“Xoruzları cəbhədən qaytarın” yazan icma başçısı həbs edildi

“Xoruzları cəbhədən qaytarın” yazan icma başçısı həbs edildi
Moskvada məhkəmə regionlararası “Vatandoş” özbək icmasının başçısı Usman Baratovu iki ay müddətinə həbs edilib.

O sosial mediada “nifrət və ya düşmənçilik” qızışdıran post yazmaqda ittiham olunur. Baratov təqsirsiz olduğunu bildirir. Baratov ötən ilin dekabrında kəskin artmış yumurta qiymətlərinin müzakirəsi zamanı post yazmışdı.

Həmin postda toyuq şəkli vardı və toyuğun dilindən belə yazılmışdı: “Alın sizə yumurta! Xoruzları cəbhədən qaytarın”.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, onun bu postu kremlyönlü blogerlərin diqqətini cəlb etmişdi. Onlar bu postda Ukrayna ərazisində döyüşənlərin arvadlarına eyham vurulduğunu iddia ediblər.

Blogerlər özbək icmasının başçısı barədə cinayət işinin qaldırılması üçün Rusiya İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkinə müraciət ediblər.

Baratov məhz bundan sonra saxlanıb. İstintaqın versiyasına görə “Vatandoş” icmasının başçısı Rusiya vətəndaşlarından bir qrupunun, o cümlədən “xüsusi hərbi əməliyyat” (Rusiya Ukraynaya tammiqyaslı müdaxiləsini belə adlandırır - red) iştirakçılarının ləyaqətini alçaldıb.

İstintaq Komitəsinin Moskva idarəsi deyib ki, Baratovun işi üzrə bir sıra məhkəmə ekspertizaları, o cümlədən dilçilik və kompüter-texniki ekspertizası təyin edilib. Bu da xəbər verilir ki, müstəntiqlər onun mümkün əlbirləri ilə maraqlanırlar.

Baratov məhkəmədə təqsirini etiraf etməyib. O deyib ki, “toyuğun satirik təsviri ilə xüsusi hərbi əməliyyat iştirakçıları arasında heç bir bağlılıq yoxdur”.

Bu arada Rusiya Dövlət Duması spikerinin müavini Pyotr Tolstoy milli icmaları və diasporaları kriminal strukturlarla eyniləşdirməyə çağırıb. O deyib ki, “millətlərarası liberalizmə” son qoymaq və belə birlikləri ləğv etmək lazımdır.

Mənbə: yenisabah.az
Tarix: 20-01-2024, 14:22
Xəbəri paylaş





Xəbər lenti