Danışıqlara yox, işğalçıya zərbə endirməyə davam - ekspertlər şansdan yararlanmağın tərəfdarıdır

Danışıqlara yox, işğalçıya zərbə endirməyə davam - ekspertlər şansdan yararlanmağın tərəfdarıdır Ermənilərin Alxanlı qətliamından sonra Bakının diplomatik sahədə fəaliyyəti təqdir olunur; ekspert: “Mülki əhaliyə qarşı vəhşilik törətməkdə istifadə olunan bütün hərbi obyektlər vurulmalıdır...”

Ermənistan ordusunun 4 iyul gecəsi işğal altındakı ərazilərdən açdığı atəş nəticəsində Azərbaycanın biri uşaq, digəri qadın olmaqla, iki dinc vətəndaşının qətlə yetirilməsinə ordumuzun cavabı çox gecikmədi. Ötən həftə işğalçı ordunun taboruna endirilən artilleriya zərbəsi nəticəsində düşmən ağır itkilər verdi.


Ancaq işğalçı ölkə və onun havadarları yaxşı anlayır ki, Azərbaycan bununla kifayətlənməyəcək. Rəsmi Bakı təkcə təmas xətti boyunca düşməni susdurmaqla kifayətlənmir, bütün istiqamətlərdə Ermənistanın “atəş nöqtələri”nə zərbələr endirmək, təbliğat müharibəsində işğalçını durdurmaq üçün hərəkətə keçib. Alxanlı qətliamından sonra bütün rəsmi qurumların, Prezident Administrasiyasının, XİN-in diaspor təşkilatlarının, Milli Məclis üzvlərinin, QHT-lərin, medianın Ermənistanın ifşası istiqamətində hərəkətə keçməsi, beynəlxalq aləmə çağırışları müəyyən nəticələr verdi. Minskdə keçirilən ATƏT PA-nın sessiyasında Azərbaycana qarşı qətnamənin qəbulu üçün Ermənistan tərəfi çox çalışsa da, son nəticəsinə buna nail olmadı, sənəd rədd edildi. Bu mənada hesab olunur ki, cinayətkar Serj Sərkisyan rejimi uşaq və qadın qatili olduğuna görə qınandı ki, bu da Azərbaycan diplomatiyasının uğurlu fəaliyyətinin nəticəsidir.
Danışıqlara yox, işğalçıya zərbə endirməyə davam - ekspertlər şansdan yararlanmağın tərəfdarıdır



Azərbaycan prezident İlham Əliyev Türkiyəyə son səfərində də ərazilərimizin işğalı məsələsinə növbəti dəfə diqqət çəkib, bu məsələnin dövlətimiz və vətəndaşlarımız üçün prioritet olduğunu xatırladıb. AzərTAc-ın məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti arasında görüş zamanı münaqişənin həlli ilə bağlı məsələlər müzakirə edilib. Prezident İlham Əliyev son vaxtlar təmas xəttində Ermənistanın təxribatları və hərbi cinayətləri barədə Türkiyə prezidentinə ətraflı məlumat verib.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin həmişə olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həllinə dəstək verdiyini vurğulayıb. Dövlət başçıları bir daha qeyd ediblər ki, Türkiyə və Azərbaycan bütün məsələlərlə bağlı bir-birinin yanındadır.


Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşündə də Qarabağ məsələsini qaldırıb. APA-nın məlumatına görə, söhbət zamanı konfliktin həlli ilə bağlı məsələlər müzakirə edilib. İlham Əliyev bu münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha bildirib, Ermənistanın təmas xəttində son hərbi təxribatı haqqında məlumat verib.




Bəzi müşahidəçilərə görə, Ermənistan Alxanlı qətliamı ilə özünü çıxılmaza saldı və bundan sonra diplomatik üstünlük də Azərbaycanın tərəfindədir. Təsadüfi deyil ki, may ayında düşmənin OSA tipli atəş nöqtəsini məhv etdiyimiz zaman dərhal etiraz bəyanatı yayan dairələr Azərbaycan əsgərinin Alxanlı qətliamına cavab olaraq düşmənə endirdiyi zərbələri yalnız sükutla qarşılamalı oldular. Hətta Rusiyada da ekspertlər səviyyəsində hesab edirlər ki, nəhayət, Ermənistanın bu azğınlıqlarının qarşısı alınmalıdır. Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib ki, Dağlıq Qarabağ münaqişə zonasında insan ölümlərinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir. S.Markov qeyd edib ki, münaqişə zonasındakı hazırkı vəziyyət Ermənistana sərf edir: “Ona görə də Ermənistan kompromisin əldə olunmasına mane olmağa çalışır. Amma həmin dövrdən bəri qüvvələr balansı dəyişib”.


