“SATQINLARIN DÖŞÜNDƏ İSTİQLAL NİŞANLARI, … “!!!

“BİZ TARİX YADDAŞINI SÖZ-SÖZ DİRİLDƏN ZAMAN,

SİZ TARİXİN EVİNİ YIXDINIZ DİVAR-DİVAR…”!!!

Fb-NİN GÜNDƏMİNDƏN


Sabir RRUSTÜMXANLİ

29 мая 2018 


Tarixçi alimə:

“Sizlərə Allah olan daş heykəllər yıxıldı.”

Bu günün yolları da qoşular keçmişlərə,
Hər dövrün öz havası, hər çağın öz səsi var.
Biz tarix yaddaşını söz-söz dirildən zaman
Siz tarixin evini yıxdınız divar-divar…

Hələ unudulmamış sonsuz insan dənizi,
Sən də bir tamaşaçı, qıraqdaca durursan.
Kimin fitvası ilə o günləri unudub,
O meydanın adına yalanlar uydurursan?

Sizlərə Allah olan daş heykəllər yıxıldı.
O bizdik, sözümüzlə oyatdıq zamanları.
İstiqlal əskərləri didərgindir yurdunda,
Satqınların döşündə İstiqlal nişanları…

Meydanı unutdunuz, xalqın cəfasını da,
O savaşlar, itkilər yoxa çıxdı, sirr oldu.
Kənarda dayananlar keçdi yuxarı başa,
Milləti qoruyanlar çörəyə əsir oldu.

Hər şeyi unutmusan! Bəs döyüşən sözümüz,
Bəs o birinci qəzet?- tariximin iziydi.
Bəs yazılan kitablar, “masaüstü” deyirdin,
Ya da ölkə boyunca qızların cehiziydi…

Xalq bunları unutmaz, sizlər unutsanız da… 
Tapşırığın ayrıdır! Nə cərrah, nə həkimsən.
Sən tarix sərhəddini icazəsiz keçəndə
Millət tutub yaxandan soruşacaq: Sən kimsən?

Öz yolunu dəyişməz, dayanmaz qoca karvan, 
Yazdığın qoyulacaq səninlə bir məzara.
Yalanlar yaddaşlardan silinib gedən zaman
Tarixin düz sözünü yenə də mən yazaram!..

——————————————————————-

“XEYRİ ALLAH KƏSİB, XEYİRDƏN KEÇİB, 

ƏYLƏŞİB MƏQAMDA ŞƏR CƏNABLARI!”!!! 

Fb-NİN GÜMDƏMİNDƏN


Ayaz ARABAÇI

03 may 2018 


“Göy boyda günahıq, yer boyda eyib,

Bir div hamımızın haqqını yeyib.”

Ayaqlar altında tapdaq olmuşuq,
Başa çıxartmışıq hər cənabları.
İtirib başını dəyirmançılar,
Tərsinə fırlanır pər cənabları.

Bizimki mahnıdan, şeirdən keçib,
Dağları-düzləri seyirdən keçib.
Xeyri allah kəsib, xeyirdən keçib,
Əyləşib məqamda şər cənabları.

Asılıb qalmışıq bir tükə, bax-bax,
Hər addım həyəcan, təhlükə, bax-bax,
O bizik dözürük, hər yükə bax-bax,
Dözməz heç ən yekə nər cənabları.

Sayım bircə-bircə, bil də, üşən də…
Vətən, bir ləkəyik könül şüşəndə..
Səndən şirin-şirin söhbət düşəndə,
Basır üzümüzü tər cənabları.

Gözünə illərin dumanı çöksün,
Köksünü qarğalar-quzğunlar söksün,
Başına haranın külünü töksün,
İgid cənabları, ər cənabları.

Göy boyda günahıq, yer boyda eyib,
Bir div hamımızın haqqını yeyib.
Cütləyib atırıq, bəxtə-bəxt deyib,
Düşür yek üzünə zər cənabları.


Tarix: 4-06-2018, 14:33
Xəbəri paylaş





Xəbər lenti