HƏMAS İSRAİL KƏŞFİYYATINI NECƏ ALDATDI? - Dörd mərhələli plan belə icra olunub



“Oktyabrın 7-də İsrailə olunan hücum 1973-cü ildəki Ərəb-İsrail savaşından sonra bu ölkənin müdafiəsində qeydə alınan ən böyük pozuntu idi. Hadisələrin bu tərzdə inkişaf etməsi HƏMAS-ın hərbi planlarını gizli saxlamağa və İsraili döyüşmək istəmədiyinə inandırmağa hesablanan iki illik bir hiylənin nəticəsi idi”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Reuters” agentliyinin HƏMAS-a və İsrailə yaxın mənbələrinə istinadla yayımladığı məqalədə bildirilib.
Sözügedən məqalənin maraqlı hisssələrinin tərcüməsini təqdim edirik: “HƏMAS əvvəlcə İsraillə döyüşə hazır olmadığı təəssüratını yaratdı. İsrail rəsmiləri də etiraf edirlər ki, yəhudilərin dini bayramına təsadüf edən hücum zamanı onlar buna hazır olmayıblar və ehtiyatsız davranıblar.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü mayor Nir Dinar bu barədə bildirib: “Bu, bizim 11 sentyabr hadisəmizdir. Onlar bizi təəccübləndirdi və bir çox yerdən - həm havadan, həm yerdən, həm də dənizdən sürətlə gəldilər”.
HƏMAS uzun müddətdir bu hücuma hazırlaşırdı. Hazırlıqların ən diqqət çəkən elementlərindən biri olaraq Qəzzada İsrailin maket qəsəbəsi inşa edilmişdi. Burada hücumla bağlı hərbi məşqlər edilir, təlimlər keçirilirdi. İsrail şübhəsiz ki, bu təlimləri görürdü. Lakin onlar əmin idilər ki, HƏMAS-ın bu təlimləri İsrailə qarşı yönəlməyib.Bu arada HƏMAS İsraili inandırmağa çalışıb ki, o, daha çox Qəzzadakı işçilərin xaricdə iş imkanına malik olmasını təmin etməklə məşğuldur və yeni müharibəyə başlamaqda maraqlı deyil. Bir sözlə HƏMAS İsrailə qarşı hərbi avantüraya hazır olmadığına dair güclü bir imic yarada bilmişdi.
“Biz inanırdıq ki, onların işləmək üçün gəlib Qəzzaya pul gətirməsi müəyyən səviyyədə sakitlik yaradacaq. Amma Biz yanılmışıq”, - İsrail ordusunun başqa bir əməkdaşı deyib.

Mənbə bildirib ki, HƏMAS-ın nümayiş etdirdiyi təmkinlilik bəzi tərəfdarların ictimai qınağına səbəb olsa da, onların məqsədi yeni müharibə deyil, iqtisadi narahatlıqları olduğu təəssüratı yaratmağa yönəlib. Eyni zamanda, İsrail Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq üçün razılığa gəlməyə çalışarkən diqqətini HƏMAS-dan yayındırıb.
Məlum məsələdir ki, İsrail kəşfiyyatı uzun müddətdir islamçı qruplara nüfuz edərək, onları təqib etməyə, nəzarətdə saxlamağa çalışır. HƏMAS-a yaxın mənbənin bildirdiyinə görə, əsas məqsədlərdən biri məhz bu sızmaların qarşısını almaq olub. Hətta HƏMAS-ın bir çox liderləri İsrailə hücum planından xəbərsiz olublar. Sözügedən təlimlərdə iştirak edən 1000 döyüşçü və HƏMAS liderlərinin bu hazırlıqların dəqiq məqsədi barədə heç bir məlumatı olmayıb.
Əməliyyat günü plan 4 hissədən ibarət olub.
Birincisi, Qəzza zolağına 3000 raket atılıb.
İkincisi, bu raket hücumu HƏMAS yaraqlılarının deltplanlarla uçaraq bölgəyə eniş etməsi ilə eyni vaxtda icra olunub. Onlar bölgəyə eniş etdikdən sonra elit komando birliyinin Qəzzanı ətrafdakı yaşayış məntəqələrindən ayıran möhkəmləndirilmiş divarlara hücum edə bilməsi üçün mühafizə ediblər. Döyüşçülər baryerləri aşmaq üçün partlayıcıdan istifadə edib, sonra isə motosikletlərə əraziyə daxil olublar.
Üçüncüsü, onlar ilk növbədə İsrail ordusunun Qəzza zolağının cənubunda yerləşən qərargahına hücum edərək, şəxsi heyətin komandirləri arasında kommunikasiyalarını kəsiblər.
Dördüncü – son mərhələ əsirlərin Qəzzaya köçürülməsi ilə bağlı olub.
İsrail təhlükəsizlik qüvvələri üçərisində olan mənbə etiraf edib ki, Qəzza zolağının cənubundakı bölgədə o qədər də güclü deyillər. Çünki İsrail öz əməkdaşlarını fələstinli yaraqlılardan qorumaq üçün onları İordan çayının qərb sahilinə yerləşdirib”.
Tarix: 9-10-2023, 15:56
Xəbəri paylaş





Xəbər lenti