"Agentlik sədri niyə tanımadığı Çernobıl veteranının işdən çıxmasına göstəriş versin?" - ETİRAZ VAR...
Şəkinin Baş Göynük kənd sakini, II qrup əlil, 1967-ci il təvəllüdlü Aqil Məmmədov 12 ilə yaxındır sürücü kimi işlədiyi Şəki Suvarma Sistemləri İdarəsindən qanunsuz işdən çıxarıldığını iddia edib. Şikayətçi bildirib ki, idarə rəhbərliyi ona işdən çıxarılacağı ilə bağlı əvvəlcədən xəbərdarlıq etməyib, hazırda çıxılmaz vəziyyətdə dolanışıq üçün kömək gözləyir.
“İdarənin rəisi Sabir Əhmədov zəng edərək təcili öz xahişimlə işdən çıxmaq üçün ərizə yazmağımı istədi. Ona əlil və xüsusi kateqoriyaya aid Çernobıl veteranı olduğumu xatırlatdım. Bildirdim ki, ixtisarlara mənimlə başlamaq mövcud qaydalara ziddir”,-Məmmədov Meydan TV-yə bildirib.
Şikayətçinin sözlərinə görə, onun ixtisarını idarə etdiyi avtomobilin köhnəlməsi ilə əlaqələndiriblər:
“Öz xahişimlə işdən çıxmaq təklifi ilə razılaşmadım. Dedilər ki, göstəriş birbaşa Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov tərəfindən gəlib. Agentlik sədri niyə tanımadığı Çernobıl veteranının işdən çıxmasına göstəriş versin? Bu bəhanəyə inanmıram”.
A.Məmmədov bildirib ki, aidiyyatı qurumlara müraciət etməsinə baxmayaraq, martın 6-da xəbərdarlıq etmədən işdən çıxarılıb.
“Üç qızım mənim himayəmdədir, üstəlik, əlil övladı olan bacıma da köməklik edirəm. Ünvanladığım məktuba agentliyin Aparat rəhbərinin imzası ilə cavab göndərilib. Guya mənim Çernobıl veteranı və əlil olmağımdan 10 ildən çox işlədiyim Şəki Suvarma Sistemləri İdarəsinin xəbəri olmayıb. Yalnız işdən çıxarılandan sonra bundan xəbər tutublar. Deyirlər ki, Həmkarlar İttifaqının qərarı ilə işdən çıxarılmışam. İşə vaxtlı-vaxtında getməməyimi əsas gətirirlər, mən isə bunun sübut olunmasını istəyirəm”,-Məmmədov bildirib.
O, Prezident İlham Əliyevə müraciət edərək öhdəsində 3 qız övladının olmasını, bacısının ailəsinə də yardım göstərməsini nəzərə alaraq işlə təmin edilməsinə yardm göstərməyi xahiş edib. Hazırda fəhlə kimi çalışan Məmmədov səhhətində problemlər yarandığını da qeyd edib.
Şəki Suvarma Sistemləri İdarəsindən Meydan TV-nin sualını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yönləndiriblər. Agentlikdən isə şikayətlə bağlı açıqlama verməyiblər.