10 milyardlıq silah alanlar 2 yaşlı uşağı düşmən gülləsindən qoruya bilmir

10 milyardlıq silah alanlar 2 yaşlı uşağı düşmən gülləsindən qoruya bilmir Hökumәt saytları yenә ucuz tәbliğat işi üçün qollarını çirmәlәyib. Bir neçә gündür işğal olunmuş torpaqları işğaldan azad etmәyә çalışan hökumәt saytları indi dә Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulduğunu yazır. Olsun, istәmәyәnin gözü çıxsın. Hamımızın әn nöyük istәyi, tәlәbi torpaqlarımızın işğaldan azad edilmәsidir. Adama deyәrlәr axı ki, indiyәnә qәdәr aldığınız silahlar hanı bәs? Onları hansı mәqsәdlәr üçün istifadә etdiniz?

Bilirik ki, uzun illәrdir Azәrbaycan dünyanın müxtәlik ölkәlәrindәn hәrbi texnikalar, silah-sursatlar, bir sözlә hәr cürә döyüş avadanlıqları alır. Bu ölkәlәrә Rusiya vә İsrail başda olmaqla Türkiyә, İran, Ukrayna, Belarus, CAR, Bosniya vә Hersoqovina vә Pakistan kimi ölkәlәr daxildir.

Silah ixrac edən ölkələr 2006-2015-ci illərdə Azərbaycana 1 milyard 328.9 milyon dollar dəyərində silah satdığını açıqlayıb. Ermənistana rəsmi yollarla gətirilən silahların toplam dəyəri bundan qat-qat az – 26.7 milyon dollardır. Söhbət aktiv döyüş əməliyyatlarında istifadə olunan ağır artilleriyadan və hərbi texnikadan deyil, əsasən, yüngül döyüş silah-sursatından gedir.


BMT-nin statistika bölməsinin beynəlxalq ticarətə dair hesabatlarına görə, 2010-2016-cı illərdə Azərbaycan həm də, əsasən, Cənubi Afrika Respublikasından olmaqla, 5.6 milyon dollarlıq tank və digər özüyeriyən zirehli texnika və onların ehtiyat hissələrini satın alıb.

Ermənistan«Comtrade» vasitəsilə yalnız 2012-ci (100 min dollar dəyərində) və 2016-cı ildə (69 min dollar dəyərində) silah aldığını bildirib.

Ötәn il isә İlham Əliyev bəyan edib ki, Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır. Digәr ölkәlәri qoyaq kәnara. Tәkcә Rusiya vә İsraildәn Azәrbaycan 10 milyard dollar dәyәrindә silah-sursat alıb. Hәlә Müdafiә Sәnayesi Nazirliyinә ayrılan pullar o tәrәfә qalsın. Bir zamanlar hökumәt rәsmilәri özlәri üçün şüar etmişdilәr ki, “Azәrbaycanın hәrbi büdcәsi Ermәnistanın dövlәt büdcәsindәn çoxdur”. Fәrqi özünüz görürsünüz. Ermәnistanın da xәrclәdiyi pullara baxırıq, Azәrbaycanın da. Amma bütün bunlar kağız üzәrindә qalır. Reallıqda isә mәnzәrә tamam başqa cürәdir. Normalda bu qәdәr pullar xәrclәnәn ordu NATO standartlarında olmalı idi. O iddida deyilәm ki, ABŞ ordusunu geridә qoymalı idik. Tәbii ki, bu ağ olar. Amma söhbәt ciddi pullardan gedir axı. Әgәr silah-sursata bu qәdәr milyardlar xәrclәyәn ölkә deyil torpaqları azad etmәk, iki yaşlı Zәhranı evinin içindә qoruya bilmirsә, hansı mәqsәdlәr üçün alınıb o silahlar? Ya bәlkә sağ-salamat hәrbi-xidmәtә yola salınan әsgәrlәrin öz әsgәr, zabit yoldaşları tәrәfindәn öldürülmәsi üçün alınıb? Ya bәlkә daxili ictimaiyyәt üçün hesablamısınız ki, “güclü ali baş komandanımız, güclü ordumuz var” şüarı möhkәmlәnsin? Torpaqlar işğalda qala-qala, hәr evә ayda bir şәhid girә-girә düşmәnlә şәrab içmәk üçün bu qәdәr silah alınmır axı. Yoxsa Rusiya qarşısında silah almaq öhtәliyi götürmüsünüz? Hansı ki, o silahları ki, Rusiya Ermәnistana havayı verir. Keçәn ilin aprel döyüşlәrini uğur kimi tәqdim etdiniz cәmiyyәtә. 3-4 günlük әmәliyyatlarda evlәrә girәn şәhidlәrin sayı-hesabı yox idi. Niyә dövlәt büdcәsi bizim hәrbi büdcәmizdәn qat-qat aşağı olan Ermәnistan ordusu qarşısında nu qәdәr itki verdik? Bu sual düşündürmürmü sizi? Qarşı tәrәfin verdiyi itki qat-qat çox ola bilәr. Amma o bu sualı düşünmәmәk üçün әsas deyil. Neçә illәrdir hәrbi sahәyә “Pir qәlәbәsi” qazanmaq üçün yatırırıq bu qәdәr sәrvәti? Bәsdir bu ölkәyә, xalqa zәrbә vurdunuz. Torpağı işğalda olan tәrәf bizik. Nә danışıqlar masasında bir uğur qazanılıb, nә dә hәrbi sahәdә ciddi bir uğur qazanılıb. Silah-sursat almaqla iş bitmir. Ciddi nizami ordu yaradılmalıdır. Hәr kәsin bәrabәr şәkildә xidmәt edәcәyi bir ordu olmadıqca, әzgәr vә zabit heyәti üçün normal şәrait yaradıladıqca, ciddi hәrbi proqramlar әsasında hәrbi tәlimlәr keçilmәdikcә o silahlar bir işә yaramayacaq. Hәrbi komisarlıqda kasıbın xәstә uşağını yararlı deyә hәrbi xidmәtә göndәrәn, kasıbın xәstә, cılız uşağını cәbhә bölgәsinә göndәrәn, әvәzindә sağlam insanlara xәstәlik kağızı verәn bir sistem oluqca ciddi uğurdan söhbәt gedә bilmәz. Beynәlxalq danışıq masalarında sizin aldığınız silahlara deyil, xalqınıza göstәrdiyiniz münasibәtә diqqәt yetirirlәr. Hәbsә atdığınız günahsız imsanların taleyinә, işlәmәyәn mәhkәmә soztemlәrinizә baxırlar. Avtoritar rejimlәrin hәr zaman danışıq masalarında әli zәif olur. Çünki onlar üçün әsas mәsәlә hakimiyyәtlәrini qorumaqdır. Bütün güclәrini dә bu istiqamәtә yönәldirlәr. Regionda tәhlükәsizlik, sakitlik istәyәn qüvvәlәrә dә bu sәrf edir.

Aqil Məhərrəmov
Tarix: 10-07-2017, 17:24
Xəbəri paylaş





Xəbər lenti