Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Kişinyovda tədbirlər keçiriləcək


Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi aşağıdakıları bildirir:
Cari ilin 17 dekabr tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Kişinyovda tədbirlər keçiriləcək.
Saat 11:00-da Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin önündəki bağçada görkəmli şairin barelyefinin rəsmi açılışı olacaq.
Həmin gün saat 12:00-da Azərbaycan və Moldova Mədəniyyət nazirliklərinin dəstəyi ilə ölkəmizin Moldovadakı Səfirliyi və Moldova Respublikasının Milli Kitabxanası tərəfindən “Nizami Gəncəvi irsi mədəniyyətlərarası dialoq kontekstində” adlı birgə mədəni tədbir təşkil ediləcək.
Tədbir çərçivəsində Səfirlik tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi adından Moldova Milli Kitabxanasının kitab fonduna Nizami Gəncəvinin müxtəlif dillərə tərcümə edilmiş bir sıra kitabları təqdim ediləcək.
Qeyd edilənlərlə əlaqədar olaraq, Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi maraqlanan media nümayəndələrini sözügedən tədbirlərə dəvət edir.
Eyni zamanda qeyd etmək istərdik ki, tədbirlər karantin qaydalarına riayət edilməklə həyata keçiriləcək.
Əlaqədar şəxs: Məmmədov Əli, tel: 078991849
Arayış
Nizami Gəncəvinin poetik irsi qəzəllərlə yanaşı, beş rəqəmini ifadə edən “Xəmsə” adı ilə beş poemadan ibarətdir. Buraya “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Xosrov və Şirin”, “Yeddi gözəl” və “İskəndərnamə” daxildir. Onlar dünya ədəbiyyatı xəzinəsinə daxil olub, sonrakı bir çox mədəniyyət xadimlərinə təsir göstəriblər. Az adam bilir ki, Nizaminin “Yeddi gözəl” poemasının süjeti Cakomo Puççininin məşhur “Turandot” operasının yazılması üçün əsas olub. Şərq poeziyasının təsiri altında özünün “Qərb-Şərq divanı”nı yaradan böyük alman mütəfəkkiri Yohann Volfqanq Höte də Nizami yaradıcılığına müraciət edib. Bu il Bakı, YUNESKO-nun baş qərargahı, Vaşinqton, Los-Anceles, London, Roma, Bişkek, Daşkənd, Varşava, Lahor, Pekin, Moskva, Sankt-Peterburq, Kiyev, Almatı,Tallinn, Təbriz, Dərbənd, Minsk, Kişineu, eləcə də dünyanın bir çox başqa şəhərlərində yubiley tədbirləri, Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş beynəlxalq konqreslər keçirilib. Şairin doğulduğu şəhərdə - Gəncədə, eləcə də Bakıda, Sankt-Peterburqda, Moskvada, Pekində, Romada, Kişineuda, Dərbənddə, Daşkənddə, Xarkovda abidələr ucaldılıb. Azərbaycanın şəhərlərində küçə və parklar mütəfəkkirin adını daşıyır. Bakı metrosunun ən gözəl stansiyalarından biri olan “Nizami” metrostansiyası “Xəmsə” əsasında hazırlanmış mozaikalarla bəzədilib. Hətta Merkuridəki krater Nizaminin adını daşıyır. 2013-cü ildən Böyük Britaniyada Oksford Universitetinin nəzdində dahi mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan “Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi” fəaliyyət göstərir.
Azərbaycan Respublikası Moldova Respublikasındakı Səfirliyinin
mətbuat xidməti


Siam.az
Tarix: 15-12-2021, 23:21
Xəbəri paylaş





Xəbər lenti