"Ev tikənlər icra hakimiyyətinə 3, 5-dən verirlər, zəlzələ unudulur" - Rayonda evlər belə tikilir


Xatırladaq ki, dünən axşam saat 22.40 radələrində bəzi rayonlarda zəlzələ olub. Bölgə sakinləri zəlzələnin bəzi ev və tikililərdə çatlara səbəb olduğunu deyir. Görəsən, tikilən evlərin zəlzələyə dayanıqlılığı necə yoxlanılır?

Cebhe.info-ya məlumat verən Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqovabildirib ki, paytaxt və bəzi şəhərlərdə bu dayanıqlılıq yoxlanılsa da, bəzi rayon, kənd və şəhərlərdə buna heç baxılmır:

“Bu iş əslində memarlara, sənətkarlara həvalə olunur və konstrukturlarla məsləhətləşilir. Yəni ki, onların peçatı olmadan icra hakimiyyəti həmin layihələrin tikilməsini qəbul etmir. Bu da binaların təhlükəsizliyi üçün zəmin yaradır. Ancaq kəndlərdə bu belə deyil. İnsanlar düşünür ki, dünən 2 otağı vardısa, indi 5-i olsun. Orda da ustaları çağırırlar və onlar heç nə olmaz deyə-deyə sürüşkən, qara çaylaq daşlarını tikililərin fundamentinə qoyub, üstdən kərpic hörməyə başlayırlar. Bu zəlzələyə necə dözə bilər axı?

Çaylaq daşları fundamentdə olanda ətraf ya betonla örtülməli, ya da başqa daşlar, kərpiclərlə örtülməlidir. Elə bil ki, bunların içərisində çaylaq daşları qəlb kimi olsun. Belə evlər nəinki zəlzələ, yağışlar çox olanda da, yeraltı sular qalxdıqda da çatlayıb, dağıla bilər. Nə qədər rayonda, kəndlərdə belə evlər dağılıblar”. 

Zemfira Budaqova əlavə olaraq qeyd edib ki, kəndlərdə də buna nəzarət olunmalıdır:

“Əslində ərazi nümayəndəliyi, icra hakimiyyəti bunlara nəzarət etməlidir. Onlar tikinti qalxanda bunu etməlidirlər. Ev tikənlər onlara 3, 5-dən verirlər, bununla da məsələ həll olunur. İcra Hakimiyyətində olan adam mühəndis olmalıdır. Mühəndis deyil deyə heç nə deyə bilmir, çünki savadı yoxdur. Əgər savadlı olsa, o deyər ki, bu ev dağılacaq və belə tikintilərə icazə verməz”.

Hicranə İsmayılova

Tarix: 6-06-2018, 14:29
Xəbəri paylaş





Xəbər lenti