Paxıllar cəhənnəmdə

Paxıllar cəhənnəmdə Jurnalistlər üçün tikilən 255 mənzilli bina ətrafında qalmaqal və saçyoldu tam şiddəti ilə davam etməkdədir, özü də bu dava Böyük Vətən Müharibəsinin başlandığı tarixdən - 22 iyundan etibarən daha şiddətlənibdir. Bəlkə burda rəqəmin yuvarlaq olması rol oynayır, çünki düz bir ay sonra Milli Mətbuat Günümüzdür, rəhmətlik Həsən bəy Zərdabi 1875-ci ildə ilk qəzetəmizi məhz 22 iyulda buraxıbdır, hərçənd bu gün bizdəki mətbuatın ağlar gününü görsə, heç qəzet buraxmazdı, gedib Zərdabın Yarməmmədbağı kəndində mal həkimi işləyərdi.

Bir məsələ də var ki, bu 22 iyunu biz - sovet zəhmətkeşləri davanın başlama günü olaraq qeyd edirdik, kitablara yazırdıq. Sonra SSRİ dağıldı, onun uydurma tarix kitabları da cırıldı getdi, gerçəyi öyrəndik. Sən demə, bu davanın adı 2-ci dünya savaşı imiş və əslində 22 iyunda yox, heç 1941-ci ildə də başlamayıbmış, 1939-cu ilin sentyabrına, bəzi versiyalara görə isə lap avqustuna gedib çıxırmış.

Bunu ona görə yazdım ki, bizim jurnalistlərin və zurnalistlərin ev davasının tarixi də əslində indiki iyun ayına yox, çox dərinlərə gedib çıxır. Molla Nəsrəddinin yağ alverində dediyi kimi, çox eşələmirəm, qoxusu çıxar.

Ancaq xəbər lentində bir hörmətli hüquq-mühafizə orqanında çox hörmətli mətbuat katibi vəzifəsini daşıyan olduqca hörmətli zatın da adının ev istəyində hallanması diqqətimi çox çəkdi. Jurnalistlər şəkil çəkib, yazı hazırlayıblar, deyirlər müəllimin villası var, bəs evi niyə istəyir, imkan versin, bir evsizə mənzil qismət olsun. Müəllim isə buna kəskin cavab veribdir. Sitat: “Mənzil almaq üçün müraciət etmişəm, ya etməmişəm ondan kimə nə? Əgər yazırlarsa ki, ..... (burada müəllim üçüncü şəxs qismində öz adını çəkmişdir, lakin mən onun adını yazmaq istəmirəm, qoy dövlət sirri pozulmasın - Z.H.) villası filanı var, yenə deyirəm, bu ancaq paxılıq hissidir, onlar haqq-ədalət hissini unudublar. Əgər haqqımda yazılanlar həqiqətən varsa, onda başqaları buna niyə kədərlənir, niyə paxıllıq hissini ortaya qoyurlar? Tutaq ki, evim var, yenə də ev istəyirəm. Bunun kimə nə aidiyyatı var, heç bilirlər mən hansı şəraitdə yaşayıram?”. Sitatın sonu.

Doğrudan, paxıllıq bizim millətin evini yıxacaqdır. Hamı bir-birinə paxıllıq edir, ayağından dartır, inkişaf eləməyə qoymur. Görürsən bir dövlət qulluqçusu bahalı maşında gedir, dərhal söz atırlar: “Bunu hansı maaşla alıb, büdcədən oğurlayır”. Sonra prokurorluq gəlir, cinayət işi-filan... Adam əlli-ayaqlı gedir. Türmələrimizdə korrupsioner məmur əlindən çarpayı da qalmayıb, təzə siyasi məhbus tutanda çadır düşərgəsinə yerləşdiririk. Birinin villasına, o birinin qızıllarına, başqasının ofşor hesablarına paxıllıq edirik. Halbuki, atalarımız deyibdir ki, bacarana baş qurban. Dövlətin malı dənizdir, onu yeməyən donuzdur. Hamı necə, sən də elə. Başını aşağı sal, dolan. Çox düzləri düzdə qalan gördük. (Bu axırıncı evsiz qalan əfəl yazarlara aiddir).

Özü də bu məmur müəllim keçən il bir sayta şəkilli intervü vermişdi, orda şkaf dolusu cürbəcür spirtli içkiləri də göstərilmişdi. Sən demə, müəllim bahalı araq-viski kolleksiyası yığırmış, hərçənd, müsahibədə demişdi özü içmir. Nə biləsən... Paxıllıq da qoymur düşünək. İndi ola bilər müəllimin o butulka kolleksiyası villaya sığışmır, hökumətdən təzə ev istəyir ki, ora daşısın. Bəlkə gələcəkdə araq muzeyi açacaq? Niyə paxıllıq edirik?

Məncə biz bu paxıllığa son qoymalıyıq. Qarabağ boyda dərdimiz var. Yadıma düşdü, bu torpaq davası təzə qızışan vaxtlar beynəlmiləl temada yaxşı bir lətifə var idi. Erməni, gürcü və azərbaycanlı ölür, cəhənnəmə düşürlər. Orda idarənin müdiri, necə deyərlər, müvafiq tapşırıqlarını verir, deyir gürcülər qaynayan qır qazanının ağzını bərk bağlayın, bir-birinin belinə çıxıb, əlindən tutub qaçarlar. Ermənilərə də odun əldə etməyə imkan verməyin, nərdivan düzəldib qaçarlar. Azərbaycanlılar qaynayan qazanın ağzına isə heç qapaq da qoymayın, çünki kim çıxmaq istəsə onsuz o birilər ayağından dartıb təzədən qazana salacaqdır. Axırda da torpaqlarımız işğal olundu.

İndi məmurun villa üstündən əlavə ev istəməsinə paxıllıq etsək, Qaradağı da itirərik.
Tarix: 23-06-2017, 09:31
Xəbəri paylaş





Xəbər lenti