Məmurlardan islahatlara düşmənçilik "resepti"nin - Gizlinləri



 


2011-ci ildə başlanan “ərəb baharı” dalğası Azərbaycanda da ciddi təşvişə səbəb olmuşdu. Hakimiyyət əyalətlərdəki etirazlardan əndişə içərisində idi.
Anaxeber.Az yada salır ki, o zaman hökumət texnoloqları yeni siyasi strategiya ilə təxirəsalınmaz addımlar atmağa başladılar.
Belə ki, nazirləri rayonlara səfərbər etdilər. Regionlarda keçirdikləri görüşlərdə nazirlər vətəndaşları qəbul edir, problemlərini yerindəcə araşdırır, tapşırıqlar verirdilər.
Bu siyasi texnologiya əyalətlərdə sosial etirazların “qaynayan qazan” olmaqdan sovuşdurmağa hesablanmışdı.
Bu günə kimi nazirlərin bölgələrə səfəri tendensiyası davam etsə də, əvvəlki cazibəsini, effektivliyini və eyforiyasını itirməkdədir.
Hazırda bu səfərlər daha çox kosmetik, formal xarakter daşıyır, öyrədilmiş, öncədən razılaşdırılmış sakinlər nazirlərin görüşünə buraxılır və icra hakimlərinin nəzarətindən kənarda heç bir vətəndaş nazirlə görüşə daxil ola bilmir.
O baxımdan yerlərdə özbaşınalıq, süründürməçilik, intihar, vətəndaşın özünü yandırmaq həddinə çatdırılması halları getdikcə artmaqdadır.
Eləcə də hökumətlə əhali arasında əsas vasitəçilərdən biri olan millət vəkilləri xalqın problemlərinə daşlaşmış heykəl kimi reaksiya verirlər.
Bu “divar syasəti” azmış kimi, hökumətə, onun nazirlərinə vətəndaşların şikayətlərini çatdırmalı olan millət vəkilləri xalqı aşağılayan çıxışlarla yaranmış gərginliyin dozasını artırırlar. Sanki Haitidə qullar üsyanından qabaqkı dövrə qayıtmaqdayıq.
Bu örtülü qazanın qaynaması, total narazılıq, ictimai nəqliyyatda və çayxanalarda məmurların lənətlənməsi, idarə qapılarında süründürülən əlillərin ah-naləsi, evsiz-eşiksiz, işsizlərin, evi dağıdılanların intiharı fərdlərin qiyamı olsa da, bütövlükdə toplum üçün çox ağır ekspermentlərdir.
Bu sinfi mübarizə və təbəqələşmə iqtidarın bu xalqla tellərini qoparmaqdadır. Əksinə, indi nazirlərin, deputatların bölgələrə göndərilməsi, açıq görüşlərin keçirilməsinə ciddi ehtiyac var.
Regionlarda özünü yandıran, etiraza qalxanların problemini həll etmək elə də çətin iş deyil. Bu, gələcəyin siyasi qarantıdır, seçkilərin sabit keçirilməsinin zəmanətidir.
Anaxeber.Az yazır ki, cəmiyyətin bir-biri ilə mübarizə aparan siniflərə bölünməsi faktı Marksdan əvvəl də qeyd olunmuşdu.
Məsələn, tarixçi Gizo 1820-ci ildə Fransa tarixini “2 müxtəlif xalqın tarixi” kimi təsvir edirdi.
Bunlardan biri qalib xalq (zadəganlar), digəri isə məğlub xalq (“üçüncü təbəqə”) idi: “Onların arasında sülh mümkün deyil. Onları barışdırmaq ximerik niyyətdir”.
Azərbaycan bu ağrılı prosesləri keçməkdədir. Məmur-vətəndaş qarşıdurması düşmənçilik həddinə çatıb. Bu qorxulu və entuziazm yaradan tendesiya gələcəyə qisasçılıq perspektivləri vəd edir.
Bu gün məmur qapısından qovulan və evinə çörək ala bilməyən fəhlə sabah ilk fürsətdə həmin məmurun başını gilyotinaya qoyacaq.
Və Azərbaycan üçün belə təhlükəli respetlər hazırlayan hakim komanda içərisindəki islahat düşmənləri real reformaları tormozlayır, rüşvət çirkabından çıxmağa macal vermir.
Təkcə budurmu? - insanların ədalətsizliklərdən cana doyaraq özünə qapanıb dinə tapınması, islamçıların ideoloji olaraq təşkilatlanması, efirdən söyüş püskürən səviyyəsizlərin əxlaq dərsi keçərək insanları qıcıqlandırması, müxalifətsizlik, ideoloji boşluq, mədəni və siyasi böhran da hakimiyyətin cəmiyyət üçün qoyub getdiyi problemlərdir.
Bu, həm də bumeranq effekti ilə qayıda bilər. Hakimiyyət isə belə tezislər üzərində ssenarilər cızan gerçək xarici qüvvələrin projelərini “beşikdə boğa bilməyəcək”. Artıq münasibətlər dərinə işləyib və onların fəsadları qaçılmazdır.
Bunun üçün ilk növbədə həqiqətən deputatlar, komitə sədrləri, nazirləri xalqla səmimi təmaslar qurmalı, özləri villada yaşayırsa, lüks maşınlar sürürsə, daxmasında ac-yalavacların ən adi əllilik dərəcəsi, sosial müavinət kimi problemlərini həll etməlidirlər.
Bunun üzərinə bahalaşma, inflyasiya, 2015-bəri devavasiyadan yoxsullaşmış orta təbəqə, müflsi olmuş sahibkarlar, ölkəni tərk eləmiş investorlar da sosial vitrində yer alır.
Hakimiyyət məmurları xalqla arasındakı dəmir qəfəsləri, zəncirləri qırmalıdırlar, bir barış mühiti olmalıdır. Əksi Gizo reseptidir, Haitidir...
Anaxeber.Az
Turan
Tarix: 29-05-2018, 09:17
Xəbəri paylaş





Xəbər lenti