Paşinyanın sayıqlamalarının arxasında nə dayanır?..


“Yağışdan çıxdıq, yağmura düşdük” deməyə qətiyyən tələsməzdik. Amma Nikol müəllim narahatlıq üçün olmasa da, hər halda əsəb üçün xeyli zəmin yaradıb. Bu adam kor tutduğundan əl çəkmədiyi kimi, tutub durub ki, bəs bizim Qarabağda beş-üç ermənimiz var və siz onları tərəf kimi tanımalısınız...

Amma bütün bunları bir erməninin xəstə xəyalının məhsulu kimi də dəyərləndirmək lazım deyil, Paşinyanın bu məsələni bu qədər israrla təkid etməsi güman ki, səbəbsiz deyil.

Hazırda Ermənistanın Rusiya ilə elə bir problemi yoxdur. Lavrov yerində oturub, üstəlik, Nikol müəllim düşünür ki, Soçidəki görüşdə V.Putinlə yetərincə anlaşma yaradıb, baxmayaraq ki, ruslar belə düşünmür, Ermənistanla və Paşinyanla bağlı giley-güzarlarını, qarğışlarını bizim oxucu auditoriyası ilə bölüşməyə can atırlar ki, bəlkə biz özümüzdə təpər tapıb onların əvəzində İrəvanı yüngülcə cəzalandırdıq; amma çox yüngülcə, çünki Kreml erməniləri hələ ciddi cəzalandırmağa qərar verməyib.

Deməli, Paşinyanın əsas problemi ölkəsinin siyasətindəki Qərb vektorunu bir az da gücləndirmək, bizim dildə desək, Qərb ölkələrinə də nömrə gəlməkdir ki, onların da siyasi, ən əsası da maliyyə dəstəyini alsın. Guya ki, bir neçə yüz milyon dollarla hələ X.Abovyanın haqqında bəhs etdiyi “erməni yaralar”ını sağalda biləcəklər...

Amma Qərbi də uşaq-muşaq idarə etmir, onların da gözləntiləri var. Düşünürlər ki, Paşinyan siyasi sələflərindən fərqli olaraq bütün hallarda Qarabağ müstəvisində daha konstruktiv olacaq və ya olmalıdır.

ABŞ-ın və ya Fransanın siyasi dairələri erməni əsilli seçicilərinə vəd verməkdən yorulub və bu adamlar cəmi ermənilərə əlillik təqaüdü kəsə bilməz. İrəvanın qurtuluşu region dövlətlərilə konfliktlərdən qurtulmaqdır, hasını ki, Nikol cənabları qətiyyən etmək istəmir - buna ya ürək eləmir və qorxur, ya da erməniliyi mane olur.

Ona görə də ən yaxşısı, Qərbin Azərbaycanla israrlı danışıq tələblərindən yaxa qurtarmağın yolu yükü öz üzərindən atmaqdır - guya ki, bizlik burada iş yoxdur, qoy, Azərbaycan və Dağlıq Qarabağ öz aralarında danışsın və bizə qarşı Türkiyənin və Azərbaycanın indiyədək yürütdüyü təcridetmə siyasəti də bir nonsensdir...

Etiraf edək ki, ilk baxışda heç də pis düşünülməyibdir və hal-hazırda danışıqlardan qaçmağın, vaxt uzatmağın ən yaxşı yolu, həm də bir daha deyirik ki, Qərbin də, hətta Kremlin də “Azərbaycanla bir araya gəlin!” tələblərindən can qurtarmağın ən yaxşı üsulu budur, çünki bu axmaqlara hələ də belə gəlir ki, vaxtı uzatmaq onlara sərf edir, halbuki vaxt uzandıqca Ermənistan səfalətin lap dibinə sürüklənir. Amma bunlar belə zənn edirlər ki, Moskvanın silahının gücünə Dağlıq Qarabağdakı mövqelərini qoruya biləcək, Qərbin pulları sayəsində isə iqtisadiyyatlarını dirçəldəcəklər.

Amma bu konteksdə başqa yozumlar da var. Belə ehtimallar da var ki, qondarma “DQR”-i tərəf kimi tanıtmağa çalışmaqla N.Paşinyan həm də  artıq unutduğumuz 907-ci düzəlişin qüvvəsini aktivləşdirmək, eləcə də ABŞ - la Azərbaycan arasındakı münasibətləri bir az soyutmaq istəyir.

Bütün hallarda aydındır ki, Ermənistanın xarici işlər naziri Z.Mnaçakanyan tərəflərin liderləri arasındakı görüşün ayların deyil, həftələrin predmeti olduğunu desə də, duyulanı budur ki, N.Paşinyan ən azı hələ buna razı deyil,- o, danışıqlarda nə deyəcəyini hələki təxmin etməyib, ona görə də elə bir situasiya yaratmağa çalışır ki, həm Bakı, həm də həmsədrlər üçün yeni və gözlənilməz olsun.

Bir məsələ də var ki, N.Paşinyanın “kabinet”inin hələki etibarlı mandatı yoxdur, bu, etirazçı elektoratın ovqatından asılmış bir hökumət kabinetidir ki, ona legitimliyi və əsl səlahiyyəti ancaq növbəti parlament seçkisi verə bilər. Nikol cənabları isə buna hazır deyil, çünki hələ çox şey əvvəlki hakim partiyanın nəzarətindədir- istər mərkəzi, istərsə də yerli hakimiyyətin strukturları olsun...

N.Paşinyan yaxınlarda dedi ki, 91-ci ilin seçkilərini çıxmaq şərtilə ölkədə qalan seçkilərin hamısı saxtalaşdırılıbdır. Deməli, qalır sınanmış klassik üsul: seçkiləri o qüvvə odur ki, buna qədər artıq digər üsullarla  hakimiyyəti ələ almış olsun. Nikol müəllim də buna çalışır.

Bəs biz nə etməliyik? Nikol bizi növbəti dalana yönəltməyə çalışır, bunun qarşısını almağın yolu da təşəbbüsü ondan almaq və elə situasiya yaratmaqdır ki, Ermənistan danışıqlara yüyürə-yüyürə gəlsin. Bunu necə etməyin yolunu isə hamımız bilirik...

Hüseynbala Səlimov
Tarix: 12-06-2018, 09:36
Xəbəri paylaş





Xəbər lenti