İranın Fələstin bayrağı altında HOQQABAZLIĞI - Bunun BAŞQA ADI YOXDUR...

İranın Fələstin bayrağı altında HOQQABAZLIĞI
Tarixin dərinliyinə çox enməyin, orda ancaq itib batmaq olar. Tarixdən legitimlik ummaq çox axmaq , hətta çox təhlükəli məşğuliyyətdir. Bunu kim bilməsə də, erməni yalanlarından bıqıb usanmış cəmiyyət olaraq biz bilirik axı.

Azərbaycan Fələstin xalqının müstəqil olma haqqını tanıyır və dəstəkləyir. Amma HƏMAS yaxın müttəfiqimiz olan bir dövlətin BMT tərəfindən tanınan ərazisinə hərbi təcavüz edib. Nə qədər kitabdan kitaba salırsınız salın, bəraəti yoxdur.

İndiki savaşı nəinki bütün müsəlmanlar, nəinki bütün ərəblər, heç bütün fələstinlılər də aparmır, məhz HƏMAS aparır- İranın proksi qüvvəsi olan təşkilat. Ona dəstək verən də sırf İranın proksi qüvvəsidir-Livanın "Hizbullah"ı.

Yəni bu, İran proksiləri ilə İsrail arasında savaşdır. Azərbaycan ictimai rəyi indi daha çox İsrailin tərəfindədir, 30 illik savaşdan qalib gəlməyimizdəki oynadığı müsbət rola görə bu, təbiidir. Ancaq İran proksilərinə görə nə bütün ərəbləri, nə də fələstinliləri asıb kəsməyə ehtiyac yoxdur. İslamofob ünsürlərin məqam bilib din düşmənliyi etməsi isə gözləniləndir. Başqa nəsə gözləmirdik də..

Fələstinlilərə gəlincə, bu savaş Fələstin davasına yalnız zərər vuracaq. Bundan sonra məsum, təqib olunan, zərərdidə fələstinli obrazına oynamaq daha mümkün deyil. O məsumların öz oyununu deyil, İranın oyunu oynadığını yalnız bəsirətsizlər görməyə bilər. İndiyədək fələstinlilərin mübarizəsi ona görə beynəlxalq dəstək alırdı ki, avropalı, amerikalı liberal və solçular o mübarizəyə simpatiya ilə yanaşırdılar. HƏMAS-ın "Allahu Əkbər" sədası ilə dinc sakinlərə qarşı etdiyi vəhşilik videolarının bütün dünyanı gəzib dolaşmasından sonra bu dəstəyi gözləməyə dəyməz.

"İntifadələr"dən və "Mavi Mərmərə" hadisəsindən sonra beynəlxalq ictimai rəydə İsrailin mövcudluğunun legitimliyi mübahisələndirilirdisə, indi eyni halla Fələstin muxtariyyəti üzləşəcək. Öz içərisində radikalları cilovlaya bilməyən bir qurumun müstəqil dövlət olma haqqı niyə tanınsın ki?
Cəmaləddin H. Quliyev - DİA.AZ
Tarix: 8-10-2023, 23:09
Xəbəri paylaş





Xəbər lenti