Məcburi köçkünlər Prezident Administrasiyası qarşısında etiraz etdi VİDEO


“Ehtiyac içindəyik, gəlir, dolanışıq yoxdur”

«Nə torpağımızı azad edirlər, nə də işlə təmin olunuruq… İndi neftin qiyməti də bahalaşıb, dövlətimizin də gəlirləri çoxalıb».

İyunun 12-də dondurulmuş əmək haqlarını ala bilmədiklərindən Prezident Administrasiyasının qarşısına toplaşıb etiraz edən bir qrup məcburi köçkün belə deyib.

Aksiya iştirakçıları tələb ediblər ki, 2017-ci ilin yanvarından dondurulmuş əmək haqları bərpa edilsin, ya da onları işlə təmin etsinlər.

Aksiya iştirakçılarından Aynur Məmmədova bildirib ki, Füzuli rayonunda dörd kəndi birləşdirən tibb məntəqəsində işləyib.

«Hazırda işsizəm. Ötən ilin avqustunda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyinin qəbulunda oldum, işlə təmin olunacağımı bildirdilər. Amma hələ də işlə təmin olunmamışam. Nə torpağımız azad edilir, nə də işlə təmin edilirəm», – deyən A.Məmmədova iyunun 5-də Nazirlər Kabineti qarşısında keçirdikləri etiraz aksiyası zamanı onları baş nazirin müavini Əli Əhmədovun qəbul etdiyini bildirib.

«Baş nazirin müavini bildirdi ki, araşdırmalar aparılır. Problemimiz həll olunacaq, maaşlarımız ödəniləcək. Amma hələ bir xəbər yoxdur», – o deyib.

A.Məmmədovanın vurğulamasına görə, etiraz aksiyasına çıxmaq məcburiyyətində qalanlar o insanlardır ki, ehtiyac içində yaşayırlar, gəlirləri yoxdur:

«Ehtiyac içində yaşayırıq, gəlirimiz, dolanışığımız yoxdur. Bura toplaşanların da hamısı yaşlı insandır».

A.Məmmədova maaşları dondurulan məcburi köçkünlərin Nazirlər Kabinetini məhkəməyə verdiyini, ancaq müsbət qərar ala bilmədiklərini, yuxarı məhkəmələrə müraciət edəcəklərini də qeyd edib.

Digər aksiya iştirakçıları da həm etiraz tədbirlərini, həm də hüquqi müstəvidə mübarizə aparacaqlarını vurğulayıblar.

«Hökumət məcburi köçkünlərin maaşlarını bərpa edə bilər. İndi neftin də qiyməti bahalaşıb, dövlətimizin də gəlirləri çoxalıb», – narazı məcburi köçkünlər bildiriblər.

Aksiya iştirakçılarının nümayəndələrini Prezident Administrasiyasının rəsmiləri qəbul ediblər, məsələnin araşdırılacağı bildirilib.

Məcburi köçkünlərin aksiyası ciddi nəzarətlə müşayiət olunub. Mülkigeyimli şəxslər etiraz edənləri davamlı əhatədə saxlayıblar. Onların, eləcə də jurnalistlərin foto, video çəkiliş aparmasına imkan verilmədiyi bildirilir.

Narazı köçkünlər ötən ilin əvvəlindən bu məsələ ilə bağlı bir neçə dəfə aksiya keçiriblər. Onlar sonuncu dəfə iyunun 5-də Nazirlər Kabinetinin qarşısına toplaşmışdı.

azadliq.org

Tarix: 13-06-2018, 10:22
Xəbəri paylaş





Xəbər lenti