Sahil Babayevin “cehiz kadrı”ı və köhnə QVARDİYANIN DÖYÜŞÜ


2018-ci ilin aprel ayının 11-də Azərbaycan Respublikası Prezidenti postuna növbədənkənar keçirilən VIII rəsmi ümumilli seçki ölkə vətəndaşlarında böyük islahatların aparılmasına ümidləri artırdı. Nazirlər Kabinetinin yeni tərkibi bir sıra yeni simalarla uzun müddətdir gündəmə çevrilib. Mətbuat və kütləvi informasiya vasitələri yeni kabinetin yeni simalarının təbliğatını aparır. Dövlət başçısının gənclərə göstərdiyi bu etimad bəlkə də uğursuz təşəbbüslərdən birinə çevriləcək. Ancaq Prezident öz üstünə düşənləri etdi. Xalqı bezdirən və dövləti talan edənləri yola saldı. Yenilərin və köhnələrin fəaliyyətlərində müqayisələr bundan sonra hələ uzun müddət davam edəcək. Bu gün xalqı ən çox maraqlandıran yenilərdən biri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevdir.

“Köhnə hamamda yeni tas” – dəyişən yalnız adlardır

Xalqın yeni nazir Sahil Babayevdən gözləntisi ölkədə əmək qabiliyyətli əhalinin işlə təminatı, işçilərin əmək hüquqlarının müdafiəsi, əhalinin məşğulluğunun artırılması və aztəminatlı ailələlərə dövlət qayğısının gücləndirilməsi istiqamətində islahatların həyata keçirilməsidir. Lakin, nazir Sahil Babayevdə sələfinin izindən gedərək nazirliyin fəaliyyət istiqamətləri üzrə fundamental islahatlar aparmaq əvəzinə məmurların soyqırımını həyata keçirməklə məşğuldur.

Babayev Müslümovun etdiyini belə etmir

Sabiq nazir Səlim Müslümov işlədiyi müddətdə heç olmasa pafoslu çıxışlarla xalqın könlünü aldı. Sələfi isə buna belə lüzum görmür. Yenilər dərk etməlidir ki, xalqın güzaranı heç də yaxşı deyil. Bu gün əhalinin böyük çoxluğu işləmir və dolanışıqları dözülməz vəziyyətdədir. Ölkəni intihar dalğası bürüyüb və sosial problemlər daha da dərinləşir. Dövlət büdcəsində sosial sahəyə küllü miqdarda vəsait ayrılır. Lakin bu vəsaitlər əhalinin sosial problemlərinin həllinə yönəlmir. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr islahatları və rüşvətxorluqla mübarizədən əvvəl dövlət qulluqçularının əmək haqlarının yaxşılaşdırılması və innovativ nəzarət sisteminin qurulması mütləqdir. Bundan sonra dövlət qulluqçularının etik davranış qaydalarına əməl etməyən, fəaliyyətində yarıtmazlıq olan və işinin öhdəsindən gəlməyən məmurlarla yollar ayrılmalıdır.

“Cehiz kadr” siyasəti davam edir

Nazir Sahil Babayevin apardığı uğursuz kadr islahatları onun gələcək fəaliyyətini şübhə altına alır. İşdən azad etdiyi kadrlar xalqın və kollektivin ürəyincə olsada yeni təyinatlar hər kəsi məyus etdi. Əfsuslar olsun ki, ölkəmizdə ənənəyə çevrilən kadr transferləri nazirdən nazirə ötürülən uğursuzluqların əsas meyarıdır. Hər kəs yeni təyinat aldığı sahəyə özü ilə əvvəlki iş yerində nə qədər yaxını, qohumu, dostu və tanışı varsa çəkib aparır. Getdiyi yerlərdə isə həmin şəxsləri yerləşdirmək üçün məmur soyqırımı həyata keçir. Sözün məcazi mənasında, bu “gəlin köçən qızın cehizinə bənzəyir” və baş verənlər yenilərin kadr siyasətinə “cehiz kadr” adını verməyə əsas verir.

