Bağlanan McDonalds şəbəkəsi haqda yeni xəbər və maraqlı faktlar...

Bağlanan McDonalds şəbəkəsi haqda yeni xəbər və maraqlı faktlar... İyunun 27-də Bakının mərkəzində, Fəvvarələr Meydanında yerləşən McDonalds restoranlar şəbəkəsi nümayəndəliyinin bağlanılması ilə bağlı məlumat vermişdik.

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, artıq restoran öz fəaliyyətini yenidən davam etdirir. Restoranın bir müddətlik fəaliyyətinin dayandırılması məsələsinə gəldikdə isə, əməkdaşımızın əldə etdiyi məlumata görə, buna səbəb saatlarla restoranın elektrik enerjisinin dayandırılması olub. Restoranda elektrik enerjisi yalnız axşam saatlarında bərpa olunub və yenidən fəaliyyətinə başlayıb.


Qeyd edək ki, iyunun 27-də səhər saatlarından restorana gələn müştərilər gözlənilmədən restoranın qapısının bağlı olduğunu görüblər. Restoranın qarşısında əyləşən işçilər gələn müştərilərə restoranın hansı səbəbdən bağlanıldığını izah edə bilməyiblər.

Musavat.com-un əməkdaşına açıqlama verən işçilərdən birinin sözlərinə görə, gecə saat 04:00 radələrində məlum olmayan səbəbdən restoranın işıqları söndürülüb.

Qeyd edək ki, adıçəkilən şəbəkə Azərbaycanda ilk açılan McDonalds restoranıdır. Bu restoran 1999-cu il noyabrın 6-da açılıb. Hazırda Azərbaycanda 10 McDonalds restoranı fəaliyyət göstərir ki, bu restoranlarda da 850-dən çox əməkdaş çalışır.

Bir qədər McDonalds haqqında məlumat verərək bildirək ki, bu fastfud şəbəkəsi ilk dəfə 1940-cı ildə ABŞ-da yaradılıb. Şirkətin mənzil-qərargahı Çikaqo şəhərinin yaxınlığında, Oak Brukda yerləşir. Həmin ilin sonunda Dik və Mak Makdonald qardaşları San-Bernardinoda (Kaliforniya) sürücülər üçün açdıqları kiçik restoranı təkmilləşdirmək üçün yeni üsullar axtarırdılar. Yaxşı gəlir gətirən bizneslərində kiçik dəyişikliklər etmək əvəzinə, onlar sürətli xidmət, ucuz qiymət və böyük həcmə əsaslanan tamamilə yeni bir konsepsiya icad etdilər.

Onlar piştaxta qarşısında özünəxidmət üsuluna keçərək, 25 növ yeməkdən ibarət Barbekyu menyusundan imtina edib, cəmi 9 adda məhdud menyuya üstünlük verdilər. Bunlar qamburger, çizburger, üç cür soyuq içki, süd, kofe, qızarmış kartof dilimləri, kökə və restoran işə başladıqdan sonra əlavə olunan kartof-fri və südlü kokteyl idi.

1954-cü ildə südlü kokteyl hazırlayan maşınlar üzrə ticarət agenti Rey Krok Makdonald qardaşlarının restoranını ilk dəfə öz gözləri ilə gördü. O zaman Rey Krokun 52 yaşı vardı. Bu yaşda çoxları təqaüd haqqında düşünür. Krok isə bu gün McDonalds kimi tanıdığımız həmin şirkətin əsasını qoydu.

1950-ci illərdə Rey Krok kokteyl hazırlamaq üçün Multi-Mixer maşınlarının müstəsna destribütoru kimi gəlirli biznes qura bildi. İlk dəfə onu San-Bernardinodakı qamburger satışı üzrə Makdonald qardaşlarının restoranına məhz Multi-Mixer-lər gətirib çıxartdı. Krok qardaşların hər ay 20 000 pay kokteyli necə sata bildiklərinin sirrini aça bilsəydi, onlara daha çox maşın sata bilərdi.

Lakin, 1954-cü ildə, səhər saatlarında Makdonald qardaşlarının restoranında paketdə qamburger və kartoflar alan alıcı növbəsinin sürətlə irəliləməsini görən Krokun ağlına ancaq bir fikir gəldi: “Belə sistem hər yerdə işləyəcək”.

Makdonald qardaşları bütün ölkədə özlərinin yaratdıqları konsepsiya ilə biznesin genişlənməsinə şəxsən nəzarət etmək istəmirdilər, buna görə də Rey Krok onların frençayzinq üzrə müstəsna agenti oldu. 1965-ci ildə McDonalds restoranlar şəbəkəsininin restoranlarının sayı 700-ə, 2012-ci ildə isə 32 000-ə çatır.

Maraqlı fakt kimi qeyd edək ki, ən kiçik McDonalds restoranı Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşir. Restoranın sahəsi cəmi 46 m2 təşkil edir.

Onu da qeyd edək ki, McDonaldsın hazırki prezidenti Stiv İsterburqdur. O, 2015-ci ildə istefa verən Don Tompsonu əvəz edib.

Siam.az
Tarix: 29-06-2017, 21:49
Xəbəri paylaş





Xəbər lenti