Qarabağdakı separatçılar həm Bakıya, həm də İrəvana təhlükə yaradır


Xankəndində başlayan etiraz aksiyaları idarəolunmaz vəziyyət yarada bilər; baş separatçı çətin durumda; dinc ermənilər Azərbaycana kömək üçün müraciət edə bilərmi?; politoloq: “Serj Sərkisyan - Bako Saakyan cütlüyü gələcəkdə Paşinyanın hakimiyyətini laxlada bilər”

İşğal edilmiş Azərbaycan ərazilərində ötən həftənin sonlarından başlayaraq yaşanan gərginlik davam edir.  İyunun 2-də oyuncaq qurumun “milli təhlükəsizlik xidməti”nin əməkdaşlarının Xankəndinin küçələrindən birində iki nəfəri döyməsindən sonra ayağa qalxan yerli ermənilər ultimatum verərək, güc strukturları rəhbərlərinin, xüsusilə də qondarma rejimin “polis rəisi” və “təhlükəsizlik xidmətinin rəhbəri”nin danışıqsız istefasını tələb edir.

Ötən gün separatçıların lideri Bako Saakyan etirazçıların nümayəndələrini görüşə dəvət edib və onlara günahkarların cəzalandırılacağı barədə vəd verib. Bir neçə nəfərin həbs olunduğu xəbərləri yayılsa da, aksiyalar dayandırılmayıb. İyunun 3-də Xankəndi avtovağzalında etiraz aksiyasına çıxan 500 nəfərlik insan kütləsi separatçı qurumda güc strukturlarının özbaşınalığından, sakinləri döyməsindən və hədələməsindən danışıb. Onlar güc strukturlarına nəzarət edən bütün nazirlərin vəzifələrindən getməsini tələb edib. “Ermənistandakı inqilab fonunda vətəndaşlar güc strukturları qarşısında qorxudan azad olublar. Qarabağdakı hakim klanın zor tətbiq etməkdən başqa idarəetmə rıçaqları yoxdur”- deyə politoloq Artur Osipyan deyib (modern.az). Onun fikrincə, münaqişə ocağı olması Dağlıq Qarabağda hərbçilərin hakimiyyətdə qalmasına və əhalinin faktiki olaraq onların girovuna çevrilməsinə səbəb olub.

Bako Saakyan ile ilgili görsel sonucu

Virtualaz.org-un erməni KİV-ə istinadən məlumatına görə, separatçıların liderləri vəziyyətdən necə çıxacaqlarını bilmir və İrəvandan kömək istəyirlər. “DQR” “baş naziri”nin müavini olmuş və hazırda Bako Saakyanın məsləhətçisi işləyən Artur Aqabekyan təcili bəyanatla çıxış edərək, Ermənistan hakimiyyətini Qarabağa nümayəndə heyəti göndərməyə çağırıb.

“Düşünürəm ki, Qarabağda MTX başçısı general Arşavir Karamyanın rolu haqda, xüsusən də, aprel günlərindən sonra çoxları bilirlər. Yeni təhlükəsizlik kompleksinin yaradılması və idarə olunması üçün məsuliyyəti məhz o öz üzərinə götürdü. Əminəm ki, aksiya iştirakçılarının çox hissəsi də bundan xəbərdardır, amma bu gün istefa tələbi ilə çıxış edir. İnsan ağlını itirə bilər. Özünüzə gəlin, cənablar, hələ ki gec deyil, özünüzə gəlin. Ermənistan hakimiyyəti isə rəsmi mövqeyini mümkün qədər tez bildirməli və Qarabağa təcili nümayəndə heyəti göndərməlidir”, - deyə Aqabekyan vurğulayıb.

Separatçıların lideri Bako Saakyan hakimiyyəti əldə saxlmaq üçün tez-tez gücdən istifadə edir. 2016-cı ilin iyununda hakim klana qarşı müxalif mövqeyi ilə seçilən Ayk Hanumyan Xankəndində naməlum şəxslərin hücumuna məruz qalmışdı. Bu zaman onun 3 qabırğası sındırılmışdı. Eyni zamanda 2015-ci ilin iyununda Ermənistan müxalifətinin Qarabağa səfər etmək istəyi Laçında onların döyülməsi ilə nəticələnmişdi.

