“Donuz qripi” sərhəddə: Necə qorunuruq?


“Donuz qripi” sərhəddə: Necə qorunuruq?

Gürcüstanda H1N1 virusu ("donuz qripi") yayılıb. 

Ölkənin səhiyyə naziri David Sergeenkonun bildirdiyinə görə, xəstəlik nəticəsində iki nəfər ölüb. Ölüm halı Acarıstanda və Kutaisi şəhərində qeydə alınıb: 

"Hər iki şəxs yüksək risk qrupunda olub və təəssüflər olsun ki, onların həyatlarını xilas etmək mümkün olmayıb. Ümid edirik ki, vəziyyət epidemiya səviyyəsinə çatmayacaq". Səhiyyə naziri qrip virusu ilə bağlı vəziyyətin artıq epidemiya səviyyəsinin yarısına çatdığını qeyd edib. Gürcüstanda "donuz qripi"ndən ilk ölüm hadisəsi dekabrın 24-də qeydə alınıb.

Məlumdur ki, qonşu dövlət olan Gürcüstan ölkəmizlə sıx əlaqələri olan ölkələrdən biridir. Çoxsaylı soydaşımız yaşayan bu ölkə turist axını ilə bağlı göstəricilərdə ilk yerlərdən birini tutur. Eləcə də Yeni il bayramı günlərində gediş-gəlişin daha da artacağı gözlənilir. Bu baxımdan da xəstəliyin Azərbaycana keçmə ehtimalı böyükdür. 

Ölkəmizdə belə bir təhlükə mövcuddurmu, virusun keçməsinin qarşısının alınması istiqamətdə hansı işlər görülür?

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli “Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycanda “donuz qripi” ilə bağlı narahatçılığın olmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycanda 7 min baş donuz saxlanılır: 

“Dövlət Baytarlıq Xidməti hər il olduğu kimi, 2017-2018-ci illərdə epizootik tədbirlər planına uyğun olaraq, “qara yara” (sibir xorası) və klassik Afrika taununa görə, peyvəndləmə aparıb. Azərbaycanda bu xəstəliklə bağlı narahatlıq yoxdur. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən də hansısa ölkədə heyvanlar arasında qeydə alınması ilə bağlı bizə məlumat daxil olmayıb”.

Xəstəliyin xüsusiyyətlərindən danışan Yolçu Xanvəli bildirib ki, “donuz qripi” adətən, ilin soyuq fəsillərində müşahidə olunur: 

“Heyvanlarda temperaturun yüksəlməsi, ümumi zəiflik, yuxarı tənəffüs yollarının, gözün selikli qişasının, həmçinin ağciyərin iltibahı ilə səciyyələnir. Xəstəlik qrip virusunun A növünə aiddir. H1M1 tipidir. Virus 60 dərəcədə temperaturda 20 dəqiqəyə, 100 dərəcədə isə ani olaraq məhv olunan xəstəlik törədicisidir. Qripə yaşından, cinsindən asılı olmayaraq, bütün donuzlar yoluxsalar da, xüsusilə 2-8 həftəlik donuz balaları daha həssasdırlar. İnfeksiya mənbəyi xəstə donuzlar hesab edilməklə, onlar virusu burun axıntısı, asqıraq, öskürək, bəzən isə nəcis və sidik vaistəsilə xaricə ifraz edirlər. Əsas yoluxma hava yolu baş verir”.

