İstintaqa çağırılan deputatdan sərt açıqlamalar

İstintaqa çağırılan deputatdan sərt açıqlamalar Elman Nəsirov: “Siyasi şou yaradırlar ki...”

Deputat Elman Nəsirovun jurnalist Əfqan Muxtarlının işi ilə bağlı istintaqda ifadə verəcəyi barədə xəbərlər yayılıb. Bakı Apelyasiya Məhkəməsi tərəfindən iyunun 29-da Ə.Muxtarlının barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına buraxılması barədə şikayətə baxılarkən müdafiə tərəfinin vəsatəti əsasında qərar çıxarılıb.


Prosesdən sonra mətbuata açıqlama verən jurnalistin vəkili Elçin Sadıqov bildirib ki, Əfqan Muxtarlının həbsinin “iki ölkənin xüsusi xidmət orqanlarının əməliyyatı” olduğunu təsdiqləyən deputat Elman Nəsirov istintaqda dindiriləcək. Deputat “Yeni Müsavat”a açıqlamasında kifayət qədər sərt danışdı: “AzadlıqRadiosu fikirlərimlə bağlı müəyyən qədər təhriflərə yol verib. Bu barədə mən öz təkzibimi vermişəm. Mətbuatda da buna aydınlıq gətirmişəm. Bununla bağlı yeni bir fikrim yoxdur. Muxtarlının konkret maddələr üzrə məsuliyyət daşıdığı faktı hər kəsə bəllidir. O hansı maddələrlə ittiham olunursa, mənim də mövqeyim həmin mövqe ilə üst-üstə düşür. Yəni yeni deyəcəyim heç nə yoxdur. Sadəcə olaraq, onun vəkili də, onun arxasında dayanan qüvvələr də siyasi şou yaradırlar ki, bulanıq suda balıq tutsunlar. Hər zaman bu mövqeyi bildirirəm ki, Azərbaycanda heç kəs siyasi məhbus deyil. Bu, ölkəmizin demokratik inkişafından irəli gələn məsələdir. Demokratik inkişaf yolunu seçən və bu istiqamətdə ciddi uğurlara imza atan Azərbaycanı müəyyən siyasi dairələr ləkələmək istəyirlər.

Avropa Parlamentinin özündə də təəssüf ki, belə qüvvələr var. Onlar üçün əslində Əfqan Muxtarlı bir bəhanədir. Həmin qüvvələr istər Əfqan Muxtarlı, istərsə də qeyri biri olsun, çalışırlar ki, ölkəmizə qarşı qarayaxma kampaniyası aparsınlar. Biz bunun dəfələrlə şahidi olmuşuq. Bizdə siyasi məhbus yoxdur və ola da bilməz. Ölkəmizdə konkret fəaliyyətində cinayət əməli olan şəxslər məsuliyyətə cəlb olunurlar. Hər hansı bir peşə fəaliyyəti heç bir şəxsi törətdiyi cinayətdən azad edə bilməz. İstər həkim, istər müəllim, istər jurnalist, istər dövlət məmuru olsun, hər kəsin fəaliyyətində cinayət tərkibi varsa, o, qanun qarşısında cavabdeh olmalıdır.

Mənim mövqeyim bundan ibarətdir. Təəssüf ki, bizdə cinayət yolunu seçmiş müəyyən insanlar bilərəkdən siyasi bəyanatlarla çıxış edirlər. Onsuz da onların tutduğu yol gec-tez hüquqi müstəvidə cavab vermələrini tələb edəcək. Onlar qəsdən belə siyasi bəyanatlarla çıxış edirlər ki, gələcəkdə öz fəaliyyətlərinə siyasi don geyindirsinlər, gələcəkdə konkret əməllərinə görə məsuliyyətə cəlb olunanda deyə bilsinlər ki, siyasi məhbusdurlar. Biz bu taktikanı çox gözəl bilirik. Cənab prezident hüquqi dövlət quruculuğunu çox uğurla həyata keçirir. Deyərdim ki, hətta bir çox dövlətlər bizdən öyrənirlər. Artıq bütün istiqamətlərdə Azərbaycan öz inkişaf modelini ortaya qoyub, eyni zamanda hüquqi məsələlərin özündə də. Müəyyən xarici dairələr hər vəchlə cəhd edirlər ki, Azərbaycanı nədəsə ittiham etsinlər, təki ölkəmizə qarşı qarayaxma kampaniyası təşkil edə bilsinlər. Onların xisləti bizə bəllidir. Apardıqları anti-Azərbaycan fəaliyyətinin heç bir təsiri olmayacaq. O səbəbdən ki, ölkəmizdə xalq-hakimiyyət birliyi var. Xalq öz hakimiyyətini və prezidentini dəstəkləyir. Ölkə başçısı da xalq və dövlətin iradəsindən irəli gələn məsələləri həyata keçirir. Bu, ictimai-siyasi fəaliyyətin kökündə dayanan əsas faktordur. Bunu da müəyyən dairələr həzm edə bilmirlər”.


E.Nəsirov istintaqa gedib-getməyəcəyi ilə bağlı sualımıza konkret belə cavab verdi: “Deputatın toxunulmazlığı haqqında qanun var. Həmin qanuna görə, deputatın toxunulmazlıq hüququ var. Hesab edirəm ki, həmin qüvvələr bu məsələni bu şəkildə qabartmaqla özlərinin siyasi şou kampaniyalarını genişləndirmək istəyirlər”.


Cavanşir ABBASLI
Tarix: 1-07-2017, 08:15
Xəbəri paylaş





Xəbər lenti