Ceyhun Bayramovun iddiasız nazir görüntüsü


Və bu görüntünün qurbanı olan uşaqlar

Yasamal rayonundakı "Kids studio” uşaq bağçasında baş verənlər məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinə qaytarılmasını yenidən aktuallaşdırıb. Bir neçə ildir ki, Azərbaycanda uşaq bağçaları Təhsil Nazirliyindən alınaraq, icra hakimiyyətlərinin tabeliyinə verilib. Sözügedən bağçada körpələrə qarşı zorakılıq faktları və qurumun yerli icra hakimiyyətinin icazəsindən kənar, lisenziyasız fəaliyyət göstərməsi aşkarlandıqdan sonra bu uşaq müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeliyinə verilməsi gündəmə gəlib. Məsələ Milli Məclisin iclasında da müzakirə edilib. Millət vəkilləri ən optimal variant kimi uşaq bağçalarının Təhsil Nazirliyinə qaytarılmasını təklif edirlər. Ekspertlər də hesab edir ki, məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinə tabe olması və bütün səlahiyyətləri bu quruma verilməlidir. Məktəbəqədər tərbiyyə təhsilin ilk pilləsi olduğuna görə ona məhz bu sahəyə cavabdeh olan qurum-Təhsil Nazirliyi məsuliyyət daşımalıdır. 

Qeyd edək ki, sözügedən məsələ bir müddət əvvəldən gündəmə gəlsə də, açıq qaldı və reallaşmadı.

Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov da “Cümhuriyət” qəzetinə açıqlamasında bunu xatırladıb: “İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) hələ 2015-ci il üzrə illik məruzəsində də məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılması məqsədəmüvafiq hesab edilib və xüsusi olaraq vurğulanıb ki, ibtidai sinfə hazırlıq prosesinin məktəbəqədər təhsil müəssisəsi ilə məktəblərdə təşkil ediləcək hazırlıq qrupları arasında parçalanması təhsilə hazırlanmada ciddi fəsadlar yarada bilər.

Ötən müddət ərzində məsələ ayrı-ayrı mütəxəssislər tərəfindən dəfələrlə gündəmə gətirilib. “Məktəbəqədər təhsil haqqında” Qanunun müzakirəsi ərəfəsində uşaq bağçaları, bütövlükdə məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılması məsələsi müzakirə edildi. Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin cavabından aydın oldu ki, belə məsələ yoxdur. Deputat demişdi ki, belə məsələdən söhbət gedə bilməz və indi bu məsələnin ortaya atılması da düzgün deyil. Bu, qanun predmeti deyil, ölkə prezidentinin fərman və sərəncamlarıyla müəyyən edilir". 

Ekspert xatırladıb ki, yeni təhsil naziri Ceyhun Bayramov da məhz bu məqamı vurğulayıb: “Nazir də açıqlama verib ki, məktəbəqədər təhsilin tətbiqi ilə bağlı müvafiq fərman imzalanıb və normativ hüquqi aktlar formalaşıb. Qanunvericilikdə qeyd olunub ki, məzmuna görə, məktəbəqədər təhsil müəssisələrinin saxlanılmasına görə səlahiyyətlər, onların funksiyaları hansı müvafiq icra hakimiyyəti qurumuna aiddir. Eyni zamanda, özəl məktəbəqədər təhsil müəssisələrinin mövcudluğu, onların bütün funksiyaları göstərilib. Bu baxımdan, Ceyhun Bayramovun məsələyə münasibəti başadüşüləndir”. 

Ekspert qeyd edib ki, təhsil naziri postuna təyinatın ilk günlərindən yeni səlahiyyətlər iddiasına düşmək şübhəsiz ki, cəmiyyət tərəfindən birmənalı qəbul olunmaz və yeni polemikaların yaranmasına rəvac verərdi: “Məlum olduğu kimi, 2011-ci ilin dekabr ayından etibarən bir sıra səlahiyyətlər, o cümlədən, məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyindən alınıb, icra hakimiyyəti orqanına verilib. Bunun da fəsadlarının bilavasitə şahidiyik. Düzdür, bir müddət sonra təmir tikinti və təchizat yenidən Təhsil Nazirliyinə qaytarıldı. Əbəs yerə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda qeyd edilməyib ki, məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi də aşağıdır. Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4, kəndlərdə 8,7, ölkə üzrə isə 16,5 faiz təşkil edir.

