Qarabağda savaş alovlansa: Ərdoğan-Əliyev neoimperiyaya qarşı...

Qarabağda savaş alovlansa: Ərdoğan-Əliyev neoimperiyaya qarşı... Qarabağda müharibə başlasa, Türkiyə rəsmi şəkildə hərbi dəstək verə bilməyəcək. NATO üzvü olan qardaş ölkənin birbaşa hərbi müdaxilə hüququ yoxdur və bu, sənədlərdə öz əksini tapır.

Ona görə də tez-tez səslənən “Türkiyə Azərbaycanla birgə Qarabağda savaşacaq” fikrinə düzəliş lazımdır. Bəli, Türkiyə dəstək verəcək, amma bunu açıq şəkildə etmək hüququ yoxdur.
O baxımdan prezident İlham Əliyevin Türkiyədə 22-ci Dünya Neft Konqresində iştirakı çərçivəsində həmkarı Tayyib Ərdoğanla görüşdə Qarabağ münaqişəsini müzakirə etməsi hələ Ankaranın Bakıya hərbi dəstəyinin olacağından xəbər vermir.



AnaXeber.az yazır ki, neft konqresində enerji siyasəti və geolayihələrin strategiyası barədə danışıqlar prioritet olsa da, Ərdoğanla Əliyev arasında Qarabağ müzakirəsi də aktual məsələdir.
Xüsusən ermənilərin atdığı mərmidən ölən nənə və nəvə faciəsi, prezidentlərdən yeganə Ərdoğanın Əliyevə zəng etməsi ikitərəfli münasibətlərin hansı müstəvidə olduğunu göstərir.
Analoji addımı heç bir dövlət başçısı atmadı. Ərdoğan isə ilk gündən dediyinə sadiq qaldı: Qarabağ problemi həll olmasa, Ermənistanla Türkiyənin sərhədləri açılmayacaq.
Lakin müharibə başlasa, Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyə Qarabağ cəbhəsinə lazımı diqqəti yetirə bilməyəcək.
Ona görə ki, bu gün Türkiyənin İraq və Suriyada baş verən konfliktlərə cəlb edilməsi, hətta münaqişənin tərəflərindən birinə çevrilməsi təhlükəsi var.
Azərbaycan bunu başa düşür və bilir ki, Cənubi Qafqazda beynəlxalq hüququn tələblərini bərpa etmək istiqamətində atdığı addımlar bölgədə sönməyən yeni ocaq yarada bilər.


Bunun da nə ilə nəticələnəcəyi bəlli olmaz. Biz bu məqamları nəzərə alaraq addımlar atmalıyıq. Türkiyə də Qarabağda müharibənin başlanmasını arzulamır.
Çünki yeni münaqişə ocağına əsgəri yardım edə bilməsə də, silah təchizatı ilə təmin etməlidir. Eyni zamanda müxtəlif qruplar Qarabağda peyda ola bilər.
Ermənistanın Türkiyəyə təxribatları, İranın bu məsələdə yenə də Suriyada olduğu kimi Türkiyə ilə toqquşacağı istisna deyil.
Rusiyanın da Azərbaycana Qarabağ müharibəsində dəstəyinin olmayacağı gün kimi aydındır.
Beləcə, Türkiyə İran və Rusiya ilə təklənir, üstəlik NATO ölkəsi kimi ABŞ-la da Qarabağ düyünündə münasibətlərini korlamaq istəməz.
Bütün bunlara rəğmən, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin müharibə alovlanarsa, Azərbaycanın yanında olacağına zəmanət var. Hər nə qədər Rusiya, İran kimi Ermənistana qahmar çıxan dövlətlərlə qarşı-qarşıya gəlmək təhlükəsi olsa da...



AnaXeber.az yazır ki, Əliyev-Ərdoğan görüşü münaqişənin sülh yolu ilə həllinin yeni formatının müzakirəsi kontekstində ola bilər.
Bundan əvvəl “Lavrov planı” adlanan yeni sülh danışıqları üçlük formatında idi. Türkiyə-Rusiya və Azərbaycan. Bu dəfə də yaxınlaşmaqda olan Rusiya-Türkiyə münasibətləri Qarabağ probleminin həllini öz orbitində saxlamaq niyyəti güdə bilər.
Hər nə qədər ABŞ konfliktin həllinin Rusiyanın oribitindən çıxarılmasına çalışsa da, Kreml bu münaqişənin səbəbkarı kimi öz projesini əldən vermir.
Zatən Zəhra olayı da Rusiyanın Ermənistanın əli ilə bir təxribatı idi. Ona görə də fələyin çarxı çevriləcək və təzədən danışıqlar masasında “xaç atası” kimi Moskvanın iştirakına şahid olacağıq.
Türkiyə isə Azərbaycana görə Ermənistanla sərhədi bağlayıb və daha artığını etmək – hərbi müdaxilə və Rusiya ilə baş-başa gəlmək riskinə getmək istəmir.
İkincisi, kənardan kiminsə bizim torpaqlarımızı azad etməsi o zaman mümkündür ki, biz müharibə edək, aktiv müharibə dönəmində olaq və kimsə də bizə üçüncü tərəf kimi yardım etsin.

Biz özümüz atəşkəs müqaviləsi imzalamışıq və atəşkəsə sadiq olduğumuzu bəyan ediriksə, başqasını necə çağıra bilərik ki, gəl bizim torpaqları azad elə?!
Türkiyə Azərbaycan dövlətinin rəsmi razılığı olmadan birtərəfli qaydada əmrlə Azərbaycan ərazilərini azad etmək üçün hərbi əməliyyata qoşula bilməz.
Türkiyənin belə addım atması mümkün deyil. Azərbaycan dövləti istəmədiyi halda Türkiyə hakimiyyəti birtərəfli qaydada qərar verə bilməz.
Odur ki, bir neçə gün əvvəl Müsavat başqanı Arif Hacılının çağırış edərək türk ordusunun Qarabağı azad etmək üçün Ərdoğanaın əmr verməsini təklif etməsi heç bir hüquqi məntiqə sığmır.


Ancaq o da şəksizdir ki, bu gün Türkiyə qədər bu problemin həllini istəyən ikinci dövlət yoxdur.
Çünki Ermənistanla sərhədlər açılır, regionda yeni layihələr başlanır, Türkiyə-Gürcüstan-Azərbaycan strateji müttəfiqlərinə İrəvan da qoşulur.
Hətta Rusiyanın bölgədə təklənməsi prosesinin başlanğıcı ola bilər. İndiki halda nə Ermənistanın siyasi iradəsi bu addımı atmağa çatar ki, torpaqları azad eləsin, nə də Rusiya belə güclü vaxtında ipləri boş buraxar. Demək ki, yeni masa arxasına keçiləcək...
Bu arada həmsədrlərin Azərbaycanı Zəhranın qisasını almamaq üçün ütülü bəyanatları da nəzərdən qaçmayıb.
ATƏT-in həmsədrlərinin regiondan qovulmasını tələb etməyin və qurumun vasitəçiliyindən imtina edilməsinin zamanıdır. Bu missiyanı Türkiyəyə verməyi qaldırmaq lazımdır və yeni sülh variantı paketi təqdim olunmalıdır...

Siam.az
Tarix: 12-07-2017, 10:05
Xəbəri paylaş





Xəbər lenti