Bərdədə niyə zəlzələ oldu?..

Bərdədə niyə zəlzələ oldu?.. İmam nəvəsi dəfn edilən şəhərdə imam adı daşıyan şəxs “Leş filankəs” ayamasını üzərinə götürüb on illərlə haram ət biznesi ilə məşğul və məşhurdursa... Allahın qəzəbi tutar, tutmaz?..

Salaməleykum! “Bərdədə niyə zəlzələ oldu?” Bu sualı eyni ilə Azərbaycandakı son zəlzələnin hiss olunduğu digər bölgələrə, eləcə də qonşu İrana, uzaq Koreyaya da aid etmək və oxşar cavab da vermək olar:”Yerin dərinliyində gedən tektonik proseslər nəticəsində Yer qabığının üst qatında baş verən titrəyiş və silkələnmə” və s. Fəqət, sualımızda məhz Bərdənin vurğulanması yalnız zəlzələ ocağının bu qədim şəhərə yaxın olmasıyla bağlı deyil... Sualın cavabına gəldikdə... Bəzi yalnız maddiyyata bağlı insanlar, alimi-danalar o dəqiqə kükrəyəcək ki, əşşi, bu nə danışır e, bu nə sualdır, zəlzələdir də, təbii fəlakətdir, harda olsa, baş verir...


Həmişə deyirik, Adəm övladının başına gələn fəlakət və məhrumiyyətlərin çoxu onun bu dünyadakı proses və olaylara əsasən dünyəvi, maddi bucaqdan yanaşmasıdır...

Müasir elm guya ən yüksək inkişaf mərhələsinə çatsa da, alimlər hələ də bir sıra təbii fəlakətlərin, məsələn, ildırım, vulkan və zəlzələlələrin yaranma mexanizmlərini tam izah edə bilmirlər. Həm də onların qarşısını almaqda acizdirlər. Lakin çoxumuzun kəlməbaşı and içdiyi, amma bircə dəfə açıb üzünə baxmadığı, ürəkdən inanmadığı Müqəddəs Qurani-Kərimdə Yaradanın zəlzələ və digər fəlakətləri hansı səbəblərdən törətdiyi barədə ayələr və Qiyamət zəlzələsindən bəhs edən ayrıca “Zəlzələ”(Əz-Zilzal”) adlı surə var...

“İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələlələr baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar”.

Bunu Qurani-Kərimin Rum surəsinin 41-ci ayəsində Allah-Təala buyurur.

Digər bir ayədə isə Yaradan belə deyir:“Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər”( Əş-Şura, 30).

Bu məntiqlə baş verən hər bir fəlakət Allahın öncə xəbərdarlığı, sonra isə cəzasıdır...

Quranın bu və dugər ayələrinin məntiqi ilə zəlzələ, vulkan, qasırğa və s. kimi kütləvi qırğınla nəticələnən fəlakətlər adətən Allahın qəzəbi tutduğu məkanlarda baş verir. Əxlaqsızlığı son həddə çatmış, kişilərin kişi, qadınların qadınlarla biabırçı əlaqələrinin kütləviləşdiyi Lut qövmü kimilərin yaşadığı Sədum və Qomorra şəhərlərinin necə yerlə-yeksan olmasını yadımıza salaq... İtaliyanın vulkan küllələri altında batmış Pompey şəhərini xatırlayaq...

