Gürcüstan bu addımı atarsa...


Ermənistanın Gürcüstan ərazisindən özünə daha bir tranzit yolu açmaq istiqamətindəki çabaları yeni xəbər deyil və bir xeyli vaxtdı ki, medianın gündəmində qalmaqdadır.

Hələ S.Sarkisyanın hakimiyyəti dövründə bu səmtdə çox intensiv danışıqlar gedir, səfərlər olurdu. Amma iki amil bizi daim arxayınlaşdırırdı ki, Tiflis heç bir halda bu addımı atmaz. Birincisi təbii ki, Gürcüstanın Azərbaycan və Türkiyə ilə bağlılığı idi - bu ölkənin real iqtisadi palitrası o qədər Azərbaycanla bağlıdır ki, istər-istəməz onun həmin əlaqələrdən heç bir halda vaz keçməyəcəyi düşünülürdü.

Amma bundan da kəsərli və ya təsirli olan başqa amil də var. Yeni tranzit yolu Gürcüstanın münaqişə bölgələrindən - Abxaziya və Cənubi Osetiyadan da keçməlidir.

Ruslar hətta bu iki ünvanda da müvafiq gömrük postlarının qoyulmasını israr edirlər və təbii ki, Tiflis heç bir halda bununla razılaşa bilməz, çünki bu, onun həmin qondarma “respublika”ları tanıması demək olardı.

İndi deyirlər ki, lap yaxın günlərdə məsələdə ciddi aydınlaşma yaranacaq və biz də ümidliyik ki, Gürcüstanın baş naziri G.Kvirikaşvili qərar verən zaman ən azı bu iki amildən birini nəzərə alacaq. Amma elə daha iki amil də bizə də tam arxayınlaşmaq üçün əsas vermir.

Birincisi budur ki, Rusiya Abxaziya və Cənubi Osetiya ilə bağlı tələbində israrlı olmaya da bilər, çünki rusların məşhur bir ifadəsi var və o, siyasi yazılarda tez-tez işlənir, üstəlik Kremlin siyasətində daim çox  mühüm amil kimi iştirak edir: bəli, söhbət “razmennaya moneta”dan və rus siyasətində bu presedentin daha bir ifadəsindən gedir. Nəzərə alanda ki, indi Kremlə Ermənistanı özünə daha da sıx bağlamaq lazımdır, o halda iki “tanınmamış respublika”nın problemləri arxa plana keçə bilər...

Amma bizim daha çox baş nazir G.Kvirikaşvili tərəfdən əminliyimiz yoxdur, xüsusən B.İvanişvilinin təkrar leqal siyasətə qayıtması tərəddüd və şübhələrimizi bir az da artırır.

“Gürcü arzusu” koalisiyası daha çox siyasi spekulyasiya zəminində, sovet dövrünün zavod və fabriklərinin açılaçağı kimi sərsəm vədlərin və gülünc siyasi mesajların fonunda hakimiyyətə gəlib.

İndiyədək nəinki bu vədlərin heç biri doğrulmayıb, hətta Rusiya ilə dipolmatik münasibətlər belə relsə düşməyib.

Məhz belə bir vaxtda da əsl relslər, bəli, bu dəfə dəmir relslər haqda söhbət gündəmə gəlib. Bir daha deyirik ki, Gürcüstanda ən azı məntiqi hesabın qalib gələcəyinə ümidliyik, amma təbii ki, ölkədəki “sürüşkən” təbiətli hakimiyyət bir tərəfə, Tiflisin ehtiyat etdiyi başqa amil də var və bu da Rusiya - Ermənistan cütlüyünün təzyiqi, məsələn, Cavaxetiyadakı ermənilərin qızışdırıılmasıdır.

Fəqət, düşünmürük ki, bu kartı aktivləşdirmək asan olsun, İrəvan ətrafındakı həlqə o qədər dardır ki, daha bir ilgəyi boynuna keçirmək Ermənistan üçün aşkar intihar olardı.

Bir azca əvvəldə G.Kvirikaşvili amili üzərində dayandıq. Blirsiniz, xristian ölkələrinin də bir naqis cəhəti var: bunlar üçün nə qədər yaxşı olursansa ol, yenə də imkan düşən kimi xristianlara tərəf can atacaqlar.

Gürcü siyasətində də belə sindrom var: onlar da Türkiyəni və Azərbaycanı özləri üçün “demoqrafik” bir təhlükə kimi görür və necə deyərlər, türklərin “tapdağı” olmaqdan ehtiyat edirlər...

Üstəlik, təxminən bir ay və ya ay yarım bundan əvvəl həmin G.Kvirikaşvili hökumətin iclasında Abxaziyaya və Cənubi Osetiyaya Avropa Birliyilə əlaqələr qurmağa və ticarət yapmağa imkan vermək təklifilə çıxış etmişdi.

Əgər Moldovanın Dnestryanı bölgəsinə münasibətdə Avropa Birliyi çoxdan bu siyasətə start verməsəydi gürcülərin baş nazirinin bu təklifini orijinal təklif adlandırardıq, amma durub nə edəsən ki, artıq Kişinyovun boğazına belə kəndir keçirilib.

Bəli, guya, məqsəd münaqişəli Dnestryanı bölgəni Rusiyanın təsir sferasından uzaqlaşdırmaqdır. Amma bunun münaqişənin dinamikasına hansısa təsiri oldumu, Kişinyovla Tiraspolun münasibətləri mülayim  duruma gəldimi?

Gələcəyi bilmirik, amma indilik bunu qətiyyən demək olmur; eyni gərginlik qalır və hətta deyərdik ki, AB ilə ticarət dövriyyəsini 35 faizə çatdıran Tiraspol özünə daha da inamlı olub.

Elə bu səbəbdən də düşünürük ki, rəsmi Tiflis bütün məqamları ciddiliklə götür - qoy edəcək. Hərçənd, orada da düşünürlər ki, Gürcüstan Azərbaycanın sərvətindən və layihələrindən asılı olduğu kimi Azərbaycan da Gürcüstanın geosiyasi vəziyyətindən asılıdır. Bəli, bu, da doğrudur, amma qismən- Bakının tranzit və kommunikasiya imkanları elə sürətlə genişlənir ki, kiminsə bu yolda tıxac olmaq imkanı getdikcə azalır...

Hüseynbala Səlimov
Tarix: 24-05-2018, 08:56
Xəbəri paylaş





Xəbər lenti