Ermənistanın yeni torpaq iddiaları - müharibə qaçılmazdır


İşğalçı ölkənin Naxçıvan istiqamətdə fəallaşması Azərbaycanı daha sərt tədbirlərə əl atmağa sövq edir; erməni politoloq: “Erməni xalqı əbədi müharibə içində yaşamağa məhkumdurmu?”; Qafar Çaxmaqlı: “Onlar Naxçıvanı ”geri qaytarmaq" istəyirlərsə, biz də İrəvanı geri almaq barədə düşünməliyik..."

Ermənistanın yeni hakimiyyəti Serj Sərkisyan iqtidarından fərqli olaraq, İrəvanın təcavüzkar dövlət olduğunu gizlətməyərək daha qabarıq şəkildə nümayiş etdirməkdədir.  Məsələn, əgər Serj Sərkisyan işə salmaq istədiyi Xocalı aeroportundan mülki məqsədlər üçün istifadə edəcəyini deyərək, bu aeroporta uçacaq təyyarənin ilk sərnişini olacağı iddiasını səsləndirirdisə - hərçənd sabiq prezident nakam getdi - işğalçı ölkənin hazırkı rəhbərliyi Xocalı aeroportu ilə bağlı hərbi məqsədlərini reallaşdırdıqlarını gizlətmir.

Düşmən ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan aeroportun hərbi məqsədlər üçün istifadə olunduğunu etiraf edib. “Xocalı aeroportu hərbi məqsədlər üçün istifadə olunur və qrafikə uyğun işləyir”. Ovannisyan aeroportun mülki uçuşlar və turist daşımaq üçün istifadə olunmasının hələ tez olduğunu da deyib. “Mülki uçuşlar həyata keçirmək üçün imkan olarsa, maraqlı turistik istiqamətlər yarada bilərik”- Ovannisyan bildirib (Modern.az).

Azərbaycan tərəfi əvvəllər Beynəlxalq Mülki Aviasiya Təşkilatına Xocalı hava limanının Ermənistanın işğalçı qüvvələri tərəfindən istismar edilməsinin həm beynəlxalq hüquqa zidd olduğunu, həm də bölgədə təhlükəsizlik vəziyyətinə xələl gətirdiyini bildirib. Lakin görünən budur ki, Ermənistan cəzasızlıq mühitinin davam etməsi səbəbindən daha da azğınlaşıb, artıq təcavüzkarlığını rəsmən elan edir. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da açıq şəkildə İrəvanın Qarabağı işğal etdiyini bəyan etmişdi.

Son günlərdə Ermənistanın Naxçıvanla sərhəd bölgədə təxribat-diversiya hərəkətlərinə əl atması, işğalçı ölkənin xarici işlər və müdafiə nazirlərinin cəbhə xəttinin bu hissəsinə gəlməsinin ardınca əsgərimizin şəhid olması da İrəvanın aqressiv siyasətindən xəbər verir. Ermənistanda açıq-aşkar şəkildə Azərbaycanın digər tarixi ərazilərinə, Naxçıvan bölgəsinə qarşı iddialar səslənməkdədir. Düşmən ölkənin ekspertləri yerli mediada Naxçıvanı “geri qaytarmalıyıq” kimi cəfəng iddiaları yayırlar.

Ciddi ekspertlər isə onsuz da fəlakətli durumda olan Ermənistanın Naxçıvan istiqamətində təxribatlara əl atmasının daha çox daxili ictimaiyyətə yönəlik cəhd olduğunu güman edirlər. Fakt budur ki, Paşinyanın dəstəsi küçələrdən yığışandan sonra da Ermənistanda aksiyalar dayanmayıb. İş o yerə çatıb ki, N.Paşinyan ikinci dəfə erməniləri kütləvi itaətsizliyə son qoymağa, küçələrdən yığışmağa çağırıb. Baş nazir onu da deyib ki, İrəvandakı vətəndaş itaətsizliyi aksiyaları sabotajdır.