Sual oluna bilər ki, bəs İslam(!) respublikası olan İranda və yaxud Pakistanda, Əfqanıstanda niyə belə kütləvi insan itkisi və dağıntılarla nəticələnən zəlzələlər tez-tez baş verir- iranlılar ki, İslamdakı buyruqlara ciddi şəkildə əməl edirlər? Əvvəla, bütün müsəlman adlanaraq ibadət edib namaz qılanlar gerçək mömin olsaydı, heç İmam Hüseyn əleyhissəlam qətlə yetirilməzdi... Allah bu dünyadakı ibadət və əməllərimizi öncə niyyətlərimizə görə dəyərləndirir. Bu baxımdan, İranda da nə qədər müsəlmanın günahkar və ya mömin olmasını dürüst deyə bilmərik. İkincisi də, Rəbbimizin bizim dərk edə bilmədiyimiz hesablama, proqrlamşdırma üsullarına və yenə də Quranın bir sıra digər ayələrinin də məntiqinə görə, digər fəlakətlər kimi, zəlzələ də kimlər üçünsə cəza, kimlər üçünsə bu dünyadan günahsız və ya az günahla köçərək Cənnəti qazanmaq xoşbəxtliyi, salamat qalan, yaralananlardan ötrü bir xəbərdarlıq, ibrət dərsi, evini-eşiyini, əzizlərini itirənlər üçün isə həm də bir sınaq, bir imtahandır. Üçüncüsü də biz digər ölkələrdə, eləcə də İranda yaşamadığımızdan oradakı gerçəkliklərin şahidi olmuruq. Ancaq bəndəniz 1992-ci il didərginliyindən bu yana uzun müddət Bərdədə yaşadığından həmin bölgədə baş verənlərə xeyli bələddir...

Öncə onu deyək ki, qədimdə 5 yüzillik paytaxt-şəhər olmuş Bərdə islam-türk dünyası və ayrıca Azərbaycan üçün tarixi müqəddəs məkanlardandır. 10-cu əsrdən müsəlman şəhəri olan Bərdəyə bəzən “İmam ayağı dəyən şəhər” də deyirlər. Burada 5-ci İmam Məhəmməd əl-Baqirin qız nəvəsi İsmayıl dəfn olunub. Odur ki, Azərbaycanda cəmi 4 yerdə olan İmamzadələrdən biri də Bərdədir. İmam nəvəsinin məzarı yanında hələ XIV əsrdə ölkəmizdə yeganə olan 4 minarəli məscid tikilib...

Bərdədə niyə zəlzələ oldu?..

Bərdə ərəbcə “kölə” deməkdir. Bu adın İslamın qəbulundan sonra qoyulduğunu nəzərə alsaq, söhbətin Allahın köləsi, qulu olmaqdan getdiyini anlayarıq. Sadalanan səbəblərdən Bərdə camaatı tarixən İslama çox bağlı olduğundan bu bölgə halala-harama daim riayət olunan, böyük-kiçiyin yeri bilinən məkanlardan olub. Elə bu həlim xasiyyətlərinə görə də 1988-1994-cü il Qarabağ savaşı zamannı Bərdə camaatı 100 mindən çox qaçqın-köçkünə mehrubanlıq və qayğıkeşliklə qucaq açıb, onlar da burada sığınacaq tapıb, yurd salıb yerli camaatla qaynayıb-qarışıb qohumlaşıblar. Buna görə Bərdə sakinlərinə, o cümlədən icra strukturlarına böyük bir təşəkkür düşür...

Təəssüf ki, son onilliklərdə Qərbdən liberal təfəkkür, dəyərsizləşdirmə dalğası digər bölgələrimizdə olduğu kimi, Bərdədə də özünü göstərib. Dinimizə, milli-mənəvi dəyərlərimzə qayıdış prosesi ilə paralel orta yaşlı nəsil və gənclər arasında milli əxlaqımıza uyğun olmayan açıq-saçıqlıq, alkoqola, narkotiklərə hədsiz meyillilik, qazanc əldə etmək üçün halal-haram sərhədlərinin gözlənilməməsi kimi tendensiyalar da qabarıq görsənməyə başlayıb...

