Müdafiə Nazirliyindən ermənilərin “müharibə başlayır” narahatlığına reaksiya: "Onsuz da..."


Azərbaycan ordusunun davamlı şəkildə həyata keçirdiyi hərbi təlimlər, Ali Baş Komandanın iştirakı ilə müasir hərbi texnika və raket sistemlərinə baxışın həyata keçirilməsi Ermənistanda və işğal altındakı Dağlıq Qarabağ bölgəsində ciddi təşviş yaradıb. Bu gün erməni mediası Azərbaycan ordusunun 2016-cı ilin aprel hadisələrindən bəri “görünməmiş” fəallığı barədə xəbər yayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, ermənilər iyunun 12-dən etibarən Azərbaycan ordusunun cəbhə bölgəsindəki hərbi texnika və canlı qüvvəsinin intensiv hərəkətləri barədə məlumat yayıblar. İddia olunub ki, artilleriya, canlı qüvvə, hərbi texnikanın hərəkətləri təhlükəli vəziyyət yaradır.

“Biz birmənalı şəkildə qeyd edirik ki, aprel döyüşlərindən sonra Qarabağ cəbhəsində ən gərgin vəziyyət yaranıb. Azərbaycan ön cəbhənin bir neçə istiqamətindən fəallığı artırıb. Vəziyyətin kəskin pisləşməsi üçün real təhlükə var” - deyə Dağlıq Qarabağdakı separatçı rejimin təmsilçisi Tiqran Abramyan həşir qoparıb.

Qeyd edək ki, ordumuzun Naxçıvan istiqamətində həyata keçirdiyi uğurlu döyüş əməliyyatı düşməni ciddi şəkildə narahat edib.

Erməni tərəfinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin İrəvana, prezident Armen Sərkisyanın isə Dağlıq Qarabağa gəldiyi gün belə həşir qoparması da maraqlıdır. Yeri gəlmişkən, Sərkisyan Bako Saakyanla bir araya gəlib və vəziyyəti müzakirə edib.

Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən musavat.com-a erməni tərəfinin iddiaları barədə bunu bildirdilər: “Onsuz da biz Ermənistanla müharibə şəraitindəyik və torpaqlarımızı azad etmək də bizim haqqımızdır”.


Tarix: 13-06-2018, 20:36
Xəbəri paylaş





Xəbər lenti