Ermənistan indi də Fransanın forpostu olmaq yolunu tutdu – Kreml onu “boğan” İrəvanı bağışlamayacaq

Ermənistan indi də Fransanın forpostu olmaq yolunu tutdu
Dünyanın siyasi kursunu dəyişən regional münaqişələr həm də qlobal qarşıdurmalara səbəb olur. İki ilə yaxındır davam edən Rusiya Ukrayna müharibəsi, Yaxın Şərqdə gündə yüzlərlə insanın ölümünə səbəb olan HƏMAS İsrail qarşıdurması dünyanın nizamını pozur. Hər iki müharibənin tezliklə başa çatacağını söyləmək çətin olsa da, istər Şərqi Avropada, istərsə də Yaxın Şərqdə başlayan amansız savaşlar dünyanın siyasi kursunu dəyişməklə yanaşı siyasi xəritələrinə də təsirsiz ötüşməyəcək.

Cənubi Qafqazda da 30 illik qarşıdurma sona çatmayıb və Ermənistanın qeyri-konstruktiv siyasəti nəticəsində bəzi məsələlər hələ də öz həllini gözləyir. Regionda mövqe dəyişkiliyi etməyə adətkar olan Ermənistan gündə bir dövlətlə sövdələşir və keçmiş müttəfiqlərinə ağız büzür. Bu isə Ermənistanın əsas müttəfiqi Rusiyanın maraqlarına uyğun deyil və ruslar ermənilərin xəyanətini onlara bağışlamayacaq.

Rusiyanı bölgədən çıxarmağa israr edən baş nazir Nikol Paşinyan hesab edir ki, müttəfiqi ermənilərin yerinə vuruşmayıbsa, deməli, onlar Ermənistan ərazisində qalmamalı və ermənilər Rusiyanın iştirak etdiyi təşkilatlardan çıxmalıdırlar. İndi Ermənistanı bu işə sövq edən Qərb düşmən ölkəni KTMT-dən çıxmağa təhrik edir və yalnız bundan sonra ermənilər Qərblə daha yaxından əməkdaşlıq edə biləcəyini düşünürlər.

Ardınca Avrasiya İqtisadi Birliyindən çıxmağı hədəfləyən Ermənistan bununla da Cənubi Qafqazda Fransanın forpostuna çevriləcək. Yəni uzun müddət Rusiyanın vassalı olan ermənilər indi öz ağalarını dəyişməklə məşğuldurlar. Elə buna görə də Ermənistan baş naziri Bişkekdə keçirilən MDB ölkələrinin dövlət başçılarının sammitində iştirakdan imtina etdi. Bunu bir çox səbəblərlə izah edən siyasi təhlilçilər hesab edir ki, Paşinyanın Bişkekə getməməsi sırf Rusiya amili ilə bağlıdır.
Son vaxtlar Ermənistanda anti-Rusiya kampaniyası, Paşinyanın son müsahibələrində Rusiya əleyhinə fikirləri, ən başlıcası isə Ermənistan parlamentinin Roma statunu ratifkasiya etməsi baş naziri Putinlə üz-üzə gəlməkdən çəkindirdi. Bir çox siyasi ekspertlər isə hesab edir ki, Paşinyanın Bişkekə getməməsini Qərb istəməyib və Ermənistanı bu platformadan kənarlaşdırmaq üçün baş nazirə Bişkekə getməməyi tövsiyə edib.

Rusiyanın dəstəklədiyi Zəngəzur dəhlizinin açılmasına mane olan Ermənistan bunu Fransa və digər qolbəylərinin diqtəsi ilə edir. Üçtərəfli bəyyanamənin 9-cu bəndində nəzərdə tutulan dəhlizə Rusiyanın Federal qüvvələri nəzarət etməlidir. Ermənistan isə bütün danışıqları pozur və kommunikasiyaların açılmasını əngəlləyir. Sanksiyalar altında boğulan Rusiya iqtisadiyyatı üçün Zəngəzur dəhlizi daha əlverişlidir. Qərb də bunu anlayır və Rusiyanın iştirak edəcəyi bu layihənin bloklanması üçün əlindən gələni edir.

Türk dünyasının birləşməsini özlərinə təhdid hesab edən qüvvələr də Zəngəzur dəhlizinin açılmasına qarşıdırlar. Amma bütün hallarda dəhlizin region dövlətləri üçün iqtisadi səmərəsi daha çoxdur. Zəngəzur dəhlizi daha bir layihə ilə – “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə sıx bağlıdır.

Əlverişli şəraitdə iki strateji əhəmiyyətli yol birləşdirilə bilər. Bu, şübhəsiz ki, təkcə Cənubi Qafqazı deyil, həm də Yaxın Şərqlə kommunikasiyaların inkişafına mühüm təkan verəcək. Ermənistan isə bu layihəyə qarşıdır. İqtisadi faydalardan əlavə, Rusiya sərhədçilərinin dəhlizə nəzarəti təsir rıçaqlarıdır. Bu, nəzəri cəhətdən Rusiya kontingentinin Ermənistandakı mövqeyini gücləndirəcək və Qarabağdakı hadisələrin son dərəcə uğursuz inkişafından sonra vəziyyətə nəzarəti bərpa etməyə imkan verəcək.

Zəngəzur dəhlizi həm də Gürcüstan üzərindən Türkiyəyə gedən marşruta ən yaxşı alternativ nəqliyyat xəttidir. Bu yol hazırda Rusiya ilə Türkiyə arasında Cənubi Qafqazdan keçən yeganə əlaqədir. Təbii ki, gürcülərin yolu bağlamaq fikirləri yoxdur. Amma istənilən vəziyyətdə B planı işə düşə bilər.
Deməli, Zəngəzur dəhlizi regional layihədir və Ermənistanın siyasi iradəsindən asılı olmayaraq açılacaq.
KONKRET.az
Tarix: 13-10-2023, 14:25
Xəbəri paylaş





Xəbər lenti