Göründüyü kimi, N.Paşinyan daxildəki gərginliyə görə çox narahat görünür və mümkündür ki, onun Azərbaycanla sərhəddə gərginliyə nail olmaqla “müharibə başlayır” görüntüsü yaratmaq cəhdləri etirazçı kütləni susdurmağa hesablanıb. Ancaq gərginliyin artmasını başqa amillərlə əsaslandıranlar da var. Bir sıra müşahidəçilər Ermənistanın cəsarətinin arxasında onun Kremldəki himayədarlarının rol oynadığını istisna etmirlər. Hesab olunur ki, Paşinyan Soçidə prezident Putinlə görüşdükdən sonra cəsarətlənib, bu da ona verilən təlimatlarla əlaqədar ola bilər. Rusiyanın Ermənistana “Tor2" sistemlərinin verilməsinə başlaması, həmçinin Abxaziyada Rusiya rəsmisinin Qarabağ separatçıları ilə bir araya gəlməsini də xatırlasaq, iddiaların əsaslı olduğunu söyləyə bilərik.

Lakin əksini düşünənlər də var. Məsələn, Rusiyanın tanınmış analitiki Oleq Kuznetsov axar.az-a müsahibəsində baş verənlərə görə Rusiyanı deyil, ABŞ-ı günahlandırıb. Rus ekspertə görə, Cənubi Qafqaz regionundakı vəziyyətə Naxçıvan ərazisində Azərbaycan ordusunun hərbi qulluqçusunun qətlə yetirilməsi faktı ən böyük təhdiddir: “Belə ki, bu ərazidə cəbhə xətti Azərbaycanla Ermənistan arasında dövlət sərhədidir. Bu insidentə dövlət sərhədlərini tənzimləyən 1921-ci il Moskva və Qars müqavilələrinə söykənən beynəlxalq sistemdən baxılır. Məhz bu səbəbdən yeni - Rusiya və Türkiyənin bu münaqişəyə bilavasitə cəlb olunması təhlükəsi gündəmə gəlir (doğrusu, bu təhlükə daim mövcud olub - O.K.). Bu halda adıçəkilən ölkələrin münaqişə tərəflərinə dəstək verəcəkləri qaçılmaz hala çevriləcək. Müvafiq olaraq Türkiyə Azərbaycan tərəfinə, Rusiya isə Ermənistana keçəcək. İlin əvvəlindən mən arxasında ABŞ siyasi elitasının dayandığı rəsmi İrəvanın buna cidd-cəhd və səylər etdiyi barədə daim çıxışlar etmişəm. Onların əsas məqsədi Rusiya ilə Türkiyənin yaxınlaşmasına mane olmaq, Türkiyəni NATO-da saxlamaq və Rusiyanın beynəlxalq təcridini dərinləşdirməkdir. Bu gün Ermənistan ABŞ tərəfindən Rusiyaya qarşı çıxış edir, lakin çox təəssüf ki, Moskva bunu başa düşmür”.

Oleq Kuznetsov proseslərin sonrakı axarı barədə mülahizələrini söyləyərkən deyib ki, münaqişənin cərəyan etdiyi bütün dövr ərzində Rusiyanın mövqeyi tam trotskiçi, yəni “nə hərb, nə sülh” olub və bu mövqe dəyişməz olaraq qalacaq: “Bu da İrəvana hərbi-siyasi üstünlük verir. Lakin son vaxtlar Moskvaya əvvəllər olmayan başqa hərbi-siyasi faktorlar təsir göstərməyə başlayıb və bu səbəbdən Kremlin bu məsələdə mövqeyi dəyişikliklərə məruz qalmalıdır. Əks halda, Kremli diplomatik sahədə daha bir məğlubiyyət gözləyir”.

Ermənişünas alim Qafar Çaxmaqlı isə “Yeni Müsavat”a bildirdi ki, ermənilərin Naxçıvana iddiaları yeni deyil:“Düşünürəm ki, gələcəkdə də Naxçıvanla bağlı, onun işğal edilməsi ilə bağlı planları olacaq. ”Böyük Ermənistan" qurma proyektinin içində Qarabağla yanaşı, Azərbaycanın bu bölgəsi də yer almaqdadır. 90-cı illərdə Naxçıvanı işğal etməyə cəhd etdilər, amma kəskin dirəniş gördülər. Bəlkə də Heydər Əliyev o zaman Naxçıvanın rəhbəri olmasaydı, indi Naxçıvandan da Qarabağdan danışdığımız kimi danışacaqdıq. Naxçıvan həm də strateji əhəmiyyətli bir nöqtədədir və Rusiya da hərbi doktrinasında buranın önəmini vurğulayır. Türkiyənin özü bu bölgənin gələcək taleyinin də onunla hesablaşmadan dəyişdirilə bilməyəcəyini 1921-ci ildə, əvvəlcə Qars, sonra Moskva müqavilələri ilə ortaya qoyub. İndi ermənilər Moskvada qapıları döyməkdə və yaxalarını cırmaqdadırlar ki, adını çəkdiyimiz müqavilələr ləğv olunsun. Ötən illərin birində erməni irqçi ideoloq Zori Balayan Putinə məktub da yazmışdı. Erməni təbliğat maşını Naxçıvan məsələsi ilə bağlı xeyli fəaliyyətdə olub və bunu davam etdirəcək".

