Qazın bahalaşmasına etiraz edənlər başçını qovdu – Baş nazir təcili komissiya yaratdı..


Qazın bahalaşmasına etiraz edənlər başçını qovdu – Baş nazir təcili komissiya yaratdı..
SSRİ-nin dağılması 35 il öncə Qazaxıstandakı etirazlardan başlandı...
 Qazaxıstanda qazın qiymətinin qaldırılmasına etiraz edən xalq kütləsi danışıqlara gələn akimi(vilayət başçısı) qovub.
 
Moderator.az xəbər verir ki, bu haqda  “Azadlıq” radiosunun Qazaxıstan redaksiyası məlumat yayıb.
 
Qazaxıstanın Janaozen şəhərində keçirilən “qaz” aksiyasının iştirakçıları danışıqlara gələn Manqistau vilayətinin hakimi Nurlan Noqayev və onun tabeliyində olan şəxsləri mərkəzi meydandan qovublar.
 
Regional administrasiyanın rəhbəri etirazçıların yanına gedərək bildirib ki, prezident Tokayevin göstərişindən sonra hakimiyyət nümayəndələri yanacaqdoldurma məntəqələrinin sahibi olan fərdi sahibkarlarla görüşüb və yanacaqdoldurma məntəqələrində qiymətlərin 85-90 təngəyə(təxm.33-35 qəpik) enməsi ilə bağlı razılığa gəlib. Bununla belə, sakinlər qiymətlərin 50 təngəyə(təxm. 19 qəp.) endirilməsini tələb etməkdə davam ediblər. Onlar Noqayevi çıxışını davam etdirməyə imkan verməyiblər və onu “nağılçı” adlandırıblar. Bundan sonra vilayət başçısı meydanı tərk edib.
 
Daha əvvəl bildirilmişdi ki, etirazçılar Aktau hava limanına gedən yolu bağlayıblar.  Şahidlərin sözlərinə görə, yanvarın 3-də hava limanına iki hərbi nəqliyyat təyyarəsi eniş edib.
 
Qazaxıstanda etirazlar yanvarın 2-də səhər saatlarında Janaozen və Manqistau vilayətinin digər yaşayış məntəqələrində başlayıb. Sürücülər litrinin qiyməti kəskin şəkildə 60 təngədən(təxm. 23 qəp.) 120 təngəyə (təxm. 47 qəp.) qalxmış maye qazın maya dəyərinin azaldılmasını tələb ediblər. 
 
“Sputnik-Qazaxıstan”ın yanvarın 3-də hökumətin mətbuat xidmətinə istinadla yaydığı digər məlumata görə,  Qazaxıstanın Baş naziri Əsgər Mamin respublikada maye yanacağın qiymətinin aşağı salınması üçün tədbirlər görəcəyini vəd edib. O, bununla bağlı xüsusi komissiya yaradılması barədə göstəriş verib.
 
“Hökumət dövlət başçısının tapşırığına əsasən, mayeləşdirilmiş neft qazının qiymətinin tənzimlənməsi istiqamətində kompleks tədbirlər həyata keçirir. Rəqabətin Mühafizəsi və İnkişafı Agentliyi yanacaqdoldurma məntəqələrinin sahibləri ilə bağlı qiymət sövdələşməsinə görə araşdırmaya başlayıb” -  məlumatda belə deyilir.
 
Mətbuat xidməti qeyd edib ki, komissiyanın işinin məqsədi - qazın 1 litri üçün qiymətin 120 təngədən(təxm. 47 qəp.) 85-90 təngəyədək (təxm. 33 -35 qəp. ) endirməkdir.
 
P.S. SSRİ-nin dağılması 35 il öncə Qazaxıstandakı etirazlardan başlandı...
 
Sultan Laçın
Tarix: 4-01-2022, 10:10
Xəbəri paylaş





Xəbər lenti