İcra başçısının müavini Türk şəhidliyi ilə bağlı xəbəri təkzib etdi


Hacıqabuldakı Türk şəhidliyinin lövhələrinin sökülməsi ilə bağlı xəbərlər yayılıb. Bu barədə musavat.com-a da Türkiyənin Azərbaycandakı səfirliyindəki qaynaqlardan məlumat daxil olub.

Yayılan xəbərlər Azərbaycanda bir sıra ictimaiyyət nümayəndələrinin də narahatlığına səbəb olub. Deputat Fazil Mustafa musavat.com-a bildirib ki, hadisə ilə bağlı o da sosial şəbəkələr üzərindən məlumat alıb: “Sosial şəbəkədə abidənin lövhələrinin sökülməsi ilə bağlı məlumatı və bunu əks etdirən fotonu paylaşmışdılar. Ancaq nə dərəcədə dəqiq olduğunu deyə bilmərəm. Əgər belədirsə bu, həqiqətən də ciddi bir biabırçılıqdır. Ümumiyyətlə, Azərbaycanda türk şəhidliyinə qarşı hər hansı bir sayğısızlığın adı, məntiqi yoxdur. Belə bir şey olubsa bu, dərhal düzəldilməli, lövhələr yerinə bərpa olunmalıdır. Çünki bizim vətən üçün canını vermiş insanlara onsuz da lazımı səviyyədə tam diqqəti hələ ki, göstərməmişik. Yəni Nuru paşanın xatirəsi Azərbaycanda əbədiləşdirilməyib. Buna baxmayaraq heç olmasa yerlərdə camaatın qəbirlərinə toxunmaq olmaz. İnanmıram ki, hansısa məmurun küstahlığı ucbatından belə bir hal baş versin. Ancaq baş veribsə bu, yolverilməzdir və dərhal da bərpa olunmalıdır. Mən lövhələrin fotosunu sosial şəbəkələrdə gördüm. Ancaq nə dərəcədə həqiqəti əks etdirdiyini söyləyə bilmərəm”.

Məsələ ilə bağlı dəqiq məlumat əldə etmək üçün Hacıqabul Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayon icra başçısının birinci müavini Əslan Səmədov musavat.com-a bildirdi ki, yayılan xəbərlər həqiqəti əks etdirmir: “Bu barədə bizə heç bir məlumat daxil olmayıb. Sosial şəbəkələrdə yayılan bu məlumatlar tamamilə yalandır. Həmin kənddə çox gözəl abidə ucaldılıb və daima da diqqət mərkəzindədir, qorunur. İstəsəniz gələrsiniz, sizi də aparıb, həmin abidə ilə tanış edərik. Şəhidləri birlikdə ziyarət edərik. Lövhələrin dağıdılması və digər bu kimi hallar baş verə bilməz”.

Qeyd edək ki, Hacıqabul rayonunda Türk şəhidliyi 2017-ci ilin 31 mart tarixində açılıb. Həmin zaman Qubalı-Baloğlan kəndində səfirlik tərəfindən qəbirlərin üzərində ucaldılan abidənin açılışına Türkiyənin Azərbaycan səfir Erkan Ozoral, hərbi ataşe general Zəfər Ocak, Hacıqabul icra başçısı Əhməd Muxtarov, səfirlik işçiləri və kənd sakinləri qatılıb.

Qubalı-Baloğlan kəndində 1918-ci ildə erməni-daşnak silahlı birləşmələrinə qarşı döyüşdə Qafqaz İslam Ordusunun 6 əsgəri və onlarla birgə döyüşən 6 Azərbaycan əsgəri şəhid olub. Kənd sakinlərindən biri - həmin dövrün şahidi olmuş Hənifə Mövlayev, adları bu gün də məlum olmayan şəhid əsgərləri öz həyətyanı sahəsində dəfn edib. 


Tarix: 30-05-2018, 15:30
Xəbəri paylaş





Xəbər lenti