Ancaq görünən budur ki, B.Saakyan son hadisələrin qarşısını almağa çətinlik çəkir. Xüsusilə də onun “gözü çıxmış qardaşı”nın - Serj Sərkisyanın taleyini yaşayacağını düşündüyünü söyləmək olar. Şübhə yoxdur ki, Nikol Paşinyan Sərkisyanın cinayət ortağı olan B.Saakyanı öz kadrı ilə əvəzləmək üçün hərəkətə keçib. Fakt budur ki, Qarabağdakı hərbi qüvvələr, ümumiyyətlə, Qarabağ klanı son illərdə Ermənistandakı hakimiyyət dəyişikliklərində önəmli rol oynayıblar. Odur ki, Paşinyan bu klanın daha ciddi fiqurunu sıradan çıxartmağı hədəfləyib.

Levon Ter-Petrosyan ile ilgili görsel sonucu

Vəziyyətin gərginliyi sabiq prezident Levon Ter-Petrosyanı da dilə gətirib. “Erməni Milli Konqresi” Partiyasının lideri Levon Ter-Petrosyan Azərbaycanın işğaldakı Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin İrəvan tərəfindən Xankəndində yaradılmış qondarma rejimə etirazını etməsini şərh edib. Ter-Petrosyan İrəvandakı inqilabın Xankəndinə yayılmasının təhlükəli olduğunu bildirib. “İrəvanda baş verənlərin Qarabağda baş verməsi yolverilməzdir. Çünki biz müharibə vəziyyətindəyik və daxildə baş verə biləcək hər hansı qığılcım faciəvi nəticələrə gətirib çıxara bilər. Rəqibimiz (Azərbaycanı nəzərdə tutur - red.) bu situasiyadan istifadə etməyi unutmayacaq”, - deyə o iddia edib. Ter-Petrosyan keçmiş prezidentlər Serj Sərkisyan, Robert Köçəryan, həmçinin qondarma rejimin həbsdə olan keçmiş “müdafiə naziri” Samvel Babayana Qarabağda vəziyyəti sakitləşdirməyə kömək etmələri üçün çağırış edib. Qeyd edib ki, S.Babayan təcili şəkildə həbsdən azad edilməlidir. “İndi hərəkətə keçməsək, sonra gec olacaq”, - o bildirib.

Son məlumatlara görə, küçələr bloklanıb, dövlət binaları mühasirəyə alınıb. Qondarma rejimin “rəhbərliyi” bəzi şəxsləri istefaya göndərməklə aranı sakitləşdirə bilib. Lakin Ermənistan mediası tezliklə yeni toqquşmaların başlayacağını, əhalinin küçələrə çıxacağını yazır. Erməni siyasi şərhçi Sarqis Artsruni qeyd edir ki, Xankəndindəki rejim İrəvandakı köhnə rejimin uzantısıdır: “Heç kimə sirr deyil ki, Qarabağdakı Rejim Ermənistanın əvvəlki hakimiyyəti tərəfindən idarə olunur. İrəvanda köhnə rejim dəyişdi, lakin eyni rejimin uzantıları Xankəndində qalır. Əhalinin etirazının kökündə isə məişət zəminində baş verən hər hansı insident yox, daha dərin səbəblər var”. Onun sözlərinə görə, Qarabağda əhalinin çətin sosial vəziyyətdə yaşaması burada inqilabı tətikləyir.

“Lakin İrəvanda baş verən inqilabla müqayisədə Xankəndində baş verə biləcək üsyan daha təhlükəli nəticələrə gətirib çıxara bilər. Çünki Xankəndində baş verə biləcək daxili çaxnaşma cəbhədə Azərbaycanın əlini gücləndirəcək və Bakı bu prosesdən asanlıqla yararlana bilər. İrəvandan fərqli olaraq, ”DQR"-i heç bir ölkə, hətta Ermənistan belə tanımır. Bu baxımdan, orada hər hansı çaxnaşma heç bir beynəlxalq diqqətə səbəb olmayacaq. Əvəzində Azərbaycanın hərbi yolla əraziləri qaytarmaq planının önünü açacaq", - deyə o bildirib.

Baş verənlər Qarabağ məsələsinin bundan sonra hansı məcrada davam edəcəyi sualını ortaya çıxarır. Əgər İrəvanda baş verənlər Ermənistanın daxili işi sayılırdısa, artıq Qarabağda baş verənlərin birbaşa Azərbaycana aidiyyəti var. İstənilən zaman Qarabağdakı separatçı, cinayətkar dəstələr diqqəti daxildəki hadisələrdən yayındırmaq üçün Azərbaycana qarşı təxribata əl ata bilər. Belə olduğu halda, Azərbaycan ən azı öz təhlükəsizliyi baxımından tədbirli olmalıdır. Maraqlı vəziyyət yaranıb. Faktiki olaraq bu gün Qarabağdakı separatçılar həm Bakıya, həm də İrəvana təhlükə törədir.

