Çin Rusiyanı Qazaxıstandan çıxarda biləcək? – TƏHLİL


Rusiya mediası Kremli cavab addımları atmağa çağırır. Qeyd edilir ki, Çin enerji resurslarının ixracına, Qazaxıstanın silah bazarına və bütün regiona nəzarəti ələ keçirə, həmçinin təhlükəsizlik məsələlərində aparıcı rola iddia edə bilər.
Başa çatmaqda olan ildə Rusiyanın problem yaşadığı qonşu dövlətlər sırasında, nə qədər təəccüblü səslənsə də, Qazaxıstan da oldu. Bəllidir ki, rəsmi Nur-Sultanın latın əlifbasına keçidlə bağlı qərarı ilə start götürən bu gərginlik il ərzində “dil gərginliyi”nə çevrildi. Rusiya mediası da mütəmadi olaraq Qazaxıstanda rus dilinin sıxışdırıldığını iddia edən məlumatlarla çıxış etməkdədir. Prosesə Rusiya deputatları, qazax rəsmiləri də qoşuldu. Və indi də gərginlik başqa prizmaya yönəlib. Ekspert dairələrində səslənən iddialara görə, Mərkəzi Asiyada uzun illərdir Rusiya ilə gizli rəqabətdə olan Çin hər vəchlə onu bölgədən sıxışdırıb çıxarmağa çalışır və müəyyən mənada buna nail də olur. Rusiya hakimiyyəti, mediası və siyasi dairələri də bunu gözəl anlayır və prosesi əngəlləmək üçün ssenarilər cızır, planlar hazırlayır.
Bu barədə “Kaspi” qəzeti məqalə dərc edib.

“Rosbalt”: “Çin etnik qazaxların hüquqlarını pozur”

İki ölkə arasında gizli və açıq rəqabət maraqlı formada gedir. Rusiya onun əleyhinə keçirilən aksiyaları, əhval-ruhiyyəni başqa məcraya yönəltmək üçün ən ağlasığmaz vasitələrə əl atır. Məsələn, “Rosbalt” yazır ki, Çində müsəlmanların hüquqları pozulur. Qazaxıstanın müxtəlif şəhərlərində - Nur-Sultan, Alma-Ata, Aktobe, Çımkənddə və digərlərində - “Çin ekspansiyası”, Çin ərazisində müsəlmanlara qarşı repressiyalar əleyhinə aksiyalar təşkil edilir. Həmin şəxslərin “ilkin tərbiyə düşərgələrinə” göndərildiyi iddia edilir. Qazaxıstan hakimiyyətini isə bütün bunlara rəğmən heç bir iş, fəaliyyət göstərməməkdə ittiham edirlər. “Aksiya iştirakçıları onu da bildirirlər ki, Qazaxıstan hüquq-mühafizə orqanları onları fiziki zor tətbiq etməklə hədələyir”, - deyə nəşr yazır. Maraqlı odur ki, Rusiya mediası etirazçıların müdafiəsinə qalxır, hakimiyyəti ikili mövqe nümayiş etdirməkdə ittiham edir. Qeyd edirlər ki, hakimiyyət Çinin ekspansiyasını təkzib edir, xalqı isə varlı qonşuya “sağ ol” deməyə kökləyir.

