Sürücüsüz avtobus


“Dostum Sanço, mən sənin səhvlərin və yanlış hərəkətlərin haqqında eşidəcəyimi düşünürdüm, bunun əvəzinə sənin iti ağlın barədə eşitdim və yoxsulu torpaqdan qaldırıb, axmağı ağıllıya döndərən Allah-taalaya xüsusi minnətdarlıq etdim”

( Migel de Servantes, “Lamançlı Don Kixot”)

Deyir, Bakıya sürücüsüz avtobuslar gətiriləcəkdir. Açığı, heç xəbərin içini oxumadım, bilmirəm söhbət nədən gedir. Ancaq elə bu dəqiqə paytaxtımızda sürücüsüz nə qədər avtobus şütüməkdədir. İki gün qabaq mən bunlardan birinə minmişdim. 67 nömrəli marşrutda işləyən, identifikasiya (bunu “eyniləşdirmə” kimi dilimizə çeviriblər, guya təzə söz qayırıblar, məncə, heç yerinə oturmayan mənasız sözcükdür; ümumiyyətlə, beynəlxalq terminləri bəzən olduğu şəkildə saxlamaq daha yaxşıdır) nömrəsi 35024 olan bu avtobus istədiyi dayanacaqda saxlayır, istəmədiyini ötüb keçirdi. Sərnişinlər nə qədər etiraz etsələr də xeyri olmurdu. Nəhayət, birtəhər saxlatdırıb düşəndə gördük bunun sürücüsü yoxdur. Kreslo boşdur! O qədər sevindik, Bakı Nəqliyyat Agentliyinin müştəri şikayətlərinə baxan 141 xidmətinə zəng edib minnətdarlığımızı bildirdik. Zəngimizə cavab alanacan “Makroform” qrupunun “Cold Day” mahnısına da xeyli qulaq asıb feyziyab olduq. Doğrudan soyuq gün idi.

Sözgəlişi, bu yaxında bir məclisdə riyaziyyatçı alimlə (adının çəkilməsini istəməyən Məmməd müəllimlə) görüşdüm, deyir, telekanalizasiyalardan biri məndən intervü aldı, lakin efirə vermədi. Alim dostumuz həmin süjetdə Xətai rayonunun artıq keçmiş icra başçısı Razim müəllimə təşəkkür edibmiş: “Dedim, çox sağ olsun, bizi insan sayır, rayondakı bütün ağacları kəsir. Biz heyvan deyilik ki, meşədə yaşayaq? Xahiş eləmişdim filan küçədə 2 dənə ağac hələ qalır, onu da kəssin, rayon tam insan məskəninə oxşasın, ancaq yaramaz müxbir verilişi göstərmədi”.

Acınacaqlı haldır. Müxbirin hərəkətini deyirəm. Belə edirsiniz, xalqda jurnalistikaya, dördüncü hakimiyyətə dörd qram hörmət qalmır. Hörmət demişkən, təsadüfən Əkrəm Əylislinin “Azadlıq” radiosuna intervüsünə baxdım. Əkrəm bəy orda jurnalistlərin hökumətdən ev almasını haqlı tənqid edir, ümumiyyətlə, KİV-in, yazıçının hökumətdən asılı olmasını pisləyir. Xub, necə deyərlər. Ancaq bunu deməyə Əkrəm bəyin nə qədər haqqı var? Özü sovetin vaxtında komsomol mükafatından tutmuş SSRİ yazıçılar ittifaqı rəyasət heyətinin üzvlüyünə qədər hər cür ənam almış adam olub. O cümlədən, içində yaşadığı, Bakının ən bahalı və mərkəzi hissəsindəki mənzili yazıçı qismində hökumətdən pulsuz alıb. Müstəqillik dövründə deputat kreslosundan cürbəcür medallara, xalq yazıçısı adınacan alıb. Düzdür, axırda bir cızmaqaraya görə az qala hər şeyini itirib, ancaq dünən nöşün alırdın axı? Almazdın da. Guya sənə o ödülləri verən hökumətlərin Allahın bacısı uşaqları olmadıqlarını bilmirdin? Əkrəm bəy mənim dostumdur, ancaq həqiqət daha əzizdir. Hər halda, mən bu görkəmli və istedadlı yazıçımızın haçansa o ödülləri, ənamları almağa görə peşmanlıq çəkdiyini eşitməmişəm. O vaxt sən almısan, indi də başqaları alır. Əhvalatın sadə məzmunu budur. Rəhmətlik Cəlal əmi demişkən, almısan, sus. İndi 37-ci ildən danışırsan, əcəb edirsən e, ancaq sovet vaxtı niyə demirdin? Elə bil 60 il araq içib, günah işlədib 70 yaşında Məkkəni ziyarət edirsən, tövbə edib, hacı olursan. Yaraşmır. Sovet vaxtı cəhənnəm, 2000-ci illərdə 5 il deputat oldun, bir dəfə xalqdan danışmadın. Bunu hara yazaq? Elə bilirlər unutqan millətik, hər şeyi yaddan çıxardırıq. Çıxmır, vallah. Hörmət elədiyimiz adamlar yara vuranda heç çıxmır.

Ümumiyyətlə, biz əndrəbadi millətik. Bir qadın avtomobil körpüsünün üstünə çıxıb intihar edəcəyini bildirmişdi, hamı, içində polislər və sairə olmaqla, elə körpünün üstündə qadının başına yığışmışdı. Aşağıdakı sürətli yolla isə maşınlar şütüyürdü. Bir adam fikirləşmirdi ki, körpünün altında hərəkəti dayandırmaq, nəsə mühafizə örtüyü çəkmək lazımdır. Adam aşağı atılacaqsa, onu yuxarıda tutmaq olarmı? Lap o məsəlimizdəki durum idi: bizi çay aşağı axıdıb, çay yuxarı gəzirlər.

Tapılmayacağıq. 2019 üçün proqnozum budur.

Zamin HACI
Tarix: 29-12-2018, 09:01
Xəbəri paylaş





Xəbər lenti