“Bunların hamısını dəyənək altında tutmaq lazımdır”


“İlqar Məmmədovun siyasi alternativ olduğu üçün həbsdə saxlanıldığını iddia edənlərlə razı deyiləm”.

Musavat.com xəbər verir ki, bu sözləri “Yeni Müsavat”ın Facebook üzərindən həyata keçirdiyi canlı yayıma qatılan media eksperti Azər Həsrət bildirib.

REAL-ın sədri İlqar Məmmədovun həbsdə qalmasının tərəfdarı olmadığını vurğulayan A.Həsrət əfv və ya digər qanuni yollarla onun azadlığa çıxmasının təmin olunacağına ümid etdiyini deyib: “Gözləyirik. Bəzən iddia edilir ki, siyasi alternativ olduğu üçün həbsdə tutulur. Mən bunu qəbul etmirəm. Siyasi alternativlik iddiasında ola bilər. Söhbət İlham Əliyevə alternativ olmaqdan gedirsə, İ.Məmmədov ona  siyasi alternativ olacaq qüvvə deyil. Onun həbsdə saxlanılmasının siyasi səbəblərlə bağlanması doğru deyil. İlqar Məmmədov fikir fabriki kimi quruma rəhbərlik edərək, Azərbaycana fayda verəcək adamdır. Onun yeri həbs deyil, azadlıqdır. Azadlığa çıxandan sonra Azərbaycan dövləti üçün faydalı işlərlə məşğul olmalıdır”.

A.Həsrət hesab edir ki, hansısa siyasi məhbusun azadlığa buraxılmasının beynəlxalq qurumlar tərəfindən tələbi işin ziyanınadır: “Xədicə İsmayılla bağlı situasiyanı xatırlatmaq istəyirəm. Dekabrda əfv ediləcəkdi. ABŞ-dan İlham Əliyevə yönəlik tələb gəldi ki, “biz tələb edirik, Xədicə İsmayılı azadlığa buraxasız”. Həmin vaxt onun azadlığa buraxılması baş vermədi. Xədicə növbəti ilin may ayına qədər həbsdə qaldı. Yəni, bu, onun göstəricidir ki, Azərbaycan hakimiyyəti, xüsusən də İlham Əliyev Azərbaycan xalqının iradəsi xaricində heç kimin iradəsi ilə hesablaşmır və düz də edir. Özünə hörmət edən dövlət başçısı və dövlət heç bir xarici ölkənin təzyiqi qarşısında geri addım atmamalıdır. Ona görə də biz dostlarımıza deyirik ki, kiminsə həbsdən azad olunmasını istəyirsinizsə, üz tutacağınız ünvan Azərbaycan dövləti, onun rəhbəridir. Hansısa Conlara, Yanlara müraciət etməyin. Adamlar bizi anlamırlar. Hansısa beynəlxalq təşkilatların qapısında dayanırlar, hay-küy salırlar, ermənilər də bunlara qoşulur. Hakimiyyət öz ləyaqətini qorumaq üçün bunlara rədd cavabı verir”.

A.Həsrət eyni zamanda mühacirətdən hakimiyyəti tənqid edənlərlə bağlı mövqeyini də açıqlayıb: “Azərbaycanda nəyisə dəyişmək istəyirsənsə, gəl, Bakıda dur. Onlar deyirlər ki, Bakıya gəlsək, həbs olunarıq. Deyirəm, bəs Erkin Qədirli niyə həbs olunmur? Deyir, onun əvəzinə İlqar Məmmədov həbs olunub. Birincisi, sən İlqar Məmmədov deyilsən. İkincisi, fikrini təhqir olmadan deməlisən. Bu cür təhqir edənlərin sayı az deyil. Mən Facebook profilimi bağlamıram. Mənin  youtube-də videomu qoyublar. Ay adam, mən sadəcə fikir bildirmişəm. Sən də əksini iddia elə. Amma ailəmdən tutmuş, nəslimdə-nəcabətimdə adam qalmayıb ki, söyülməsin. Bunların hamısını Hitler kimi dəyənək altında tutmaq lazımdır. Bunlar diktatura millətidir. Bunların təpəsindən dəyənək əskik olmamalıdır”.

Tarix: 23-05-2018, 21:51
Xəbəri paylaş





Xəbər lenti