflər arasında gərginlik artıq pik səviyyədədir. Hətta ABŞ bölgəyə qoşun göndərəcəyini açıq şəkildə bəyan edib.
Həmçinin, başqa ölkələr də analoji açıqlamalar verib. Bütün bunlar isə öz növbəsində vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Görünən odur ki, rəsmi Kiyev gözlənilən Rusiya təhdidinə qarşı hərəkətə keçməyə qərar verib.
Maraqlıdır, Ukrayna bu addımı ilə Rusiyaya qarşı müharibəyə hazır olduğunu göstərməyə çalışır?
Bununla bağlı Cebhe.info-ya açıqlama verən hərbi-ekspert Ramil Məmmədli bildirib ki, Ukrayna Rusiya ilə müharibə üçün hazırlıq görür:

“Ümumiyyətlə, bu günə qədər Böyük Britaniya, Kanada və Almaniya Ukraynaya hərbi təlimatçılarla yanaşı, xüsusi təyinatlı qruplar da göndərib. Bu hərbi birləşmələr isə Ukrayna Ordusunun ön xəttəki Donbas və Krım istiqamətindəki mövqelərini möhkəmləndirmək üçün gəlib. Həmçinin, baş verə biləcək hərbi əməliyyatlarda prosesi idarə etmək məqsədi daşıyır.
Ukrayna son iki ildə hücum silahları alıb. Bütün bunlar isə onu deməyə əsas verir ki, Ukrayna ciddi şəkildə müharibəyə hazırlaşır. Düşünürəm ki, zamanı gəldikdə və ilk imkanda Ukrayna Ordusu sürətli şəkildə Donbas, Krım və Azov dənizi istiqamətində müyyən üstünlüklər qazanmaq üçün hərbi əməliyyatlara başlaya bilər”.
Tarix: 15-12-2021, 21:17
Xəbəri paylaş





Xəbər lenti