Yeni nazirin müavinləri, yaxud “quzular qurda” tapşırıldı

Mən hesab edirəm ki, nazir Sahil Babayev həqiqətən bu sahədə şəffaflıq yaratmaq istəyir. Prezidentin ona olan etimadı buna görədir. O, korrupsiyalaşmadan və klanlaşmadan kənar bir fiqurdu. Lakin təyinat aldığı sahədə təcrübəsinin olmaması və eyni zamanda nazirlikdə qeyri-obyektiv mənbələrdən məlumat əldə etmələri Sahil Babayevi və yeni komandasını sürətlə uğursuzluqlara aparır. Nazir müavini Mətin Kərimlinin məşğulluq sahəsinə nəzarəti nazir Sahil Babayevi bu sahədə uğursuzluqlardan xilas edəcək. Lakin nazir müavinləri Natiq Məmmədovun və İlqar Rəhimovun nazir Sahil Babayevə uğur gətirəcəyi inandırıcı görünmür. Ünvanlı Dövlət Sosial Yardımlarının əhaliyə verilməsində ilk korrupsiya yuvası İlqar Rəhimov tərəfindən yaradılmışdı və həmin sahəyə inzibatçılığı Heybət İmanov həyata keçirirdi. Bu gün nazirlikdə “quzu qurda” həvalə olunur. Keçmişin izləri mətbuatdan silinmədən yeni rüşvət ocağının tüstüsü yəqin ki, yaxın vaxtlarda çıxar.

Dövlət Əmək Müfəttişliyi Xidmətində yanacaq ocaq

Bir ocaq da hesab edirəm ki, Dövlət Əmək Müfəttişliyi Xidmətində tüstüləyəcək. Sabiq nazirin kürəkəni yol üstündədi. Öz xoşu ilə xidmət rəisi Fuad Əlizadə vəzifəsini tərk edəcək. Həmin yerə isə xidmətin rəsi müavini Anar Quliyev iddialıdır. Nazir Sahil Babayev Anar Quliyevi bir yerlərdən tanıyır. Ancaq şəxsi keyfiyyətlərini və xüsusiyyətlərini necə bilir deyə bilmərəm. Bildiyim odur ki, Anar Quliyev sabiq nazir Səlim Müslümovun, Aparat rəhbəri Əjdər Cəbiyevin və xidmət rəisi Fuad Əlizadənin adamlarını gizlətməyə və müdafiə etməyə çalışır. Köhnə komanda Anar Quliyevin xidmət rəisi olmasını arzulayır. Maraqlısı odur ki, hamı Anar Quliyevi özünə üzdə dost və eyni zamanda arxada düşmən bilir. O, hamının dara düşəndə sarıldığı ilan və boğulanda tutduğu saman çöpüdür. Səlim Müslümov bütün kirli işlərini Əjdər Cəbiyevə etdirirdisə, Fuad Əlizadənin bütün qanunsuz əməllərinin arxasında Anar Quliyev durur. Anar Quliyev bu gün nazir Sahil Babayevin güvənini qazanmaq üçün xeyli sayda dəqiq məlumatlar ötürür. Lakin bu yolla bir o qədər kirli işləri ört basdır edə bilir. Köhnə qvardiyanın nə qədər çox adamı sistemdə qalsa yeni komandaya gedən yollara bir o qədər çox əngəllər qoyulur.

Hesab edirəm ki, nazir Sahil Babayev internet xəbər portalarında son bir neçə ilin monitorinqini aparsa xalqın gözündən düşmüş məmurların ifşa olunmasına nail olacaq. Elə ictimai qınaq obyektinə çevrilən şəxslərin sistemdən uzaqlaşdırılması və peşəkarların irəli çəkilməsi uğurlara səbəb olar.

Nazir Sahil Babayevə fəaliyyətində uğurlar diləyirik. Növbəti təhqiqatlarımızla və araşdırma materiallarımızla növbəti gündəmi bölüşmək ümidi ilə..

Elchi.az

Tarix: 5-06-2018, 21:15
Xəbəri paylaş





Xəbər lenti