***
Danışıqlara yox, işğalçıya zərbə endirməyə davam - ekspertlər şansdan yararlanmağın tərəfdarıdır



Hərbi balansın işğalçı Ermənistanın xeyrinə olmadığını düşmən də yaxşı anlayır, onu müdafiə edənlər də. Yəqin ki, bir azdan İrəvanda yenə də vay-şivən kampaniyası, anti-Rusiya çağırışları başlayacaq, Qərbə mesajlar veriləcək. Səbəbi Rusiyadan Azərbaycana göndərilən rus silahlarının növbəti partiyasıdır. Düzdür, Moskva Ermənistana da kifayət qədər silahlar verir, özü də pulsuz. Azərbaycana satılan silahlar isə külli miqdarda vəsait hesabına başa gəlir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir. İki ölkə arasındakı hərbi-texniki əməkdaşlığa dair razılaşmaya əsasən ən yeni döyüş vasitələrinin növbəti hissəsi ölkəmizə çatdırılıb. Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub. Məlumatda deyilir ki, eşelonlaşdırılan döyüş sursatları cəbhədə yerləşən qoşunların döyüş imkanlarını xeyli gücləndirəcək.




Politoloq Arzu Nağıyev
də əməkdaşımıza təsdiqlədi ki, Alıxanlı kəndində dinc əhalinin vəhşiliklə qətlə yetirilməsindən sonra Azərbaycan tərəfindən ermənilər əleyhinə aparılan təbliğat öz bəhrəsini verib: “Burada Azərbaycan diplomatiyasının, medianın, sosial şəbəkədə yaradılan qrupların və qeyri-hökumət təşkilatlarının, təbii ki, sadə azərbaycanlıların rolunu məxsusi qeyd etmək lazımdır. Demək olar ki, Azərbaycanda olan xarici dövlətlərin səfirliklərinin hərbi attaşelərinin hadisə yerindən birbaşa ermənilərə xitabən verdiyi bəyanatlar çox mühüm əhəmiyyət kəsb edirdi. Yəni hərbçilərin ermənilərini saxta arqument kimi ortaya qoymağa çalışdıqları mülki obyektlərə yaxın yerlərdə hərbi texnikanın yerləşdirilməsi mifi dağıldı. Məhz bundan sonra monitorinq aparan ATƏT və həmsədrlər erməniləri qınayan bəyanatla çıxış etdilər”.


A.Nağıyev hesab edir ki, belə bir situasiyada Azərbaycan tərəfinin ərazilərimizdə antiterror əməliyyatlarının keçirilməsi mümkündür və heç bir beynəlxalq təşkilat bunun qarşısını ala bilməz və bəyanatla çıxış edə bilməz: “Acınacaqlı hal odur ki, dəfələrlə guya Azərbaycan tərəfindən ermənilərin hüququnun pozulması haqqında bəyanat verən anti-Azərbaycan mövqeyi tutulan beynəlxalq təşkilatların bəyanatı səslənmədi. Bəzi özlərini bizə dost saymağa çalışan və hətta münaqişənin həllində öz vasitəçilik missiyasını təklif edən dövlətlərin attaşeləri ya Alxanlıya səfərdən imtina etdi, ya da bəyanat verməkdən boyun qaçırdılar. Deməli, haqq-ədalət biz tərəfdədir. Zənnimcə, mülki əhaliyə qarşı vəhşilik törətməkdə istifadə olunan bütün hərbi obyektlər vurulmalıdır və son erməni əsgəri ya güllələnməli, ya da ən yaxşı halda ərazilərimizdən qovulmalıdır. Əlbəttə ki, son ümid olaraq danışıqlara da getmək olar, lakin bunun heç bir nəticə verməyəcəyi məlumdur”.


Politoloq Azərbaycanın haqlı mövqeyinin ifadə olunması istiqamətində ölkə rəhbərinin son görüşlərinə də diqqət çəkdi: “Azərbaycan prezidenti İlham Əliyevin Türkiyədə prezident Ərdoğan və ABŞ-ın dövlət katibi Tillersonla görüşü və son hadisələrin müzakirəsi də Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm sayıla bilər. Yəni artıq dünyanın aparıcı qüvvələri sayılan güc mərkəzləri də Ermənistanın təxribatçı siyasətindən xəbərdardır və münaqişəyə yanaşmaları da birmənalı şəkildə bizə tərəfdir. Bu, bir məqam kimi qeyd edilməli və düşünürəm ki, mühüm addımların atılmasına zəmin yaradan amildir”.




