Ordumuza təlimat verildi: Cavab zərbəsi endirilsin!

Ordumuza təlimat verildi: Cavab zərbəsi endirilsin! Ermənistan qırmızı xətti artıq keçdi. Bundan sonra nə olacaqsa, məsuliyyət bilavasitə Ermənistan tərəfinin üzərinə düşür

Bu sözləri açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Qarabağla bağlı son hadisələr Azərbaycan üçün dönüş nöqtəsi deyil:


“Çünki Azərbaycan üçün dönüş nöqtəsi artıq 2014-cü ilin avqustunda baş verib. Doğrudur, son vaxtlar biz daha çox 2016-cı ilin aprel ayında baş verən hadisələrə istinad edirik. Ancaq ən ciddi gözlənilməz döyüşlər məhz 2014-cü ilin avqust ayında baş verdi ki, onda ilk dəfə düşmən Azərbaycan ordusundan çox ciddi zərbələr aldı. Fikrimcə, 3 il davam edən bu gərginliyin, ardı-arası kəsilməyən erməni təcavüzlərinin, təxribatlarının ön xəttdəki kuliminasiya nöqtəsi məhz aprel hadisələri və iyulun 4-də baş verən Alxanlı hadisələri oldu. Son dərəcə narahatlıq doğuran vəziyyət Ermənistanın hərbi rəhbərliyinin başıpozuq siyasətinin bariz nəticəsidir. Artıq Azərbaycan ordusu siyasi rəhbərlik tərəfindən təlimatlar alıb ki, cəbhədə bu kimi təxribatlar olduqda düşmənə layiq olduğundan da artıq cavab zərbəsi endirsin. Baş vermiş hadisə zamanı Azərbaycanın bütün siyasi elitası, başda Prezident İlham Əliyev olmaqla dünya birliyinə müraciət edib. ATƏT və BMT hadisə ilə bağlı məlumatlandırılıb. Azərbaycan öz torpağındadır, bizim ön cəbhədə yerləşən ordu nümayəndələrimizin arxasında yerli əhali yaşayır. Bu insanlar həmin ərazidə yaşayan mülki vətəndaşlardır. O insanlar kəndlərdə həm yaşayır, həm təsərrüfat işləri ilə məşğul olurlar. Bu ərazidəki uşaqlar məktəbə gedirlər. Yəni bu insanların köçəsi başqa yeri yoxdur”.

Politoloq baş verən hadisələrə görə Azərbaycanın ATƏT-in Minsk Qrupunun fəaliyyətindən tamamilə imtina edə biləcəyini də qeyd edib:

“Çünki ATƏT öz fəaliyyətsizliyi ilə məşhurluq qazanıb. Baxmayaraq ki, onlar Qarabağ məsələsində İrəvana təzyiq göstərmək iqtidarındadırlar. Lakin onların Qarabağda baş verən hadisələrə birbaşa veto verə bilmədiyini müşahidə edirik. Bunun nəticəsidir ki, problem ağır olaraq qalmaqdadır. Ona görə bizim diplomatiya, başda Prezident İlham Əliyev olmaqla, Azərbaycan Xarici İşlər Nazirliyi öz bəyanatlarında da bildirir ki, faktiki olaraq Ermənistan tərəfinin üzündən danışıqlar dalana dirənib. Belə olduğu halda ATƏT-in yeritdiyi diplomatiyanın hər hansı uğurundan danışmaq əbəsdir”.

Politoloq onu da vurğulayıb ki, iyulun 7-8-i tarixlərində Hamburq şəhərində keçiriləcək G20 sammiti sonrası Azərbaycanın siyasi rəhbərliyi çox kritik qərar verəcək:

“Ya Minsk qrupu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib təcavüzkar ölkəni məsuliyyətə cəlb etsin, təcavüzkar ilə təcavüzə məruz qalanları dünya ictimaiyyətinin diqqətinə düzgün çatdırsın, ya da Azərbaycanla bağlı formatı dəyişərək ölkəni tərk etsin”. (Ulus.az)

Siam.az
Tarix: 7-07-2017, 16:04
Xəbəri paylaş





Xəbər lenti