Paşinyan da Qarabağ canisinin azadlığa buraxılmasına qarşı çıxdı - Baş Prokurorluq isə şikayət hazırlayır


“Məhkəmənin qərarı mənimçün gözlənilməz oldu”.

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan bu sözləri general Manvel Qriqoryanla bağlı qərarı şərh edərkən deyib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Paşinyan Qriqoryanla bağlı həbs-qətimkan tədbirini dəyişdirən məhkəmənin qərarının vətəndaşlar tərəfindən etirazla qaşılanmasını anlaşılan sayıb. “Mən adamların narazılığını başa düşürəm. Düzünü desəm, hətta bilmirəm ki, məhkəmə hansı əsasla belə qərar verib” - Paşinyan əlavə edib. O deyib ki, qərarı alıb tanış olduqdan sonra öz mövqeyini açıqlayacaq. Paşinyan istintaq prosesinin başa çatdırılmasını da zəruri sayıb.

Qeyd edək ki, M.Qriqoryan 21 dekabrda İrəvan məhkəməsinin qərarı ilə 25 milyon dram girovun qarşılığında azadlığa buraxılıb.

Ermənistanın Baş Prokurorluğu da məhkəmənin qərarına qarşı çıxıb. Məlumata görə, prokurorluq apellyasiya şikayəti verməyə hazırlaşır. Bununla bağlı qurumun mətbuat katibi Arevik Xaçatryan açıqlama verib. Onun sözlərinə görə, prokurorluq artıq məhkəmənin qərarını alıb. Qurum hesab edir ki, qərar kifayət qədər əsaslandırılmayıb və ona görə də apelyasiya şikayəti veriləcək.

Eçmiədzin şəhərində isə artıq ikinci gündür M.Qriqoryanın azadlığa buraxılmasına etiraz olaraq aksiyalar keçirilir.

Qarabağ müharibəsində ağır cinayətlər törətmiş general qanunsuz olaraq silah-sursat saxlamaqda ittiham olunur.


Tarix: 22-12-2018, 22:46
Xəbəri paylaş





Xəbər lenti