“YARDIM KƏSİLƏCƏK, DONBASI İTİRƏCƏYİK” – Ukrayna hakimiyyəti və cəmiyyəti səksəkə içindədir

“YARDIM KƏSİLƏCƏK, DONBASI İTİRƏCƏYİK” –
Dünyada ABŞ-dəki prezident seçkilərinin nəticələrini az qala amerikalılar qədər gərginlikdə gözləyən dövlətlərdən biri, bəlkə də birincisi Ukrayna oldu. Hazırda Donald Trampın prezident olmasının Ukraynaya hansı gələcəyi vəd etdiyi barədə müzakirələr qızışmağa başlayıb.

“Finacial Times” nəşrinin yazdığına görə, Ukrayna hakimiyyətində, xüsusilə də ordu rəhbərliyində Trampın prezidentliyindən gözləntilər heç də müsbət deyil.

Qəzet yazır ki, Ukrayna ordu rəhbərliyində çoxları Donald Trampın prezident olması ilə ABŞ-nin Kiyevə hərbi yardımının dayandırılacağından və Ukraynanın ən azı Donbası itirəcəyindən ehtiyatlanırlar.

Bu barədə “Financial Times” adının açıqlanmasını istəməyən bir neçə ukraynalı yüksək rütbəli hərbçiyə və hökumət müşavirlərinə istinadla yazıb. Hərbçilərdən biri qəzetə açıqlamasında ABŞ-nin Ukraynaya dəstəyini “ölüm-qalım məsələsi” adlandırıb və "Biz Trampı bizimlə olmağa inandırmalıyıq" deyib.

Ukrayna hökumətinin müşaviri isə Trampın “bütün dünyanı xaosa sövq edə biləcəyindən” qorxduqlarını söyləyib. O, bunun Avropa və Britaniya üçün “həqiqət anı” ola biləcəyini və Avropa liderlərinə, “nəhayət, özlərini böyük kimi sübut etmək” şansı yaratdığını deyib. Lakin Qərb liderlərinin bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə də şübhə etdiyini söyləyib.

Qəzet yazır: “Ukraynada çoxları Trampın Kiyevi müharibədə təslim olmağa məcbur edəcəyindən ehtiyat edərək, Kamala Harrisin qələbəsinə ümid bağlamışdı. Ali Radadakı hakim “Xalqın Qulluqçusu” Partiyası fraksiyasının lideri David Araxamia “Financial Times”-la söhbətində qeyd edib ki, “indi bir çox problemlər” olacaq, lakin eyni zamanda da “yeni dinamika yaranacaq”.

Ukrayna Baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Olqa Stefanişinanın sözlərinə görə isə, Tramp Kiyevin xeyrinə “daha çox siyasi impuls” təşkil edə bilər.
Ətraflı

Ali Radanın Xarici Əlaqələr Komitəsinin rəhbəri Aleksandr Merejko Trampla bağlı “ehtiyatlı nikbin” olduğunu deyib: “O, uğurlu prezident olmaq istəyir və uğur o deməkdir ki, Ukrayna onun üçün uğursuzluq hekayəsi deyil, uğur hekayəsi olmalıdır”.

Xatırladaq ki, seçki kampaniyası zamanı Donald Tramp dəfələrlə bəyan edib ki, onun dövrü olsaydı Ukraynada müharibənin başlamayacaqdı. O, həmçinin seçkilərdə qalib gələrsə, ABŞ prezidenti vəzifəsinə rəsmən başlamazdan əvvəl 24 saata Ukraynada hərbi əməliyyatları dayandıracağına söz verib. Bundan əlavə, Tramp bir neçə dəfə Zelenskinin ünvanına tənqidlər səsləndirib. Seçki kampaniyasında verdiyi müsahibədə Tramp həmçinin deyib ki, Zelenski Rusiyanın Ukraynaya qarşı təcavüzünə görə şəxsən məsuliyyət daşıyır.

Bütün bunlara baxmayaraq, Volodimir Zelenski ABŞ seçkilərinin ilkin nəticələri açıqlanan kimi Trampı qələbə münasibətilə təbrik edən ilk dünya liderlərindən biri oldu. O, öz bəyanatında Trampla “Ukrayna ilə ABŞ arasında strateji tərəfdaşlığı, qələbə planını və Rusiyanın Ukraynaya qarşı təcavüzünə son qoymağın yollarını” müzakirə etdiyi sentyabr görüşünü xatırladıb. Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak da təbrik məktubu yazaraq, iki liderin Trampın əvvəlki prezidentliyi dövründə “yaxşı iş münasibəti”nin olduğunu qeyd edib.

Göründüyü kimi, zatən müharibənin olduqca ağır duruma saldığı Ukrayna indi də Trampın prezidentliyinə görə səksəkə içərisindədir. Trampın müharibə ilə bağlı seçkiqabağı vədlərinin nə dərəcədə reallaşacağı və Ukraynanın qurban verilib-verilməyəcəyi sualı açıq qalır…

Lakin Ukraynada müharibədən bezənlər də həddindən artıq çoxdur və onlar bu dəhşətə nə yolla olursa olsun son qoyulmasını istəyirlər. Onların əksəriyyəti Trampın hakimiyyətə gəlişini müsbət qarşılayırlar. Ukraynalı təhlilçilərdən birinin dediyi kimi, “sonsuz dəhşətdənsə, dəhşətli sonluq yaxşıdır”…
Tarix: 8-11-2024, 23:08
Xəbəri paylaş





Xəbər lenti