...Episentri Bərdədən təxm. 23 km şərqdə yerləşmiş məlum zəlzələdən cəmi 5 gün öncə telekanallar və saytlarda Bərdə rayonunun Mirzəxan kəndindən keçən kanalın yaxınlığına tökülmüş onlarla at içalatını-daxili orqanlarını və s. əks etdirən kadrlar nümayiş etdirildi (bax:http://www.moderator.az/news/198618.html).. Həmin olayla əlaqədar bəndəniz “Facebook”da “imam ayağı dəymiş” bir bölgədə belə bir olayla bağlı təəssüfləndiyini bildirən status da yazmışdı. Maraqlıdır ki, həmin kənd zəlzələnin episentri istiqamətində -Bərdə şəhərindən təxminən 8-9 km şərqdə yerləşir... Nə yazıqlar ki, son bir neçə ildə haram ət alveriylə məşğul olan bölgələr arasında ən çox adı çəkilənlərdən biri də Bərdədir. Demək olar ki, ildə 4-5 dəfə bu bölgədə satmaq üçün nəzərdə tutulmuş keyfiyyətsiz, murdar at, camış, hətta uzunqulaq əti də tapılır. Təəssüf ki, bu işlə qadınlar da məşğul olmağa başlayıb. Sovet dövründə belə işləri qorxa-qorxa görənlər müstəqillik illərində sərbəstlik qazanaraq haram, leş ətlərlə qaz vurub, qazan doldururlar... İş o həddə çatıb ki, ən məşhur müsəlman imamının adını daşıyanlardan biri leş satışı işində qazandığı “uğurlar”a görə “Leş filankəs” ayaması ilə hörmətlənib. Şəhərdə şadlıq evləri, mağazaları və s. var... Allahın qəzəbi tutar, tutmaz?..

Bərdədə niyə zəlzələ oldu?..

Bərdədə adının mənası “Əli böyükdür” olan şəxsin kafesində əməlli-başlı priton, fahişəxana açılması haqda xəbəri yəqin ki çoxunuz oxumusuz. Həmin “müasir” kafedə Azərbaycan qızları bədənlərini 15 manata satırlar... (bax:http://az.baku.ws/hot_news/25842-azrbaycanda-fahixanadan-gizli-ckili-qzlar-15-manata-xidmt-gostrir-vdeo.). Allahın qəzəbi tutar-tutmaz?...

Digər şəhərlərimizdə olduğu kimi, Bərdədə də neçə-neçə şadlıq sarayları açılıb ki, burada müsəlman(!) ailələrinin təməlini qoyan toy məclisləri kütləvi “alkaşlıq”la qeyd edilir, gəlinlər Qərb əxlqına uyğun yarımçılpaq qiyafələrdə yüzlərlə sərxoş kişinin qarşısında əyləşirlər... Allahın qəzəbi tutar, tutmaz?..
Hələ rayonda son onilliklərdə icra, məhkəmə, prokurorluq, polis və s. strukturlarında sadə vətəndaşlara edilən haqsızlıqlardan danışmıram ki, bunlar bütün respublikaya aiddir...

Xülasə, zəlzələ oldu, kiçik dalğalarla davam etdi və hələki bitib. Bir də nə vaxt davam edəcəyini yalnız Allah bilir... Zəlzələ həm də Yaradanın onu unudanlara xəbərdarlığıdır ki, heç kəs varı ilə, gücü ilə öyünməsin, hər an, hər kəsi yerin altına batıra bilərəm.. Odur ki, barı, bundan sonra müsəlman adını daşıyan hər birimiz hər bir düşüncəmizə, davranışımıza, əməlimizə diqqət edək və başqalarını da haram və günah əməllərdən çəkindirək... Və əmrlərini pozmaqda həddini aşdıqlarına görə Allahın bir anın içində batırdığı əxlaqsız Lut tayfasının aqibətini bir daha yada salaq:

“Onların altını-üstünə çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq. Bunda (bu əzabda) düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır! Həqiqətən, o (Lut tayfasının yaşadığı Sədum şəhərinin xarabaları Qüreyş kafirlərinin Məkkədən Şama getdikləri) yolun üstündə hələ də durmaqdadır! Bunda möminlər üçün, sözsüz ki, bir ibrət vardır! (Qurani-Kərim, Hicr, 74-78)..
Bərdədə niyə zəlzələ oldu?..
Sultan Laçın
Tarix: 19-11-2017, 00:28
Xəbəri paylaş





Xəbər lenti