Dişlənmiş tema


“Altmış illik ömrüm oldu səndə bərbad, Ərdəbil!

Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!"

(Sabir)

Amerikada prezident seçkilərinə tək Rusiya yox, Çin və İran da “barmaq” uzadıbmış. Əcəb işdir. Axırda belə məlum olacaq Donald Trampı amerikalılardan başqa hamı seçibdir. Dünya dövləti oldun belədir də. Gələn dəfə yankilər xahiş eləsələr Məzahir müəllimi göndərərik, seçkilərin düzgün keçirilməsinə nail olar. Sağlıq olsun. İndi isə dönək öz qoyunlarımızın yanına - bir məsəldə deyilən kimi. Sadəcə, burada sözün əsl anlamında qoyunlardan danışırıq.

Kəndlilərə özünüməşğulluq üçün (məncə, biz bu dövlət proqramını müqəddəs kitab Bibliyadan tanıdığımız Onan müəllimin adıyla adlandıra bilərik) verilmiş qoyunlarla bağlı diskussiyalar davam etməkdədir. Dünən bir neçə kəndli qoyunların qoca olmasını, dişinin töküldüyünü, işə yaramadığını bildirmişdir. Qoyasan millət elə donquldansın... Açıb baxsan kəndlilərin heç çoxunun özünün dişi yoxdur, hökumət beləsinə niyə dişli qoyun verməlidir? Diş bizdə ciddi problemdir. Mal yiyəsinə oxşamasa haramdır - atalarımız demişdir. Əgər kəndlinin dişi yoxdursa, ona dişli qoyun versən qoyun onu basıb yeyəcəkdir, halbuki təbiət qanunlarına görə tərsinə olmalıdır. Elə, söz vaxtına çəkər, dünən hansısa rayonumuzdan vahiməli xəbər gəlmişdi, deyir qoyun sürüsü 2 kəndlini gövşəyərək udmuşdur. Hər qoyun bir-iki adamımızı yesə, bəs biz ərazi bütövlüyümüzü kiminlə bərpa edəcəyik, kommunizm quruculuğunu hansı qüvvələrlə aparacağıq?

“Şahdağ” turizm mərkəzinə bir almanın rəhbər qoyulması da bu cür əmək resursları çatışmazlığından baş veribdir. Orada hər il ziyan olurmuş. İndi alman gələndən sonra mərkəz xeyir verəcəkmi? Mümkündür. Qabaqlar bizdə Şirvan milli parkını qorumağı da almana tapşırmışdılar, çünki hansı azərbaycanlını müdir qoysan səhərisi qoruğun ətrafında ceyran kababı verən kafelər açılırmış.

Ancaq burada təbii miqrasiya proseslərini görməliyik. Alman bura gəlirsə, bizimkilər də Almaniyaya qaçır. Özü də orda oturub deyirlər dünyada azərbaycanlılar qədər qeyrətli xalq yoxdur, bizdə heç zaman öz qızını yaşlı və varlı kişilərə verən binamus atalar olmayıbdır, Üzeyir bəy “Məşədi İbad”ı yazanda qələtə yol veribdir. He-he. Müdriklər demişkən. Bəs sən niyə gəlib bu cür qəşəng yerdə qalmırsan? Niyə quyruğunu belinə alıb uçmusan? Gəl, ləzzət al da bə. Qaldı o ərə vermək məsələsi... Heç 100 il qabağa getməyə ehtiyac yoxdur ki. Bu dəqiqənin özündə balaca qızlarını “məşədilərə” satan “ata qırıntıları” azdırmı? Misal üçün, görürsən biri çıxır fəxrlə deyir məktəbli uşaqla evlənibdir. Bəs bu uşağın atası, sizcə, kimdir? Rüstəm bəyin prototipi deyilmi?

Temadan uzaqlaşmayaq, açığı, heç indi yadıma gəlmir tema nə idi. Şəhriyar demişkən: “Yaxşı bizi yaman günə saldılar”. Mövzu yaddan çıxanda, həmişə Cahangir müəllim köməyə gəlir. Beynəlxalq Bankın müdiri daima bir qıraqda kirimişcə durub istənilən anda boş yazılara yardım əlini uzadır, sağ olsun. Yazmağa heç zad olmayanda Cahangir müəllimdən yazmaq olur. Ona-buna, itə-qurda, arvad-uşağa milli pullarımızı dağıtmışdı, bizə də mövzu dağıdır. Verən əli kəsilməsin. Qaba ağacı qurumasın, xanım hey! Qısası, Cahangir müəllimin təzə məhkəməsi başlayır. Ya da artıq başlayıb, dəqiq bilmirəm. Yuxarıda yazdım axı: bu adamın məhkəməsi həmişə olmalıdır. Biri qurtardı, o birini başla. Fasiləsiz. Bayaq klassiklərimizdən dəm vurduq, onlardan biri yüz il qabaq xanın sevimli atına imalə dərmanı yazan həkimin acı taleyini nəsrə almışdı. Deyir xan qəzəblənir, əmr edir həkimin özünü imalə eləsinlər. Prosedurdan sonra at təsadüfən sağalır, bundan sonra haçan xanın atı xəstələnsə həkimi imalə edirmişlər. Bir gün at ölür, xan qəzəblənir, deyir nə üçün daimi çarəmizi eləməməsiniz. Nökərlər deyir, xan sağ olsun, həkim özü səkkizinci imalədən sonra ölmüşdü.

Nə isə, indi Canik müəllimin haqqında diskussiya açılıb ki, bunu siyasi dustaq saya bilərikmi. Bəzi yarıtmaz hüquq müdafiəçiləri deyir saya bilmərik. Niyə? Pulu azdır? Ya vermir? Yaxşı pul versə bizdə Çovdarovu və rəhmətlik Hacı Məmmədovu da siyasi məhbus elan etmək olar - ikincini ölümündən sonra. O qədər adama ölümündən sonra mükafat verilir, siyasi məhbus adı niyə verilməsin? Həbs ediləndə otağından 60 mənzilin kupçası çıxan Fərhad Əliyev siyasi dustaq ola bilirdi, bu niyə olmasın? Hətta kəndçisi, sonralar müxalifət lideri olmuş bəy onun siyasi hüquqlarını müdafiə komitəsini qayırmışdı.

Yoxsa siyasi məhbus sayılmaq üçün də adamın dişləri yerində olmalıdır, belə təzə kriteriya qoyulubmu?

Tarix: 26-12-2018, 08:41
Xəbəri paylaş





Xəbər lenti