Bu arada həmsədrlər yenidən Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bir araya gətirməyə çalışır. İyulun 11-də Vyanada ATƏT-in toplantısı çərçivəsində tərəfləri masa arxasında oturtmaq üçün cəhdlər göstərilir. Ancaq bir sıra müşahidəçilər işğalçı ilə öz dilində danışmağı, onu törətdikləri alçaqlıqlara görə peşman etməyi daha faydalı sayır. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, indiki situasiyada görüşdən imtina ən düzgün yoldur. Eyni zamanda işğalçı orduya ən azı 15 km geri çəkilmək üçün ultimatum verilməli, bu tələb həmsədrlər qarşısında qaldırılmalıdır.


“Qarabağ münaqişəsinin son dövrlərinə nəzər salanda hesab edirəm ki, Ermənistan tərəfinin Füzulinin Alxanı kəndini ağır silahlardan iyulun 4-də tutduğu atəşə və dinc sakinlərin, azyaşlının faciəli ölümünə görə şiddətli qınaq gəldiyi ikinci bir tarixi yada sala bilmirəm. Məncə, bədnam qonşularımız bu dəfə çox pis duruma düşdüklərinin fərqindədirlər. Onlar vəziyyətin bu qədər dərinləşəcəyini bəlkə də düşnmürdülər və havadarlarına arxalanan ermənilər, faktiki, müharibənin bir addımlığındadırlar”. Bu fikirlər isə hərbi ekspert Üzeyir Cəfərova məxususdur.



O, “Yeni Müsavat”a açıqlamasında dedi ki, istənilən an, istənilən məqam Qarabağda aktiv döyüş əməliyyatlarının başlanması gözləniləndir: “Bu dəfə Azərbaycan nə etsə, heç kim bizə heç nə deyə də bilməz, ölkəmizə qarşı hər hansı sanksiya xarakterli siyasi, iqtisadi addım ata bilməzlər. Bu gün dünyada sonuncu Alxanlı faciəsinə görə Ermənistana qarşı elə nifrət, elə qınaq formalaşıb ki, Azərbaycan Silahlı Qüvvələri çox rahat şəkildə düşməni cəzalandırmaq, qisas almaq, öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmək üçün qərar qəbul edə bilər. İyulun 11-də Avstriyada iki ölkə xarici işlər nazirlərinin növbəti görüşü də, daha çox bizə imkan yaradır ki, biz düşməndən, ona, faktiki, havadarlıq edən ATƏT-in Minsk Qrupundan qəti şəkildə tələb edək ki, nəhayət ki, onlar işğalçıya yerini və etməli olduğu işləri göstərsinlər. Bundan sonra da əgər mənasız və məntiqsiz danışıqlar prosesi aparılacaqsa, hesab edirəm ki, bu dəfə düşmən etdiklərindən cəzasız qaldığına əmin olaraq daha azğın, daha yaramaz hərəkətləri edəcək”. Ü.Cəfərov da keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikirlərini dəstəklədiyini bildirdi: “Hesab edirəm ki, yaxın zamanlarda ordumuz düşməni sıxışdırıb xeyli geri atmalıdır. Bunun üçün isə hər cür şərait mövcuddur - istər siyasi, istərsə də hüquqi. Bu məsələ uzandıqca isə sonra hansısa addımların atılması gec ola bilər. Düşməni çoxdan güc dili ilə başa salmaq lazım idi və uzun müddət idi ki, bunun üçün əlverişli məqam olmurdu. Sonuncu Alxanı vəhşiliyindən sonra isə xalq da, dövlət də yağı düşməni sərt və amansız şəkildə cəzalandırmağın tərəfdarlarıdırlar. Biz yenə beynəlxalq qurumlara ümidli olsaq, onlar çalışacaqlar ki, ara sakitləşsin, düşmən bu ağır durumdan çıxsın və sonra yenə hər şey ”karusel kimi fırlanmaqda davam edəcək". Bu isə vaxt və əlverişli imkanların qaçırılması kimi başa düşülməlidir".


Hərbi ekspert bir məqamı da vurğuladı: “Mən onu da gözəl anlayıram ki, böyük güclər hələ də vəziyyətin ciddiliyini o qədər də anlamır. Amma həqiqətən də son illərdə xalqda, bütövlükdə ölkədə düşmənlə bağlı bu şəkildə münasibət görməmişdim. Bunun da əsas səbəbkarı Ermənistanın siyasi və hərbi rəhbərliyidir. Sözsüz ki, onlarla yanaşı, bu məsələnin həll olunmasına açıq və gizli mane olan dövlətlər və qüvvələr də hələ ki gözləmə mövqeyi tuturlar. Onlara daha çox tərəflər arasında çoxlu insan itkisi ilə müşayiət oluna biləcək vəziyyət lazımdır, o da belə gedişlə baş vermək ərəfəsindədir”.

Elşad PAŞASOY
Tarix: 11-07-2017, 09:17
Xəbəri paylaş





Xəbər lenti