Qafar Ãaxmaqlı ile ilgili görsel sonucu

Bütün bunlarla yanaşı, Q.Çaxmaqlı tədbirli olmağımızı zəruri sayır: “Bu gün Ermənistanın yeni hakimiyyətinin güc nazirləri ”Biz Naxçıvanı qaytaracağıq" deyirlərsə, bunun nə dərəcədə ciddi olduğunu anlamalıyıq və tədbirlərimizi görməliyik. Azərbaycanın bu bölgədə hərbi cəhətdən üstün olması onları narahat edir. Olası Qarabağ müharibəsində Naxçıvandan İrəvana iki saatlıq məsafənin olduğunu da gözəl bilirlər. Burada şəhid verilməsi Ermənistanın özündə panik bir durum yaradır, “birdən Azərbaycan hücuma keçər” deyirlər. Baxın, politoloq Narek Sarkisyan adında biri öz statusunda nə yazıb: “Qarabağda yenə bir əsgər öldü...” Bu, inqilabdan sonra ilk qurban idi. Erməni xalqı əbədi müharibənin içində yaşamağa məhkumdurmu? Əlbəttə deyil. Beləliklə, gec-tez Ermənistanın yeni, qanuni hökuməti bizim əsas problemimizlə bağlı cavab verməlidir: öz xalqına sülhü necə gətirəcək? Qoy sülhü güzəştlərlə gətirsin, izah etsin xalqına ki, bu, ağır qiymətlər bahasına olacaq, çünki dəyərli bir şeyi - sülhü satın alacağıq. İnsanlar anlayacaqlar.... Qonşuları ilə davamlı müharibə şəraitində yaşayan ölkələr azad və xoşbəxt olmur". Bu, qorxunun əlamətidir. Statusa şərh verənlərin fikirləri daha maraqlıdır. “Bəs Qarabağ necə olsun? Biz bunlardan imtinamı etməliyik?” Mənə elə gəlir ki, Dağlıq Qarabağ danışıqları fonunda bir çox məsələlərin hələ bəlli olmadığı halda, Ermənistanın yeni baş nazirinin verdiyi bəyanatlara adekvat cavab verilməlidir". Danışıqlar prosesinə yeni müdafiə naziri Tonoyanın və xarici işlər naziri Mnasakanyanın verdikləri bu açıqlamaların prizmasından baxmaq lazımdır. Bu adamlar sülh istəmirlərsə, demək, müharibə qaçılmazdır. Onlar Naxçıvanı “geri qaytarmaq” istəyirlərsə, biz də İrəvanı geri almaq barədə düşünməliyik".

Yazı çapa hazırlanarkən xəbər yayıldı ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyanla Qarabağ münaqişəsini telefonla müzakirə edib. TASS xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, mayın 23-də Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında telefon danışığı baş tutub: “Aktual məsələlər müzakirə edilib”. Nazirliyin məlumatında qeyd olunub ki, nazirlər ikitərəfli tədbirlərin planını, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xətti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə nəzərdə tutulan məsələləri müzakirə ediblər. Çox güman ki, Mnatsakanyanın Naxçıvanla sərhədə gedəndən sonra bu istiqamətdə Azərbaycan əsgərinin həlak olmasından da danışılıb. Lavrovun öz soydaşına nə kimi təlimatlar verdiyini tezliklə biləcəyik. Hər halda, cəbhə xəttində baş verənlər bunu göstərəcək...

Tarix: 24-05-2018, 10:27
Xəbəri paylaş





Xəbər lenti