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın ardından Dağlıq Qarabağın da qarışacağı gözlənilən idi: “Çünki Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda separatçıların lideri Bako Saakyanı dəyişmək istəyir. Bako Saakyan keçmiş prezident və baş nazir Serj Sərkisyanın adamıdır. Bu isə Paşinyan üçün hər an təhlükə yarada bilər. Ermənistanda siyasi ab-havanı həm də Dağlıq Qarabağdakı vəziyyət müəyyənləşdirir. Yaxın tarix də bundan xəbər verir. Zamanında Levon Ter-Petrosyan prezident olanda da onun əsas opponentləri məhz Qarabağdakı separatçılar idi və elə onu devirənlər də Qarabağdan gələnlər oldu”. Politoloq hesab edir ki, əgər Paşinyan keçmiş şefinin bu səhvindən gərəkli nəticə çıxarıbsa, Dağlıq Qarabağda Bako Saakyanı sakitcə öz tərəfdarı ilə dəyişməyə çalışacaq: “Əks halda, Serj Sərkisyan - Bako Saakyan cütlüyü gələcəkdə Paşinyanın hakimiyyətini laxlada bilər. Buna baxmayaraq, Paşinyan Bako Saakyanı elə dəyişmək istəyir ki, bu cəbhə xəttindəki durumu onların zərərinə dəyişməsin. Hətta belə bir halın yaranacağından Levon Ter-Petrosyan da qorxur. Təsadüfi deyil ki, Levon Ter-Petrosyan açıqlama verərək Dağlıq Qarabağda sakitliyə riayət edilməsinin vacibliyini bildirib”.

Bu arada, xarici işlər naziri Elmar Məmmədyarovun Nyu-Yorkda BMT rəhbərliyi ilə görüşlər keçirməsi də diqqəti cəlb edir.

E.Şahinoğlu bu fakta önəm verilməsini təbii sayır: “Əlbəttə, rəsmi Bakı çalışır ki, BMT-nin 4 qətnaməsinin aktuallığı artsın və bunun üçün mütəmadi olaraq BMT rəhbərliyi ilə görüşlər də keçirilir. Ancaq məsələ ondadır ki, BMT öz qətnamələrinə qayıtmaq istəmir və həmişəki kimi topu ATƏT-ə ataraq deyir ki, Dağlıq Qarabağ probleminin həlli ilə Minsk Qrupu məşğuldur. Minsk Qrupunun problemin həlli ilə necə məşğul olduğu bəllidir. Ona görə də BMT-yə ümid bəsləməyin yeri yoxdur. Diqqəti BMT-yə yönəltməkdənsə Ermənistan və Dağlıq Qarabağdakı prosesləri izləyərək buna uyğun addımlar atmaq lazımdır”.

***

Bu arada Ermənistan XİN rəhbərinin Rusiyaya səfərə hazırlaşması da maraqlı nüansdır. ATƏT-in Minsk Qrupunun Ermənistana səfəri ərəfəsində İrəvan saatları Moskva ilə tutuşdurmağı hədəfləyib. Çox güman ki, Ermənistanın yeni xarici siyasət idarəsinin başçısı Zöhrab Mnatsakanyan Rusiya XİN başçısı S.Lavrovun təlimatları əsasında işləyəcək. Bundan öncə də o, Lavrova telefon açmışdı. Sergey Lavrovun isə erməni lobbisinin nümayəndəsi olduğu heç kimə sirr deyil. Deməli, danışıqların növbəti raundu da torpaqların azadlığına aparmayacaq.

Bəzi müşahidəçilər hesab edir ki, Ermənistanın ardınca Azərbaycanın işğal altındakı ərazilərində də küçə etirazlarına start verilməsi erməniləri üz-üzə qoya, nəticədə ordunun işə qarışmasına şərait yarada bilər. Dağlıq Qarabağdakı hərbi xuntanın girovuna çevrilmiş Qarabağ ermənilərinin xilas olmaq üçün Azərbaycan dövlətinə müraciət etməsi üçün əlverişli imkan yaranıb. Hər halda, onlar özləri də illərdir davam edən girovluqdan bezikdiklərini açıq deməyə başlayıblar. Yetər ki, Azərbaycan vətəndaşı olduqlarını bəyan etsinlər və Bakıya onları xilas etmək üçün müraciət ünvanlasınlar. Antiterror koalisiyasının üzvü olan Azərbaycan məmnuniyyətlə Qarabağ ermənilərini separatçı, terrorçu və işğalçı qüvvələrdən xilas edər...

 Elşad PAŞASOY

Tarix: 5-06-2018, 10:28
Xəbəri paylaş





Xəbər lenti