Xaşıl diplomatiyası


“- Gül biznesindəyəm - Tatarski özü də gözləmədən dedi. - Azərbaycanlılarla.

Azərbaycanlılarla? - Hüseyn şübhəylə soruşdu. - Hansı azərbaycanlılarla?

Rafiqlə, - ruhlanmış Tatarski dedi, - və bir də Eldarla. Təyyarə icarəyə götürürük, bura gül daşıyırıq, ora da özün bilirsən nə... İcarə işinə, əlbəttə, mən baxmıram. Mən arada gətir-götür işindəyəm".

(Viktor Pelevin, “Generation P” romanından)

****

Bütün beynəlxalq şərtlər, o cümlədən daxildə gedən və getməyən proseslər iqtidarın xeyrinə işləməkdədir. Misal üçün, son əfvdə xeyli dindar siyasi məhbusu azad elədilər. Onları elə bu cür əfv fərmanlarında say düzəltmək üçün tutmuşdular, yoxsa iqtidarın dindən nə qorxusu? Din və iqtidar tarixən qardaş olmuşdur, indi də belədir. Hər dəfə belə əlavə siyasi dustaqlara ehtiyac var ki, amnistiya-zad veriləndə hakimiyyət üçün təhlükə törədən gerçək siyasi dustaqlar içəridə saxlanılsın. Vəssalam, şüttamam. Biz də, maşallah, həmişə belə haqq-hesabların başını düzəltmək üçün camaat istehsal edəcəyik.

Beynəlxalq şərtlərə baxaq. Hazırda bölgədə və dünyada durum mürəkkəb görünür. Ancaq elə bu mürəkkəbliyin özü neftin qiymətini qaldırırsa nə xoş... Pul gəlirmi? Gəlir. Hərçənd, ilk baxışdan vəziyyətimiz bir az xarab görünür. Misal üçün, İsrail fələstinliləri qırır, müsəlman aləmi bizdən mövqe gözləyir. Axı biz islam aləminin liderlərindən biriyik - bunun isbatı üçün İslam Oyunları da keçirib bütün medalları özümüz qazanmışdıq. Türkiyə prezidenti deyir ki, azərbaycanlı qardaşlarımız İsrail mallarını almasınlar. Zalım oğlu, elə bilir asan məsələdir, İsrail mallarını kefimizdən alırıq. Dünyada yəhudi lobbisi bizim ölkənin əsas qardaşlıqlarından biridir... Tək biz deyilik, Trampdan Putinə qədər hamı bunlarla hesablaşır. Yəhudi lobbisi istəsə hətta məcbursan prezident işləyə-işləyə klipdə bambılılıq edəsən. Başqa cür mümkün deyildir. Biz indi bunlara necə dirsək göstərək? Oturduğu budağı kəsən neçə səfeh tanıyırsınız?

O cümlədən, Rusiya beynəlxalq aləmin, Qərbin sanksiyaları ilə üzləşib. Ölkə de-fakto və de-yure terrorla məşğuldur, hətta camaatın uçduğu təyyarələri vurub salır. Rusları sıxanda isə onlar da ətraflarındakı dövlətləri sıxırlar. Həmişə belə olubdur. İndi də şimaldan təzyiqlər artır. Ermənilər və farslar da həmçinin - tarixi düşmənçilik davam etməkdədir. Yeri gəlmişkən, ermənilər hazırda Paşinyan adlı tipin əleyhinə qalxmaqdadırlar, bunu isə təzə işə qoymuşdular. Demək bunlar bir növ adətkərdə olmuşlar. İndi özləri özlərini genosid və işğal edəcəklər. Hərçənd bunlar elə həmişə özlərini qırıb başqalarının üstünə atmaq ustası olmuşdur. O üzdən şəxsən mən dua edirəm Paşinyan tərəfdarları ilə Sərkisyan tərəfdarları bir-birini öldürməsin. Növbəti yüz ili də təzə “genosid” zırıltısına dözməyə halımız qalmamışdır. 

Bir ara Səməd Seyidov Amerikada tarixi ifadə işlətmişdi, demişdi Azərbaycan Rusiya və İran arasında sendviç kimi sıxılır. İstəyirdi Amerika buna görə bizim iqtidardan dəstəyini azaltmasın. Hərçənd, fırıldaqçı yankilərin özlərinin Yaxın Şərqdə, yaxud türkün məsəli ilə desək, Orta Doğuda  min dənə sendviç, hamburqer, hot-doq və biq-makları var idi, Azərbaycana da belə nəzərlə baxırdılar, maraqlarını təmin eləməsək bizi çoxdan beş qəpiyə satardılar. (On qəpiyə satıblar həmişə). Yəni, Səməd müəllimin xüsusi kulinariya ağlaşması qurmasına ehtiyac yox idi. Sadəcə, “deyilən söz yadigardır” və Səməd müəllim də beləcə tarixdə qaldı. İndi isə geopolitik durum lap dolaşıbdır, sendviç xarici qara qüvvələrin iştahını o qədər də açan menyu deyildir. Yeni yemək olmalıyıq. Mən təklif edərdim lülə-kabab olaq. Milli mətbəx baxımından. Ya da dana basdırması. Basqılar çoxalıb, buna işarə kimi. Ən düzgünü isə, fikrimcə, (guya bayaqdan ayrı adamın fikirlərini yazırdım) Azərbaycanı xaşıla oxşatmaq olardı. Qarışıqlıq səbəbindən.

Elmar müəllimin başçılığı altında XİN-in fəaliyyətindən narazı adamlarımız çoxdur, ancaq onlar heç xaşıl bişiriblərmi? Asan iş deyildir. Ümumən Məmmədyarov diplomatik idarəmiz üçün hazırda ən uğurlu kadrdır. Çünki nə danışdığını kimsə anlamır. Nəticədə ruslar elə bilir rusların xeyrinə qərar verdik, farslar elə bilir farsların, yankilər isə cəhənnəmə başa düşsünlər. Beləcə, günlər aylara, aylar illərə çevrilir, əsas odur respublikamızın müstəqilliyi davam edir. Pulumuz isə elə çoxdur ki, artıq 100 manatlığın içinə yerləşmədi, ikiyüzlük kəsdik. Vaxt gələcək millət bu dövrü nostalji ilə xatırlayacaq...

 

Zamin HACI
Tarix: 26-05-2018, 14:11
Xəbəri paylaş





Xəbər lenti