Son illərdə Bakı şəhərində yeni məktəbəqədər təhsil müəssisələrinin inşası və ya əsaslı təmiri istiqamətində atılan addımlar nəticəsində məktəbəqədər təhsillə əhatə səviyyəsi artaraq 27 faizə çatsa da, bu sahədə həllini gözləyən problemlər qalmaqdadır. Ölkənin yaşayış məntəqələrinin 75 faizində məktəbəqədər təhsil müəssisəsi yoxdur. Strategiyaya əsasən, məktəbə hazırlıq təhsilin (1il) icbariliyinin təmin olunması, erkənyaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılmasını hədəfləmişik, habelə idarəetmə islahatlarının başlıca istiqamətlərindən biri kimi təhsil prosesinin iştirakçıları arasında münasibətlər sisteminin, eləcə də tənzimləmə orqanlarının funksiyaları, səlahiyyətləri və cavabdehliyinin dəqiq müəyyən olunması, təhsil müəssisələrinin idarəetmə səlahiyyətlərinin və təhsilin nəticələrinə görə cavabdehliyinin artırılması vəzifəsini qarşıya qoymuşuq. Məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin aşağı olması da xüsusi vurğulanıb.

Ümumiyyətlə, istəsək də- istəməsək də təhsil bir mərkəzdən idarə olunmalıdır. Əgər nəzərə alsaq ki, təhsil vahid bir orqanizm, bir sistemdir və o, bir mərkəzdən idarə olunmalı və cavabdehliyi də konkret cavabdeh daşımalıdır. Bütün suallar da ona ünvanlanmalıdır. Bu vəzifələri lazımi səviyyədə yerinə yetirmək üçün isə ilk növbədə təhsil sahəsində dövlət siyasətini həyata keçirməyə məsul olan təhsilin ali idarəedici orqanı kimi Təhsil Nazirliyinin məktəbəqədər təhsillə bağlı səlahiyyətlərinə yenidən baxılması zəruridir. Digər tərəfdən, təhsilin varislik və fasiləsizlik prinsipləri var. Prinsiplərin pozulması təhsil sisteminin dayaqlarının sarsılması deməkdir. Məgər bu səlahiyyətlər icra hakimiyyəti orqanlarına verildikdən sonra problemlər azaldı? Əksinə, daha da artaraq, cəmiyyətdə mənfi rəyin formalaşmasına səbəb oldu.

Razılaşmalıyıq ki, təhsilin mühüm pillələrindən biri sayılan məktəbəqədər təhsil şəbəkəsinin Təhsil Nazirliyinə tabe olmaması tamlığı, bütövlüyü pozan bir amildir. Başqa sözlə, hazırda yerli icra hakimiyyəti orqanlarının təhsil strukturları məktəbəqədər təhsilin inkişafı, onun müasir tələblərə cavab verməsi üçün yetərli gücə və səriştəyə malik deyil. Hər halda, Təhsil Nazirliyinin tərkibində olsa, bu şəbəkənin təkmilləşdirilməsi və yeniləşdirilməsi istiqamətində çeviklik və mobilliyə nail olmaq olar. Hesab edirəm ki, təhsildə varislik və fasiləsizlik prinsiplərininin təmininə ilk növbədə uşaq bağçalarının yenidən Təhsil Nazirliyinə qaytarılmasından başlanılmalıdır. Bu, təhsilin bir sistem kimi vahid mərkəzdən idarəsi, ceviklik və mobilliyin təmini, cavabdehliyin və məsuliyyətin artırılması baxımından da məqbul hesab olunar”.

Alçina Amilqızı

Cebhe.info

Tarix: 16-06-2018, 23:28
Xəbəri paylaş





Xəbər lenti