Sülh Platforması yenidən gündəmdə: ermənilər Bakını gəzir...


Mübariz Əhmədoğlu: “Proses Azərbaycana regional kontekstdə çox müsbət təsirlər göstərir”; Akif Nağı: “Müəyyən müddət sonra həmin adamlardan Azərbaycana qarşı istifadə olunacaq”

Qarabağ konflikti ilə bağlı Vətəndaş Sülh Platforması gündəmə gəlib. Belə ki, bu günlərdə Azərbaycanda doğulmuş ermənilər Bakıya səfər ediblər. Qurumun mətbuat xidmətindən  verilən məlumata görə, səfər Platformanın dəstəyi ilə baş tutub.

Ermənilər Eduard Bagiryan və Erik Xaçaturyan  Bakını gəzib, fotolar çəkdiriblər. “Turan” agentliyinin məlumatına görə, Bagıryan Moskvada yaşayır, hazırda ehtiyatda olan zabitdir. Bagıryan Qarabağ münaqişəsinin başladığı zamandan etibarən ilk dəfədir Bakıya gəlib. O, Azərbaycan-Ermənistan münaqişəsinin həllini yalnız belə canlı təmaslarda görür və Ermənistanda da Azərbaycandakı kimi müxtəlif millətlərdən olan sadə insanların ünsiyyətinə kömək edən ictimai təşkilat yaradılmasını istəyir. Bagiryan hesab edir ki,  bu problemin hərbi və diplomatik həlli yoxdur, çıxış yalnız Bakı və Yerevan tərəfindən qarşılıqlı güzəştlərdədir.

Peterburqda yaşayan Erik Xaçaturyan isə son üç ildə Platformanın dəvəti ilə iki dəfə Bakıda olub. Bu müddət ərzində keçmiş qonşuları ilə görüşüb, onlar ona köhnə fotoşəkil göstəriblər, Erik bu şəkildə özünü görüb.

Mübariz ÆhmÉdoÄlu ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirdi ki, bu proseslərdə rəsmi Bakının mövqeyi çox düzgündür: “Çünki hazırda Azərbaycan-Ermənistan münasibətləri təkcə bu iki dövlətə aid məsələ deyil. Münaqişənin tənzimlənməsinin yubanması münaqişəyə baxışda əcaib trendlər yaradıb. Məsələn, bizim elə qonşu dövlətimiz var ki, Ermənistana xüsusi qaydada yardım edir. Yaxın zamanlarda gördük ki, qonşularımızdan biri olan İran Ermənistana 165 dollara qaz təklif etdi. Bu, start qiyməti idi. Yeri gəlsə hələ bundan da aşağı qiymətlə sata bilərlər. Eləcə də Gürcüstanda erməni və azərbaycanlı icması var. Gürcüstan rəsmiləri, o cümlədən oradakı ictimai-siyasi mühit hətta erməniləri və azərbaycanlıları qan düşməni kimi təqdim edirlər. Bu fikri digər dövlətlərə də yayırlar. Belə vəziyyət Azərbaycanın regional siyasətinə əngəl törədir. Gürcüstan çalışır ki, Ermənistanı özünə tərəf çəksin. Deməli, ermənilərlə azərbaycanlılar arasındakı düşmənçilik, ən azından Qarabağ  münaqişəsinin yubanması istiqamətində istifadə olunur. Bununla da həmin dövlətlər dolayısı ilə Azərbaycanın regional inkişafını ləngidirlər. Demək istəyirəm ki, bu gün iki xalq arasındakı münasibətlər 20-25 il bundan öncəki münasibətlərdən köklü surətdə fərqlidir və dəyişiklik də geosiyasi məsələlərə təsir edir. Ona görə də düşünürəm ki, bu cür məsələləri hökmən diqqətdə saxlamalıyıq”.

Ekspertə görə, 100 erməninin Bakıya gəlməsi ilə bir şey dəyişilən deyil: “Problem bununla həll olunmaz. Bakıda keçirilən beynəlxalq konfransın Azərbaycan tərəfindən koordinatoru olduğum zaman 60 erməni gətirmişdim. Onlardan 20-si Dağlıq Qarabağ ermənisi, qalanları isə Ermənistandan gələnlər olub. Ona görə deyirəm ki, fərdi ermənilərin gəlməsi konfliktin tənzimlənməsində ciddi dəyişiklik yaratmayacaq. Lakin qeyd etdiyimiz kimi, bu, Azərbaycana regional kontekstdə çox müsbət təsirlər göstərir. Ermənistandakı ”məxməri inqilab" Dağlıq Qarabağdan başlayıb. Bu dəqiqə də Sərkisyan ailəsi ilə birlikdə, eləcə də Ermənistanın keçmiş baş naziri Dağlıq Qarabağdadır. Dağlıq Qarabağ erməniləri hədsiz narazıdır və bunun da kökündə dayanan məsələlərdən biri Azərbaycanla əlaqələr məsələsidir. Onlar əvvəllər düşünürdülər ki, Ermənistan Azərbaycanı əzə biləcək. Ancaq indi görürlər ki, bu, belə deyil və Azərbaycan istənilən halda problemi hərbi yolla həll edə biləcək. Buna görə də Dağlıq Qarabağ erməniləri fiziki təhlükəsizlikləri baxımından qorxurlar. Bunun üçün də münasibətlərin normallaşmasını istəyirlər. Rəsmi Bakı 2-3 erməni gətirir, Qarabağ erməniləri deyirlər ki, əgər azərbaycanlılar ermənilərlə düşməndirsə, bu ermənilər Bakıda necə rahat gəzirlər? O mənada indiki addımlar həm geosiyasi, həm regional, həm də Dağlıq Qarabağ münaqişəsi baxımından çox faydalıdır".

Akif NaÄı ile ilgili görsel sonucu

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə Sülh Platformasının Azərbaycanın maraqlarına cavab vermədiyini düşünür: “Hesab edirik ki, bu, çox təhlükəli tendensiyadır. Hələ proses başlayan zaman biz buna etiraz etmişdik. Təəssüf ki, bizə qarşı həmin zaman təzyiqlər olmuşdu. Məsələ ətrafında xeyli diskussiyalar aparıldı. Bildirdilər ki, bu, Azərbaycanın xeyrinədir. Ancaq biz belə düşünmürük. Bu cür proses nəticəsində Dağlıq Qarabağ münaqişəsi, ermənilərin vəhşilikləri yaddan çıxa bilər. Bu cür adamları bura yerləşdirməklə ermənilər Azərbaycanda casus şəbəkəsini formalaşdırırlar. Müəyyən müddət sonra həmin adamlardan Azərbaycana qarşı istifadə olunacaq. Bu gün kiməsə qəribə gələ bilər. Ancaq belə məsələlərə soyuq yanaşmağın ağrılarını sovet dövründə çox çəkmişik. Üçüncü təhlükə də ondan ibarətdir ki, müəyyən məqamda Ermənistan xüsusi xidmət orqanları bizə qarşı istifadə edə bilərlər. Azərbaycan cəmiyyəti normalda ermənilərə nifrətlə yanaşmalıdırlar. Cəmiyyətdə hələ bir eyforiya var ki, bu proses Azərbaycanın xeyrinədir. Ona görə də hələ ki biz də prosesi kənardan izləyirik”. 

Əli RAİS

Tarix: 1-06-2018, 10:13
Xəbəri paylaş





Xəbər lenti