Yolçu Xanvəli bildirir ki, soyuq və nəmli mühitlər xəstəliyin baş verməsi üçün münbit şərait yaradır: 

“Baytarlıq sanitariya qaydalarına əməl edilməyən şəraitdə yoluxma 100 faizə çata bilər. Ölüm isə 30-60 faiz arasında baş verir. Xüsusilə ikincili bakteriya ilə çirklənmə olarsa, donuzların tələfatı daha çox olur. Donuz qripi virusu insanlar üçün də çox təhlükəlidir. İnsanlar bu virusa donuzlarla təmas nəticəsində yoluxa bilərlər. Həm də virus insandan donuza və insandan insana keçmə qabiliyyətinə malikdir”. Baytarlıq Xidmətinin rəsmisi bildirir ki, xəstəliyin inkubasiya dövrü 1-2, nadir hallarda 6-7 günə qədər davam edə bilir: “Xəstəliyin ilkin dövrlərində temperatur 41 dərəcəyə qədər yüksələ bilir. 3 gündən sonra heyvanın vəziyyəti daha da pisləşir, ümumi zəiflik, depressiya baş verir. Xəstəliyin ilkin əlamətləri öskürmək, burundan seliyin axması və çətin nəfəsalmadır. Əzələlərdə, oynaqlarda ağrıların olması, ikincili infeksiya ilə əlaqədar pnevmaniyanın - yəni ağciyərin xəstələnməsinin baş verməsi də mümkündür. Donuz balaları arasında xəstəlik baş verərsə 60-70 faizə kimi ölümlə nəticələnə bilər”. Yolçu Xanvəli deyir ki, donuzçuluq təsərrüfatları nəzarət altındadır, onlara heyvanları qapalı şəraitdə saxlamaq tövsiyə olunub: “Xəstəliyin spesifik müalicəsi bu günə qədər tapılmayıb. Heyvanlarda yalnız sistematik müalicə aparılır. Əgər təsərrüfatlarda hansısa narahatçılıq olarsa, vaxtında Baytarlıq Xidmətinin yerli orqanlarına xəbər versinlər, həm karantin, həm də digər tədbirlər aparılsın ki, xəstəlik təsərrüfatlara və insanlara keçməsin. Daim diqqətli olsunlar. Xüsusilə təsərrüfatlarda çalışanlar sanitar gigiyenik qaydalara riayət etməlidirlər. Xəstəliyin insandan heyvana keçmək ehtimalı da olduğundan xəstə adamların təsərrüfatlarda çalışması yolverilməzdir”.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən isə “Cümhuriyət”-ə verilən məlumata görə,  bu virus və digər xəstəliklərin yayılmasının qarşısının alınması istiqamətində işlər aparılır: 

“Bu gün əhalinin sağlamlığının qorunması, insanlar üçün qlobal təhlükə törədən qrip, xüsusilə "donuz qripi" kimi tanınan A (H1N1) virusu və digər yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə də sərhəd gömrük-buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq iş aparılır. Bununla əlaqədar, öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı, əzələ və oynaq ağrıları və s. simtomplarla özünü büruzə verən, xəstəliyi hava-damcı yolu ilə sağlam insanlara keçirə bilən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər üsullarla tibbi-sanitariya yoxlaması həyata keçirilir. Xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün lazımi şərait yaradılıb və zəruri əşyalarla təchiz olunmuş yerlər müəyyən edilib”. Qurumdan bildirilib ki, həmçinin, xüsusi qoruyucu geyimlərdən istifadə etməklə nəqliyyat vasitələri üzərində dezinfeksiya tədbirləri də həyata keçirilir. Eyni zamanda, fiziki şəxslərin hava nəqliyyatı vasitəsilə ölkəyə gəlişi zamanı, Mülki Aviasiya Təşkilatı tərəfindən qəbul edilmiş və ekipajın müvafiq üzvləri tərəfindən imzalanmış hava gəmisinin "baş bəyannaməsi" sənədinin tibbi-sanitariya hissəsinə uyğun olaraq, müvafiq tibbi-sanitariya nəzarəti məsələlərinə dair məlumatların gömrük orqanına təqdim olunması tələb edilir. Bundan başqa, Səhiyyə Nazirliyi, habelə şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərləri ilə məlumat mübadiləsi və digər zəruri qarşılıqlı fəaliyyətin təşkili üçün mütəmadi əlaqə mexanizmləri müəyyən edilib.(Cebhe.info)


Tarix: 27-12-2018, 15:34
Xəbəri paylaş





Xəbər lenti