Qazaxıstan investisiya favoritinə çevrilib

Rusiya mediasında dərc olunan məqalələrdə vurğulanır ki, rəsmi Nur-Sultan soydaşlarının və digər müsəlman xalqlarının Çində yerləşən Sintzyandakı düşərgələrdə necə təzyiqlərlə üzləşdikərinə göz yumur. Rusiya nəşri “Axı qazax hakimiyyəti bunu necə etməsin? Qazaxıstan Çinin Mərkəzi Asiyada investisiya favoritinə çevrilib. Son 15 ildə Çin Qazaxıstan iqtisadiyyatına 30 milyard dollar investisiya yatırıb. Bəzi müstəqil ekspertlər bu rəqəmin iki dəfə çox olduğunu irəli sürür” yazır. Ardınca müəllif qeyd edir ki, Rusiyanın da xəsislik etdiyini düşünmək olmaz. Avrasiya İnkişaf Bankının məlumatına görə, son beş il ərzində MDB ölkələrinə Rusiyanın birbaşa investisiyası 46 milyard dollar təşkil edib ki, bu vəsaitin yarısı Avrasiya İqtisadi İttifaqı ölkələrinin payına düşüb. Ən böyük payı Qazaxıstan alıb - 11,2 milyard dollar. İkinci yerdə Özbəkistan, üçüncü yerdə isə Belarus gəlib. Çinin investisiya aktivliyini, maliyyə imkanlarını nəzərə alsaq, Rusiyanın onu ötüb keçəcəyi mümkünsüzdür. Ötən il Çinin Qazaxıstana investisiyası 15,5 milyard dollara çatıb. Bütövlükdə Çin Qazaxıstanın investisiya sahələrinin bir çox hissəsini əhatə edib. Bura maşınqayırma, neft emalı, kimya, qida, energetika, logistika və digər sahələr aiddir. Nur-Sultanın qazax elitasını mümkün qədər Rusiyadan uzaqlaşdırmağa çalışdığını iddia edən nəşr əlavə edir ki, Moskva da vəziyyətin belə hala gəlməsində günahkardır.

Pekin rəqabət qabiliyyətinə zərbə vurur?

“Hazırda Qazaxıstanın Çinə olan borcu ÜDM-in 16%-ni təşkil edir ki, bu da fəlakətli hədd hesab edilmir. Amma Çinin investisiya layihələrinin miqyasına baxsaq, bu rəqəm artacaq. Çin malları və xidmətləri digər məhsulların rəqabət qabiliyyətinə zərbə vurur” yazan Rusiya nəşri narahatlığını davam etdirir. Bildirilir ki, Çinin sağlam rəqabət prinsipinə zidd olaraq digər xarici şirkətlərin hüquqlarını pozması yerli işçi qüvvəsinin etirazına səbəb olur. “Çinin Qazaxıstanda iqtisadi planları, bütövlükdə Rusiyanın nüfuzunun azalmasına, sonda isə Moskva - Nur-Sultan münasibətlərinə neqativ təsir göstərir. Pekinin iqtisadi üstünlüyü gec-tez onun regionda siyasi və hərbi üstünlüyünə gətirib çıxaracaq”, - deyə nəşr yazır.

Moskva susur?

Lakin nəşr onu da yazır ki, indiki mərhələdə Qazaxıstanda Çinin iqtisadi ambisiyalarına rəsmi Moskvanın qısqanc mövqeyi görünmür: “Rusiya - Çin münasibətləri, demək olar ki, strateji tərəfdaşlıq səviyyəsinə çatıb və tərəflər qarşılıqlı faydalı əsasda əməkdaşlıq edir. İqtisadi baxımdan Rusiya Qazaxıstanda karbohidrogenlərin hasilatı və daşınması kontekstində maraqlıdır və Çin də hələlik buna müdaxilə etmir. Ancaq necə deyərlər, “ayın altında heç nə əbədi deyil” - Çin enerji resurslarının ixracına, Qazaxıstanın silah bazarına və bütün regiona nəzarəti ələ keçirə, həmçinin təhlükəsizlik məsələlərində aparıcı rola iddia edə bilər. Son beş ildə Çinin Mərkəzi Asiyada silahlanmasının payı 18% təşkil edib, lakin əvvəlki beş illə müqayisədə artım tendensiyası artıq müəyyən edilib”.

Nəşr sonda yazır ki, Rusiya özünü toparlamalı, Qazaxıstana və regiondakı qonşularına onlar üçün son dərəcə cəlbedici gündəm təklif etməlidir ki, heç olmasa Çinin Mərkəzi Asiyada iqtisadi üstünlüyünü azaltsın, təhlükəsizlik sahəsində üstünlüyündən qorunsun. Sonda bir faktı qeyd etmək yerinə düşər ki, Çin heç bir dövlətlə müttəfiqlik əlaqələri qurmur və bu, onun siyasi fəlsəfəsinə ziddir. Məsələn, Çin Rusiyanın istəyi ilə Krım, Abxaziya və Cənubi Osetiya məsələlərində Moskvanın yanında yer almayıb. Çünki torpaq bütövlüyü məsələsi Çin üçün əsas prinsipdir.




Tarix: 31-12-2021, 08:31
Xəbəri paylaş





Xəbər lenti