Tokaev milli xəyanətkar kimi tarixdə qalacaq

Hüquq müdafiəçisi Anar Məmmədli
Qazaxstanda baş verənlərə dair yaxın tarixmizdə örnəklər çoxdur. Baş verənlər ilk növbədə Qazaxstan cəmiyyəti ilə siyasi rejimin gələcək münasibətləri, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının gələcəyi, Rusiyanın və Qərbin Orta Asiyada varlığı ilə bağlı yeni mənzərə yaradacaq.
Hazırda ölənlər və yaralılar barədə dəqiq rəqəmlər yoxdur. Amma dünən Almatı mərkəzi meydanında 30 nəfərin öldüyünü hüquq müdafiəçiləri iddia ediblər.
Bizim jurnalistlər xatırlayır ki, 2003-cü ilin 16 oktyabr, 2011-ci ilin 2 aprel aksiyaları zamanı bir dəstə təxribatçı peyda olaraq, avtomobillər və mağazaların şüşəsini sındırmağa başladı. Dünən səhərdən etibarən Almatıda da bu olaylar yaşandı. Qəfildən Ticarət mərkəzlərinə və mağazalara hücumlar başladı, oralar qarət edildi. Daha sonra avtomat silahlılar peyda olub nömrəsiz maşınlardan atəş açmağa başladılar.
Faktiki olaraq, Tokayev hökuməti etiraz qruplarının fəalları və hüquq müdafiə təşkilatları ilə təmaslardan yayınaraq, etirazların güc yolu ilə dağıdılması yolunu tutub. Bu gün səhərə yaxın Almatıda hökumət nəzarətini tam təmin edə bilib. Buna baxmayaraq, KTM təşkilatına üzv ölkələr (Qırğızstan xaric) “sülhyaratma” missiyası adı ilə ölkəyə dəvət edilib. Və rus əsgərləri peyda olan kimi qəzəblənmiş kütlə onlara qarşı müqavimətə başlayıb. Bu onun göstəricisidir ki, Tokayev-Nazarbayev rejimi öz ordusu və polisinə etibar etmir. Və tək Almatıda nəzarət saxlmaqla siyasi böhran bitmir. Bu böhrandan çıxış yolu isə xaricdən ordu gətirib ölkədə Almatı-1986, Bakı-1990 və ya Vilnus-1991 yaşatmaq deyil.
Yaranmış situasiyada Kremlin və indiki Tokayev rejimin qazancı uzunmüddətli ola bilməz. Əvvəla, bu olay KTMT-yə repressiv regional qurum imici verdi. Soyuq müharibə dövründə Varşava Paktı kimi. Çox güman ki, bu olaylara görə sanksiyalar olarsa, Qərbin maliyyə və siyasi dəstəyindən asılı olan Qırğızstanla Ermənistan yaxın illərdə bu qurumu tərk edəcək.
Tokayev isə milli xəyanətkar davranışına görə uzunmüddət hakimiyyətdə qala bilməz – çox güman ki, Kreml Vəzirov kimi onu da çəkib yanına aparacaq. Ümumiyyətlə, hazırda rus əsgərlərini qəzəblə qarşılayan əhalinin nifrəti qarşısında Tokayevlərin gələcəyi sual altındadır.
Bu olaylarda hələlik seyrçi qalan ABŞ, Böyük Britaniya və Avropa Birliyi ölkələrindən gözlənti təcili olaraq həm Qazaxstanda insan hüquqlarının kobud pozulması, həm də KTMT-nin BMT Nizamnaməsinə zidd şəkildə bir ölkənin suveren hüquqları tapdalamasına münasibət bildirməsidi. Elə bir yanaşma seçilməldir ki, Qazaxstandakı indiki rejim başda olmaqla ölkəyə qoşun yeridən ölkələr hərbi, siyasi və maliyyə sanksiyaların hədəfinə çevrilsin.
Tarix: 6-01-2022, 22:26
Xəbəri paylaş





Xəbər lenti